Hindistan rəsmiləri ölkənin Rusiya xam neftini almağa davam etdiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, yerli ANI agentliyinə danışan mənbələr bildirib ki, Hindistan neft emalı zavodları satınalma qərarlarını “qiymət, neftin keyfiyyəti, mövcudluq, logistika və digər iqtisadi amillər” əsasında verir.
Indian Oil Corp (IOC), Bharat Petroleum Corp Ltd (BPCL) və Hindustan Petroleum Corp Ltd (HPCL) kimi böyük enerji şirkətlərinin Rusiya neftini almağa davam etdiyi bildirilir.
ANI-nin mənbələri, “Dünyanın üçüncü ən böyük enerji istehlakçısı olan və xam neftə olan tələbatının 85 faizini idxal hesabına qarşılayan Hindistan beynəlxalq normalara uyğun olaraq enerji təhlükəsizliyini təmin etmək üçün təchizat mənbələrini şaxələndirib” ifadəsini işlədib. Bu bəyanat ABŞ prezidenti Donald Trampın iyulun 30-da Hindistanın Rusiyadan neft alışını dayandırması ilə bağlı iddiasına ziddir.
Tramp administrasiyasının avqust ayından başlayaraq Hindistan mallarına 25 faiz tarif tətbiq etmə qərarına baxmayaraq, Yeni Dehlinin enerji ehtiyaclarını ödəmək üçün Rusiya ilə ticarətini davam etdirdiyi anlaşılır. TASS-ın hökumətdəki mənbələrə istinadən verdiyi məlumata görə, Hindistan hakimiyyəti neft emalı zavodlarına Rusiya neftinin alınmasını dayandırmaq barədə göstəriş verməyib. Ekspertlər bildirirlər ki, Hindistan enerji təchizatı təhlükəsizliyini Qərblə münasibətlərlə balanslaşdırmağa çalışır.