Tom Kruz çəkilişi dayandıraraq köpək balıqları ilə üzməyə getdi

10:00 15.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Komediya aktyoru Simon Pegg, “Mission Impossible”də rol aldığı həmkarı Tom Kruzla "gülməli super ulduz həyatı" ilə necə lağ etdiyini açıqlayıb.

Hafta.az-ın “Evening Standard”a istinadən yazdığına görə, 2006-cı ildə çəkilmiş “Mission Impossible III” filmində baş rolda oynayarkən Kruzla yaxın dost olan 53 yaşlı komediya aktyoru Hollivud ulduzunun əldə edə biləcəklərinin heç bir həddi olmadığını bildirib.

BBC-nin radio proqramında qonaq olan Pegg, məşhur aktyorun şöhrətinə toxunaraq, "Mən həmişə onunla lağ edirəm" deyərək Cənubi Afrikada Kruzla çəkiliş zamanı baş verənləri dilə gətirib. “Səhər dağda çəkiliş aparırdıq, sonra o, birdən köpək balıqları ilə üzmək istədiyinə qərar verdi və bizi helikopterlə Cənubi Afrikanın dənizkənarı bölgəsinə apardı. Bz onunla bu xüsusi səyahəti etdik və köpək balıqları ilə suya daldıq. Bu gün əsl Tom Kruz günü idi”,  - o, deyib.

Britaniyalı komediya ustası sayentologiya kultunun üzvü olan Kruzdan şəxsi həyatı və ya şəxsi inancları barədə soruşmamağa diqqətli olduğunu bildirib.

“Yox, mən ondan belə şeylər soruşmuram. Onunla münasibətim çox sadə və mehribandır. Biz dostuq. Hamı onu çox istəyir... Bu, ona enerji verir və həvəsləndirir. Mən olsaydım, bunu çox stresli və hədsiz hiss edərdim, bir növ geri çəkilmək istərdim”, - Pegg bildirib.

Pegg “Mümkün olmayan Missiya” filminin çəkiliş meydançasında başlayan spirt problemi və depressiyadan da danışıb. “Həyatınızda belə bir şey baş verəndə çox hiyləgər olursunuz. Heç kimin fərqinə varmadan bunu necə edəcəyinizi düşünürsünüz, çünki o sizi ələ keçirir. Ələ keçməmək üçün əlimdən gələni etsəm də, gizlənə bilmədim. Amma xoşbəxtlikdən sonra dibdən çıxa bildim”, - deyib komediya ustası.

Oxunma sayı 332