Trampın dostu olan vəkil niyə Paşinyana müxalif şəxsləri müdafiə edir? - Analitikin şərhi

11:16 17.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son aylar Ermənistanda bəzi maraqlı və ziddiyyətli hadisələr baş verir. Məsələn, 8 avqustdakı Vaşinqtonda İlham Əliyev-Tramp-Paşinyan görüşlərindən cəmi 3 gün sonra, yəni avqustun 11-də ABŞ prezidenti Trampın yaxınlarından hesab edilən dünya şöhrətli, respublikaçı vəkil Robert Amsterdam İrəvana gəlir və hay-küylə bəyan edir ki, Paşinyanın əsas rəqibləri olan kilsənin və Putinin milyarder “desant”ı Samvel Karapetyanın, başqa sözlə, Rusiyanın agentləri və adamlarının, yəni baş nazir Paşinyanı hakimiyyətdən devirməyə çalışan müxalif şəxslərin hüquqlarını müdafiə edəcək. Özü də onların haqları tapdanan xristianlar olduğunu xüsusi vurğulayır. Bu günlərdə Amsterdam yenə bəyan edib ki, Karapetyan həbsdə qaldıqca Ermənistan hücuma məruz qalacaq. Halbuki cəmi respublikaçı məşhur vəkilin İrəvana gəlişindən 3 gün öncə Ağ Evdə prezident D.Tramp baş nazir N.Paşinyanla şifahi söhbətlər və imzalanmış sənədlərlə Ermənistanın təhlükəsizliyinə zəmanət vermişdi. Görəsən, bunu necə anlamaq olar, nə baş verir?

Siyasi şərhçi Heydər Oğuz mövzu ilə bağlı hafta.az-a açıqlamasında deyib ki, amerikalı vəkillərin erməni din xadimlərini və Rusiyanın agentura şəbəkəsini müdafiə etməsi təəccüblü deyil:

“Dünyanın bütün güc mərkəzləri Türkiyə və Azərbaycan arasında yerləşən strateji əhəmiyyətə malik Ermənistandakı təsir rıçaqlarını ələ keçirməyə çalışır. Çünki bu təsir rıçaqları artıq Rusiyanın əlindən çıxmaqdadır və istənilən zaman Türk dünyasına qarşı istifadə oluna bilər. Dünyanın qurulmaqda olan yeni nizamında çox önəmli rol oynayacağı ön görülən Türk dünyasını vahid bir bədən kimi təsəvvür etsək, Türkiyə onun başı, Orta Asiya gövdəsi, Azərbaycan isə gövdə ilə başı birləşdirən boğazı kimidir. İstənilən gücün və ya təhlükənin boğazından yapışmaq onu nəzarət altına almaq deməkdir. Məhz bu səbəbdən də rus imperializmi Şimali Azərbaycanı faktiki olaraq iki yerə - qitə Azərbaycanına və Naxçıvan anklavına ayırmış və bədənin bu iki hissəsinə “Ermənistan” adlı qondarma dövləti pərçimləmişdir. Məqsəd Türk dünyasının boğazına kəmənd keçirmək və onun üzərində tam hakimiyyət qurmaq idi. İndi isə tədricən tarix səhnəsindən çəkilir və Orta Asiya ilə Qafqaz üzərindəki hegemoniyasını ABŞ başda olmaqla Qərb dünyasına buraxır. Yeni hegemon güclər isə rusların qurduqları sistemi olduğu kimi, saxlamağa çalışırlar. Çünki yeni sistemin yaradılması gözlənilməz risklər doğura bilər”.

