Tramp Prezident İlham Əliyevin qlobal sülhə verdiyi töhfəni təqdir etdi - Deputat

15:50 20.02.2026
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 19-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində keçirilən Sülh Şurasının ilk iclasında iştirakı mühüm əhəmiyyət daşımaqla yanaşı, təsadüfi hadisə deyil. Azərbaycan Prezidenti ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həmin iclasda iştirak edib. ABŞ Prezidenti isə yüksək səviyyəli tədbirdə çıxışı zamanı ötən ilin 8 avqust tarixində Vaşinqtonda keçirilmiş üçtərəfli zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında paraflanmış sülh sazişi və birgə bəyanatı təqdir edərək, dövlətimizin başçısının ünvanına xoş fikirlər səsləndirib.”

Bunu Hafta.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı ABŞ-ın təsis etdiyi Sülh Şurasında Azərbaycan rəhbərinin iştirakı və bunun əhəmiyyəti barədə şərh verərkən bildirib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində mühüm addımlar atılıb. İşğal altında olmuş torpaqlarımız azad edildikdən dərhal sonra dövlətimizin başçısı Ermənistan tərəfinə sülh və əməkdaşlıq çağırışları ünvan edib. Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təşəbbüsü, o cümlədən saziş mətninin hazırlanması məhz Azərbaycan tərəfi tərəfindən irəli sürülüb.

Onun sözlərinə görə, bu addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Son tədbirdə Prezident Donald Tramp Azərbaycanın, xüsusilə də Prezident İlham Əliyevin qlobal sülhə verdiyi töhfəni təqdir edib. ABŞ Prezidenti həmçinin dövlətimizin başçısının Ermənistanın Baş naziri Nikol Paşinyan ilə tədbir çərçivəsində görüşünü və səmimi dialoqunu müsbət dəyərləndirib.

M. İbrahimqızı hesab edir ki, Prezident Trampın bu görüşü xüsusi qeyd etməsi Azərbaycanın qlobal sülh və təhlükəsizlik prosesində oynadığı rolu bir daha nümayiş etdirir və dövlət başçımızın regionda və beynəlxalq müstəvidə həyata keçirdiyi uzaqgörən və praqmatik diplomatik fəaliyyətə verilən yüksək qiymətin ifadəsidir:

“Bütün bunlar gələcəkdə regionda və beynəlxalq səviyyədə, xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanacağına inamı daha da artırır. ABŞ-ın moderatorluğu və Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində Azərbaycanın strateji mövqelərinin möhkəmləndiyi aydın görünür. Qeyd olunan amillər regionda əmin-amanlığın, davamlı sülhün və qarşılıqlı əməkdaşlığın təmin edilməsində, eləcə də gələcək sülh təşəbbüslərinin reallaşdırılmasında mühüm rol oynayacaqdır.”

Tahirə Qafarlı