Taylor Sviftin konsertləri Asiyada böhran yaratdı

09:50 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sinqapur hökumətinin Cənub-Şərqi Asiya ölkələri arasında sadəcə öz ərazisində konsert vermək üçün Taylor Sviftə təxminən 18 milyon dollar ödədiyi iddiası müzakirələrə səbəb olub.

Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, dünya şöhrətli pop ulduzun Eras turnesinin Cənub-Şərqi Asiya mərhələsi zamanı yalnız Sinqapurda 6 gün çıxış etməsi üçün hökumət Sviftə ən azı 18 milyon dollar ödəyib.

Digər tərəfdən, Sinqapurun mədəniyyət naziri Edvin Tonq, dövlətə məxsus xəbər saytı CNA-ya dünən verdiyi açıqlamada, rəqəmin "iddia edildiyi qədər yüksək olmadığını" desə də, sənətçiyə nə qədər pul ödənildiyini açıqlamayıb.

Mədəniyyət Nazirliyinin sözçüsü Calida Soh da ödənişin edildiyini təsdiqləyib, lakin rəqəmi paylaşa bilməyəcəyini bildirib.

BBC və “Wall Street Journal” Sinqapurun bu addımının region ölkələri arasında "düşmənçilik yaratdığını" yazıb.

Tailandın baş naziri Sretza Zavisin fevralın 20-də verdiyi açıqlamada Sinqapur hökumətinin sırf ölkədə çıxış etmək üçün Sviftə hər konsert üçün 2-3 milyon dollar ödədiyini iddia edib. Tailand lideri bu təxmini rəqəm haqqında məlumatı konserti təşkil edən AEG şirkətindən aldığını bildirib.

Filippin parlamentarisi Coy Salceda verdiyi açıqlamada, "Ölkələrimiz dostdur, ona görə də bu cür hərəkətlər bizi üzdü" deyib. Salceda həmçinin Filippin Xarici İşlər Departamentindən Sviftlə müqavilənin təfərrüatlarını açıqlamaq üçün Sinqapur administrasiyasına təzyiq göstərməyi xahiş edib.

Xəbərdə martın 2-3-4 və 7-8-9-da baş tutacaq konsertlərə ən azı 300 min bilet satıldığı və əksəriyyətinin əcnəbilərin alındığı bildirilib.

Sinqapurda 5 ulduzlu Marina Bay Sands otelində keçiriləcək konsert üçün VIP paketlərin qiymətləri təxminən 40 min dollardır. Son dəqiqə biletlərinin qiyməti hər konsert üçün 300-8000 dollar arasında dəyişir.

34 yaşlı pop ulduzun Asiyada əvvəlki dayanacağı Yaponiya olub. Svift 7-10 fevral tarixləri arasında paytaxt Tokioda 4 konsert verib.

Oxunma sayı 256