Türkiyədə daxili siyasi tarazlıq dəyişir, ölkədəki bahalaşma fonunda artan sosial narazılıqlar müstəvisində iqtidar partiyaya qarşı sərt mövqe sərgiləyən ana müxalifət partiyası – Cümhuriyyət Xalq Partiyası - CXP parçalanmaqla güc itirməkdədir. Keçmiş partiya lideri Özgür Özəlin yeni partiya qurduğunu elan etməsi ilə Türkiyədə onsuz da parçalanmış müxalifət düşərgəsi daha da kiçilib, zəifləyib və etibarsızlaşıb...
Bu gün Türkiyədə geniş əks-səda yaradan parçalanma həm də rütbəli partiya üzvlərinin hansı tərəfdə yer alacağına dair suallar yaradıb. Məsələn, CXP-ni Böyük Millət Məclisində təmsil edən 135 millət vəkilindən, eləcə də bələdiyyə sədrlərindən kimlər partiyanı tərk edərək Özəlin ətrafında birləşəcək? Artıq mövqeyini bəyan edənlər var: Özəllə şəxsi münasibətləri baxımından hansı cinahda yer alacağı güman edilənlər də, Atatürkdən qalma partiyaya sədaqətli qalacağını bildirənlər də. Amma birmənalı şəkildə deyək ki, hətta mövqeyi bəlli olanlar sonradan fikirlərini dəyişdirə də bilərlər.
Müşahidələrimizə əsaslanaraq, CXP-nin aparıcı simalarından olan Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaşın elə CXP-də qalmağa meylli olduğu görülür. Çünki onun fikrincə, Özgür Özəl Atatürkün qurduğu partiyanı parçalamağa çalışır.
Bu arada, CXP-nin qalası hesab edilən İzmirdən də mövqe dəyişikliyi xəbəri almaq mümkündür. Məlumatlara əsasən, Mansur Yavaşın həftə ərzində Kamal Kılıçdaroğlu ilə görüşmə ehtimalı ilə yanaşı, İzmir Böyükşəhər Bələdiyyəsinin rəhbəri Cəmil Tuqayın da istefa verdiyi CXP-yə qayıtmağı düşündüyünü iddia edilir.
Mersin Böyükşəhər Bələdiyyə Başçısı Vahap Seçərin də CXP-də qalacağını deyilir.
Vəzifəsindən kənarlaşdırılan Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar da çıxışlarından birində CXP-də qalacağını və mübarizənin məhz bu partiya daxilində davam etməli olduğunu bildirib.
Bu yerdə qeyd edək ki, Özgür Özəlin sədrliyi ilə keçirilən sonuncu qrup iclasında 83 millət vəkili iştirak edib. Yerli ekspertlərə görə, həmin iclasda iştirak edənlərin hamısı Özəli dəstəkləyənlər olub və bu qənaətdən yanaşıldıqda bəlli olur ki, sözügedən 83 millət vəkili Özəlin yeni partiyasında təmsil oluna bilər. Bu da öz növbəsində o demək olar ki, Özəlin yeni partiyası millət vəkili sayına görə TBMM-də AKP-dən sonra ikinci böyük qrupa çevrikləcək və ana müxalifət statusu alacaq.
Təxmin edilən 83 millət vəkili CXP-dən ayrılarsa partiayada 52 millət vəkili qalacaq. TBMM-də mövcud üçüncü ən böyük qrup olan DEM Partiyasının 57 millət vəkili oladuğunu nəzərə alsaq, CXP-nin Məclisdə 4-cü qrupa çevriləcəyini deyə bilərik. Amma yenə qeyd edirəm, həmin 83 nəfərin qəti mövqeyinin son anda necə olacağı heç özlərinə də məlum olmadığı üçün Özgür Özəlin indidən sevinməsinə və ya Kılıçdaroğlunun kədərlənməsinə heç bir əsas yoxdur.
