“Taliban” hərəkatı şair və dövlət xadimi Əmir Əlişir Nəvainin Məzari-Şərifdəki Telekommunikasiya meydanında yerləşən heykəlini tamamilə dağıdıb.
Hafta.az-ın yazdığına görə, bu barədə yerli mənbələrə istinadən “Amu” nəşri məlumat yayıb. Qeyd olunur ki, “Taliban”ın bu hərəkəti türk mənşəli bir çox müəllim və siyasətçilərdə hiddət yaradıb.
Onlar iddia edirlər ki, “Taliban” nəinki digər etnik qrupların mənəvi dəyərlərinə və bəşəriyyətin tarixi nailiyyətlərinə əhəmiyyət vermir, həm də ölkənin mədəni-tarixi kimliyini məhv və deqradasiya etməklə məşğuldur.
“Taliban” hərəkatının administrasiyası hələlik bu hadisəyə münasibət bildirməyib.
Qeyd edilir ki, Əlişir Nəvainin heykəli onun xatirəsinə təxminən 17 il əvvəl Məzari-Şərif şəhər rəhbərliyi tərəfindən şəhərin üçüncü məhəlləsindəki Telekommunikasiyalar kəsişməsində ucaldılıb.
Özbəkistan XİN-in mətbuat katibi Axror Burxanov, vəziyyətdən xəbər tutan nazirliyin bununla bağlı rəsmi izahat almaq üçün Əfqanıstan hökumətinin rəsmiləri ilə əlaqə saxladığını deyib.
“Alınan məlumata görə, Əlişir Nəvainin abidəsinin ucaldıldığı yer böyük alimin xatirəsinə layiq olmadığından, şair və mütəfəkkir üçün daha möhtəşəm kompleks tikilməli olduğu üçün abidə yerli hakimiyyət orqanları tərəfindən götürülüb. Eyni zamanda, söküntü işlərinin Əfqanıstanın Mədəniyyət və İnformasiya Nazirliyi və geniş ictimaiyyətlə razılaşdırılmadığı vurğulanıb və Əfqanıstan tərəfi yaranmış vəziyyətdən təəssüfləndiyini bildirib”, - deyə məlumatda bildirilir.
Əlavə edilib ki, Əfqanıstan hökumətinin nümayəndələri təkcə Özbəkistan üçün deyil, həm də Əfqanıstan xalqı üçün mühüm əhəmiyyət kəsb edən Əlişir Nəvainin xatirəsinin layiqincə əbədiləşdiriləcəyini təsdiqləyib, böyük şair və mütəfəkkirin şərəfinə ayrıca abidə ucaldacaqlarına söz veriblər. O cümlədən, ərazinin abadlaşdırılması, şairin həyat və yaradıcılıq irsi haqqında məlumatların əks olunduğu kitabələrin bərpası, qüvvədə olan qərarlara uyğun olaraq yeni abidənin ucaldılması, onun yerləşdiyi əraziyə dahi şair Əlişir Nəvainin adının verilməsinin nəzərdə tutulduğu açıqlanıb.