“Atadan Oğula” filminin rejissoru Derek Kianfrance, Bredli Kuperin yenidən yazılmış ssenarini gördükdən sonra filmi tərk etmək üzrə olduğunu bildirib.
Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, baş rollarda Rayan Qoslinq və Eva Mendesin çəkildiyi kriminal dramın ssenari müəllifi də olan rejissor “IndieWire”a müsahibə verib.
Kianfrance, çəkilişlər başlamazdan əvvəl filmin "hər sözünü" yenidən yazmaq üçün ssenarist Darius Marderi işə götürdüyünü söyləyib. Bununla belə, 50 yaşlı rejissor əlavə edib ki, “Star Is Born” filmi ilə tanınan məşhur aktyor yeni ssenarini oxuyan zaman dəyişikliklərdən o qədər də razı olmayıb.
Bredli Kuper filmin yarısında Rayan Qoslinqin canlandırdığı oğrunu öldürən polis məmuru Averi rolunu oynayıb.
"Mən Marderə ssenarini verdim, onun çoxlu qeydləri var idi və dediklərinin çoxu ilə razılaşdım. Beləliklə, çəkilişdən 6 həftə əvvəl biz hər sözü yenidən yazdıq", - Kianfrance deyib.
“Yadımdadır ki, Bredli Kuperə “Atadan Oğula” üçün yeni ssenarinin bir nüsxəsini verdim və ondan “Qardaşım, sadəcə bilməni istəyirəm ki, yeni layihəni oxudum və mən artıq yoxam” deyən səsli mesaj aldığımı xatırlayıram”, - o, əlavə edib.
Kianfrance, Kuperin məyus olduğunu bildirərək, bunun "onların çəkməyə razılaşdıqları film olmadığını" iddia edib.
Rejissor bu il “Maestro” filmi üçün Oskar nominasiyaları qazanan Kuperə baş çəkərək fikrini dəyişməyə çalışıb.
“Monreala getdim, gecə yarısından səhər saat 3:30-a kimi onunla uzun-uzadı söhbət etdim və onu işə qaytardım. O, sadəcə son 5 dəqiqədə razılaşdı. Məncə o, sadəcə yorğun idi, yatmaq istəyirdi”, - rejissor deyib.
2012-ci ildə Toronto Film Festivalında premyerası olan “Atadan Oğula” kriminal dramında Qoslinq, Mendes və Kuper, həmçinin Ben Mendelson, Rouz Birn, Maherşala Əli, Brüs Qrinvud və Rey Liotta rol alıb.
Film kino tənqidçilərindən yüksək rəylər alsa da, “İndieWire”dan Kevin Cagernaut “Atadan Oğula” filmini "iddialı bir epik" kimi təsvir edib.