“Biz bütün diqqətimizi işğaldan azad olunmuş ərazilərin bərpasına və vətəndaşlarımızın ora köçürülməsinə yönəltməliyik. Görürsünüz ki, bu ərazilərdə erməni təxribatları baş qaldırmaq istəyir. İnsanlarımızı ora köçürməliyik ki, bu təxribatlar minimuma ensin. İnsanlar ora köçəndə boşluq xeyli şəkildə aradan qaldırılacaq. Biz təkcə sülhməramlılara, digərlərinə arxayın olmamalıyıq. Biz öz ordumuza, ordan köçmüş Azərbaycan xalqına arxayın olmalıyıq”.
Hafta.az xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin davam edən iclasında söyləyib. Onun sözlərinə görə, bir il hansısa kənddə, rayonda hansısa problem qala bilər: “Bu bir ildə bütün diqqəti işğaldan azad edilmiş ərazilərə yönəltməliyik”. S.Novruzov qeyd etdi ki, şəhid ailələrinin, yaralıların ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də addımlar atmaq lazımdır. “Onlarınm işığa, qaza olan borcları da ləğv olunmalıdır”, deyən deputat qeyd etdi ki, təbliğat materiallarınə təqdim edərkən məsələnin mahiyyəti sırf maddiyyata yönəlməməlidir: “Biz maddiyyatı onların igidliyindən üstün təqdim olunmamalıdır. Bunlar muzdlu orduda döyüşməyib ki. Onların elələri var ki, qaçıb gizlin avtobusa miniblər, Vətən həsrəti onları döyüşlərə aparıb. O insanlar ən yüksək təminata, ən yüksək şəraitə layiqdirlər. 200 illik erməni təcavüzünü darmadağın etdilər. Ona görə də onların xidmətlərini maddiyyatla ölçmək düzgün deyil, amma maddi problemləri də həll olunmalıdır”.