Son vaxtlar, xüsusilə də təxminən bir ildir Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən Türkiyəyə axın edən rusların və ukraynalıların sayında ciddi artım qeydə alınıb.
Hafta.az-ın yazdığına görə, hər iki ölkənin vətəndaşları yeni həyata başlamaq üçün Türkiyədə yaşamaq qərarına gəliblər. Xüsusilə də Aralıq dənizi bölgəsində yaşayan Rusiya və Ukrayna vətəndaşları həm mənzil alıb, həm də bu bölgədə yeni şirkətlər quraraq iş həyatına qədəm qoyublar.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, 2022-ci ildə ev satışları əvvəlki ilə görə yüzdə 0,4 azalaraq 1 milyon 485 min 622 olub. Xaricilərə mənzil satışı isə əksinə 2022-ci ildə əvvəlki ilə görə yüzdə 15,2 artaraq 67 min 490-a çatıb. Ötən il ən çox mənzil alışını ruslar edib. 2021-ci ildə Türkiyədən 5 min 379 ev alan ruslar, 2022-ci ildə yüzdə 203 artımla 16 min 312 ev alıb. Rusları yüzdə 106 artımla (2 min 574 ədəd) ukraynalılar izləyib.
Şirkətlərin qurulmasında da eyni mənzərə ortaya çıxıb. Türkiyə Odalar və Birjalar Birliyinin məlumatına görə, 2022-ci ildə ölkədə rusların qurduğu şirkətlərin sayı 2021-ci ilə nisbətən 682 faiz artıb. 2021-ci ildə Türkiyədə səhmdar və məhdud məsuliyyətli cəmiyyət kimi cəmi 177 şirkət quran ruslar ötən il 1384 şirkət qurdular və mənzildə olduğu kimi bum yaşadılar.
Qurulan şirkətlərin sayında ruslar fərqləndiyi halda, yalnız 2022-ci ildə rusiyalı tərəfdaşlarla 1363 birgə şirkət yaradılıb. Bu şirkətlərdən 140-ı anonim, 1223-ü isə məhdud məsuliyyətli cəmiyyətə çevrilib.
Rusiyadan sonra İran kapitallı şirkətlərin sayı diqqət çəkib. Ötən il İran tərəfdaşlığı ilə 1300 şirkət yaradılıb, onlardan 55-i səhmdar cəmiyyəti, 1245-i isə məhdud məsuliyyətli cəmiyyət olub. Bu iki ölkəni 484 şirkətlə almanlar izləyib. Alman tərəfdaşları ilə 111 şirkət səhmdar cəmiyyətə, 373-ü isə məhdud məsuliyyətli cəmiyyətə çevrilib.
Şirkət yaradarkən əcnəbilər daha çox “Xüsusi olmayan mağazalarda topdansatış ticarəti” biznes xəttinə sərmayə qoyublar. Bu sahədə 3070 şirkət fəaliyyətə başlayıb. Bunu 1043 şirkətlə “Əmlak agentləri” sektoru və 938 şirkətlə “İş və digər inzibati məsləhətçilik fəaliyyətləri” sektoru izləyib.