Siyasi şərhçi regionun idarəçilik sistemi ilə bağlı tarixi faktlara da müraciət edib:

“İllərlə sınanmış mexanizmlərdən istifadə etmək isə daha etibarlıdır və tarixə baxsaq, görərik ki, regionumuza nəzarəti ələ keçirən istənilən güc mərkəzləri hazır idarəetmə klişelərindən və qəliblərindən faydalanmışlar. Məsələn, səlcuqlular və ya monqollar İranı fəth edəndə minillərdən qalma dövlətçilik ənənələrinə toxunmamış, əksinə, onu bir model olaraq əsas götürüb zənginləşdirmişlər. Bənzər metodlardan rus imperializmi də istifadə etmişdir. Çar Rusiyası və sovet illərində Azərbaycanın idarə olunmasında yerliçilik prinsiplərinin saxlanılması vaxtilə ölkəmizdə mövcud olan xanlıq sisteminin davam etdirilməsi zərurətindən doğmuşdur. Təsadüfi deyil ki, sovet hakimiyyətinin quruculuq illərində xanlara, bəylərə və mülkədarlara qarşı müharibə elan edən Kommunist Partiyası öz yerini möhkəmləndirdikdən sonra yenidən həmin soyluların övladlarını qabağa çəkmiş, onları çox önəmli postlara gətirmişdi...

Eynilə qardaş Qazaxıstanda qədim türk idarəetmə sistemindən yadigar qalan jüst anlayışının diri tutulması, yerli xalqın ulu (böyük), kişi (kiçik) və orta (orta) jüstlərə ayrılması və hakimiyyətə ancaq ulu jüstə mənsub olanların gətirilməsi kimi yazılmamış qaydalar bu günə qədər gizli şəkildə davam edir...”

Heydər Oğuz diqqətə çatdırıb ki, ermənilər dərin tarixi kökə malik olmadıqlarından onlarda jüstlər və soyluluq ənənələri Rusiyanın yaratdığı süni dəyərlərlə əvəz olunmuşdur:

“Qarabağ və Ermənistan klanı, kilsə, “Daşnaksütyun” və s. kimi dəyərlər erməni ictimaiyyətini idarə olunmasında ötən əsrin əvvəllərindən indiyədək mühüm rol oynayan klişələr, stereotiplərdir. Ermənistanı idarə etməyə iddialı olan yeni güc mərkəzləri bu stereotiplərlə hesablaşmağı daha məqsədəuyğun görür, real təsir imkanlarını itirmədən bu riçaqları mənimsəməyə çalışırlar.”

Həmsöhbətimiz dünyadakı erməni diasporunun ABŞ və digər Qərb ölkələrinin Ermənistam ilə əlaqələrində xüsusi rol oynamasından da bəhs edib.

“Onu da vurğulamaq yerinə düşərdi ki, nə qədər bir-birindən aralı görünsə də, dünyada təşkilatlanmış bir erməni diasporu var. ABŞ, Fransa, Rusiya və digər ölkələrdə mənzillənmiş bu diasporu vahid bir mərkəzdən idarə etməyə çalışırlar. Odur ki, zaman-zaman ABŞ-dakı erməni diaspor nümayəndələri rahatlıqla Rusiyadakı soydaşları ilə əlaqəyə girə və birgə fəaliyyət göstərə bilirlər. Erməni lobbilərinin ən zənginləri isə ABŞ-da məskunlaşıblar. Dolayısıyla onların həm Ermənistan, həm də digər ölkələrdəki soydaşlarına təsir imkanları daha genişdir. Və bu imkandan istifadə edib Rusiyaya bağlı erməni fəallarını və təsir rıçaqlarını da öz tərəflərinə çəkmək istəyirlər. Bu mənada ABŞ-lı hüquq müdafiəçilərinin və vəkillərin Rusiya ermənilərinə qahmar çıxması təəccüblü görünməməlidir. Bayaq da qeyd etdiyim kimi, ABŞ-ın məqsədi Ermənistan vasitəsilə Türk dünyasına və Qərblə Şərqin ən qısa birləşmə nöqtəsi sayılan Cənubi Qafqaza nəzarət imkanını Rusiyadan təhvil almaqdır”, -deyə analitik yekunlaşdırıb.

Sultan Laçın