Sosial cəbhənin əsgərləri – Müğənni Ayaz Babayevlə müsahibə

12:57 18.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən ayın 27-dən başlayaraq cəbhədə yaranmış gərginlikdən sonra, xalqın hər bir nəfəri, birlik-bərabərlik nümayiş etdirir. Buna tez-tez və dəfələrlə uşaqların təbəssümündə, yaşlıların duasında, şəhid anasının “o biri oğlum da, bu vətənə qurban olsun” cümləsində şahid oluruq. Artıq 20 gündür ki, ön cəbhədə əsgərlərimiz, arxa cəbhədə isə xalq düşmənlə qarşı-qarşıyadır.

Bu mübarizədə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması çox vacib məqamdır. Nəzərə almalıyıq ki, uzun illərdir erməni lobbisi dünyaya saxta “fakt”lar təqdim edib, haqq səsimizi boğmağa çalışır. İnformasiya müharibəsində, sosial şəbəkələrin rolu isə əvəzsizdir. Son vaxtlar, sosial şəbəkələrdə apardığı uğurlu təbliğatla yüzlərlə gənci ətrafına toplayan tanınmış müğənni Ayaz Babayev bu barədə hafta.az-a danışdı. İlk sualımız isə, “necə oldu ki, bu işə başlamağa qərar verdiniz” oldu. İfaçı dedi ki, gününün 15-16 saatını təbliğata həsr etsə də yorulmur, gördüyü işlərdə, ordumuzdan, əsgərlərimizdə olan ruh yüksəkliyindən ilham alır:

“Normalda 1 quruma 1 yaxud 5 şikayət daxil olursa, bu məsələyə baxılmır. 100 şikayət gəlirsə, məsələ haqqında düşünülür, lakin 1000 şikayət gəlirsə, bu zaman məsələnin həlli yolları axtarılır, 5000 şikayət gəldikdə isə qorxurlar. Mən fikirləşdim ki, tək-tək sözümüzü çatdırmağa çalışmaqdansa, bir yerdə 5000-10000 nəfər təbliğat edib, nəticə əldə edə bilərik”.

Müğənni gördüyü işlərdə, özünün və komandasının birgə əldə etdiyi uğurlardan da bəhs etdi:

“Arsenalın Türk əsilli futbolçusu Mesut Özil, özünün 45 milyon izləyicisi olan sosial şəbəkə hesabında Azərbaycana dəstək mesajı paylaşdı. Müharibə günlərdir davam etsə də, futbolçu bu haqda fikir bildirməmişdi, lakin bizim müraciətlərimizdən 2 saat sonra paylaşım etdi. Bundan əlavə Naomi Kembel kimi dünyaca məşhur modelə sosial şəbəkə üzərindən müraciətlər ünvanladıq. İlk əvvəl məni öz hesabında blok etdi, daha sonra koment bölməsini izləyiciləri üçün bağladı, və bütün şərh yazan azərbaycanlıları bloka atmağa başladı.

Elton Con düşmənə öz dəstəyini nümayiş etdirmişdi, qrupumuz məsələyə əl atdıqdan 1 saat sonra Azərbaycan xalqından üzr istədi. Kardi B  də həmçinin, düşmənə dəstək nümayiş etdirdi, 7 saat ərzində insanlar ona müraciət etsələr də, buna məhəl qoymadı. Daha sonra bizim qrup üzvləri cəm şəkildə həqiqətlər əks olunmuş mesajları ona yolladı və o xalqımızdan araşdırmadan paylaşım etdiyi üçün üzr istədi. Belə məşhurların sırasında tanınmış model Neels də var. O da, 2-3 milyon izləyicisi olan profilindən ilk öncə düşmənin haqsız mövqeyini müdafiə edirdi. Mən ona,“New York Times”  qəzetinin vaxtında Xocalıda çəkdiyi kadrları və başqa dəqiq məlumatlar yolladım, hətta, özü ilə də danışdım. Daha sonra o da, profilində Xocalı həqiqətlərini paylaşdı”.

Müsahibimiz onu da söylədi ki, hazırda erməni səhifələri onun sosial şəbəkələrdəki profillərini şikayət edirlər:

“Bu gün biz birlik nümayiş etdirib, apardığımız təbliğatla sözün əsl mənasında erməni lobbisini döyürük. Hazırda mənim kimi, təbliğat aparan bir neçə insan var, onlar da sırf ingilis dilində tarixi faktlarla erməniləri çökdürür. Bizim digərlərindən ən böyük fərqimiz odur ki, bunu toplu şəkildə edirik. Nəticədə hər birimiz birik. Mən gün ərzində 16 saat, evdən bayıra çıxmadan, sosial şəbəkələrdə məhz bu işlə məşğul oluram. Bu əməyi kimsə öz adına çıxaranda təbii olaraq insana xoş gəlmir. Hər zaman istiyərəm ki, biz güclərimizi birləşdirək, əldə etdiyimiz uğur tək mənim uğurum deyil, bu hamımızın uğurudur”.

Sənətçi bildirdi ki, hərdən ona, “niyə cəbhə bölgəsinə getmirsən”, “niyə şəhid olmursan” tibli sual verənlər də olur. Onlar düşünür ki hamı müharibəyə getməlidir, bu isə mümkün deyil:

“Bəzi məqamlar var ki, inşallah qələbə qazandıqdan sonra onları demək, paylaşmaq olar. Mən son vaxtlar 4 dəfə cəbhə bölgəsində olmuşam. Belə şeyləri çəkib göstərməyi sevmirəm. Lakin, 4 cü  gedişimdə oradan əsgərlərlə şəkil paylaşdım. Apardığım sovqatları və əsgərlərimizə yazdığım məktubu isə, paylaşmaqda məqsədim o idi ki, bunu hamı etsin. İndi, demək olar ki, hər kəs əsgərə məktub yazır, bu sevindirici haldır”.

A.Babayev onu da vurğuladı ki, qazi ailəsində böyüyüb, atası Laçın könüllüsüdür. Elə cəbhəyə də ilk onunla yollanıb:

“Mən zamanında yüksək vəzifəsini qoyub, könüllü olaraq vətənin müdafiəsinə gedən kişinin övladıyam. Atam Qarabağ qazisidir, prezident tərəfindən fəxri medalı var. Özüm də, səfərbərlik xidmətində qeydiyyatdan keçmişəm və ehtiyac yaranasa sevə-sevə döyüşə gedərəm. Mənim “Azərbaycan” şeirim var idi, bu yaxınlarda sonluğunu dəyişib, Səməd Vurğunun “Vətən Keşiyində” şeirindən “Bilsin ana torpaq, eşitsin Vətən, müsəlləh əsgərəm mən də bu gündən” əlavəsini etdim. İnanıram ki, bu gün ölkəmizdə elə bir adam olmasın ki, özünü əsgər kimi hiss etməsin”.

Bu gün Azərbaycan əsgəri cəbhədə yeni bir tarix yazır, işğal altında olan torpaqlarımız azad edilir. Bu zəfəri bizə yaşatdığı üçün ordumuza və ali baş komandanımıza təşəkkür edirik. İnanırıq ki, bu çətin, lakin bir o qədər də şərəfli missiyadan xalq olaraq hər zamanki kimi üzü ağ çıxacağıq.

Banu

Oxunma sayı 1460