Qeyd edək ki, iyunun 1-də məhkəmə qərarı ilə CHP lideri təyin olunan Kamal Kılıçdaroğlu qrup iclasında çıxış edəcəyini açıqladı. Bu zaman parlament binasının qarşısında toplaşan CXP-lilər arasında dava düşdü və Kılıçdaroğlu qrup iclasını partiya qərargahına köçürdü. Maraqlıdır ki, bu gərgin vəziyyətdə cinahlardan heç birinin iclasına qatılmayan 23 millət vəkili tərəfsiz qalacaqlarını elan etdilər.
Onu da bildirək ki, assambleyadakı yerlərin yekun sayı rəsmi istefalar təqdim edildikdən və iştirak ərizələri Assambleya Sədrliyinə çatdırıldıqdan sonra yaxın günlərdə müəyyənləşəcək.
Bir maraqlı məqam da var: Özgür Özəl yeni partiya yaradır, amma CXP-nin maddi resurslarından istifadə edərək. Bu gün əlindəki bütün maddi rıçaqlar CXP-yə məxsusdur. İstefa verən və yeni partiya yaradan bir siyasətçi niyə məsələn, CXP-yə məxsus xidməti avtomobili təhvil vermir?
Yeri gəlmişkən, CHP İstanbul millət vəkili, keçmiş jurnalist Barış Yarkadaş, Özəlin yeni partiyanın yol xəritəsini müəyyən etmək üçün keçirilən iclasa gəlişinin şəkillərini paylaşaraq, Özəlin CXP-nin nəzarətində olan Uşak Bələdiyyəsi tərəfindən 170 min avroya alınmış ultra lüks rəsmi avtomobildən düşdüyünü göstərib və şəkillərin altında belə bir şərh yazıb: "Hətta idarə etdiyi avtomobil belə CXP-yə məxsusdur və onu geri qaytarmır. Sadəcə, onu əldən verə bilmir. Radiolar CXP-yə ayrılmışdı; o, onları geri vermir. Avtomobili qaytarmaq əvəzinə, CXP-nin resurslarından istifadə edərək onu bölməyə çalışır. O, gedərkən CXP-nin sosial media hesablarını belə təhvil vermir. Bu, "yeni" partiyadırmı? Bu çürüklükdə nə yenilik var?"
CXP İstanbul vilayət şöbəsinin sədri Gürsel Tekin Özəlin canfəşanlığına yerində rəy verib. Bildirib ki, Özgür Özəlin "Yeni partiya qururuq" ifadəsi sadəcə "müvəqqəti vəziyyətdir. Bu yalançı küləyin necə boş bir fırtına yaradacağını yaxın günlərdə birlikdə görəcəyik". Tekin qeyd edib ki, Cümhuriyyət Xalq Partiyası bundan sonra Türkiyənin əsl partiyası olacaq. "O, öz gündəliyi ilə məşğul olacaq. Bundan sonra vaxtımızı onlara sərf etməyəcəyik. Başladığımız gündən bəri, hər cür yalanlara, hər cür böhtanlara, hər cür təhqirlərə baxmayaraq, sadəcə mövzu Cümhuriyyət Xalq Partiyası olduğu üçün həmişə susduq ki, partiyanın korporativ kimliyinə zərər gəlməsin. Məndə olan əsl xəbərləri heç vaxt ictimaiyyətə açıqlamadım”, - Tekin deyib.
Prosesin sonunu gözləyək, bayaq qeyd etdiyimiz kimi, avtomobilsiz sədri, qərargahsız partiyası olan yeni siyasi təşkilatda vaxtilə CXP-nin qüdrətinə sığınıb mandat alan indiki millət vəkilləri özlərinə hansı günü ağlayacaqlar. Avropadan, Amerikadan nə qədər dəstək alsalar da, onlar Türk millətinin üzünə baxa biləcəklərmi? Hər şeyi zaman göstərəcək...