2023-2024-cü illər arasında sürətlə böyüyən Rusiya daxili turizm bazarı 2025-ci ilin yayında əhəmiyyətli bir yavaşlama ilə üzləşir. Ali İqtisadiyyat Məktəbinin (VŞE) hesabatına görə, bu il ilk dəfə ölkədaxili səyahətlərə tələbat zəifləyir. Keçən yay ölkə daxilində tətil etməyi planlaşdıranların 14 faizi bu yay 9 faizə düşüb. Bu arada, beynəlxalq səyahətə tələbat artaraq son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Türkiyə ən populyar istiqamət olaraq qalır.
Hafta.az-ın “Nezavisimaya gazeta”ya istinadən yazdığına görə, “hər şey daxil” sisteminin təklif etdiyi rahatlıq və proqnozlaşdırıla bilənlik qiymətlərin qalxmasına baxmayaraq, rusiyalı turistlərin Türkiyəyə üstünlük verməsini gücləndirən əsas amillərdəndir. Professor Natalya Zaytsevanın fikrincə, Rusiyadakı otellərdə əlavə xərclər və qeyri-müntəzəm qiymətlər xaricə paket turlarla müqayisədə dezavantaj yaradır. Türkiyədə ortalama bir tətil daha bahalı görünsə də, sürprizlərin az olması səbəbindən daha cəlbedici sayılır. Daxili turizmin azalmasının digər səbəbləri arasında otel qiymətlərinin qalxması, xidmət keyfiyyətinin aşağı olması və nəqliyyatın baha olması daxildir. Rusiyada 2025-ci ilin yay mövsümü üçün turpaketin orta qiyməti 126 min rubla (1600 dollar) yüksəlib. Bu, bir çox vətəndaş üçün əlçatmazdır. Mütəxəssislərin fikrincə, yüksək inflyasiya, alıcılıq qabiliyyətinin aşağı düşməsi, faiz dərəcələrinin artması həm turoperatorlara, həm də potensial səyahətçilərə təzyiq göstərir.
Bu fonda Rusiya hökuməti daxili turizmi təşviq etmək üçün yeni modul mehmanxana investisiyalarına 15 milyard rubl ayırıb və həmçinin beynəlxalq turizmi dəstəkləyən şirkətlərin maliyyələşdirmə öhdəliklərini yüngülləşdirib. Bununla belə, bir çox ekspertlərin fikrincə, 2025-ci ilin yayında rusiyalı turistlərin üstünlüklərini Türkiyə kimi çimərlik tətilləri təklif edən və “sürprizlər olmayan” istiqamətlərə yönəldəcəyi bir dövr olacaq.