Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev Rusiya ilə Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı açıqlama verib.
Hafta.az-ın yazdığına görə, Rusiya və Türkiyənin 2017-ci ildə imzaladığı 2,5 milyard dollarlıq müqavilə çərçivəsində S-400 hava hücumundan müdafiə raket sisteminin 2019-cu ildə təhvil verildiyini xatırladan Şuqayev məsələ ilə bağlı bunları deyib: “Bizim türklərlə S-400-lə bağlı uzun tarixə malikik. Bu sistem texniki xidmət tələb edir. Təbii ki, biz onların hazırda sahib olduqları sistemə hərtərəfli texniki qulluq təklif edirik. Qeyd edək ki, təhvil-təslimdən və döyüş hazırlığının saxlanmasından müəyyən müddət keçib. Bunun üçün əsas texniki qulluq tələb olunur”.
Rusiya rəsmisi Ankara ilə hava hücumundan müdafiə ilə yanaşı, digər hərbi-texniki əməkdaşlıq məsələlərini də müzakirə etməyə hazır olduqlarını vurğulayıb və sözlərinə belə davam edib: “Belə bir ehtiyac olarsa, türk tərəfdaşlarımızla müzakirə etməyəcəyimiz heç bir məhdudiyyət və ya konkret məsələ yoxdur”.