“Kursk atom elektrik stansiyası köhnə tipli bir stansiyadır, 2 GVatt gücündədir. Bu mənada Çernobıl AES-in eynisidir və ona görə də təhlükəlidir. Onun texniki baxımdan müdafiə və mühafizəsi də çox zəifdir. Yəni biz Kursk AES-i Zaporojye AES-lə müqayisə edə bilmərik. Çünki 70-ci illərin ortalarında tikilmiş Kursk tipli stansiyaların elementar bir zədə alması Çernobılda olduğu kimi, izotopların, raduonukleidlərin havaya dağılmasıyla nəticələnə və oxşar faciə təkrarlana bilər”.
Ukraynada yaşayıb fəaliyyət göstərən, Ukrayna Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, hərbi-siyasi ekspert, polkovnik Elxan Nuriyev hafta.az əməkdaşının “Ukrayna ordusunun Rusiyanın Kursk vilayətindəki Kursk atom elektrik stansiyasını(AES) nəzarətə götürmək niyyəti varmı” sualını cavablandırarkən belə deyib.
“Dediyimiz səbəblərdən Ukraynanın həmin AES-i nəzarətə götürmək niyyəti əvvəlcədən də olmayıb, yəqin ki, bundan sonra da olmayacaq. Yəni Ukrayna belə bir məsulliyəti boynuna götürmək niyyətində deyil. Ukrayna tərəfi sadəcə olaraq, əvvəlki söhbətlərimizdə də qeyd etdiyimiz kimi, Rusiya ilə öz arasında bufer zonası yaratmaq istəyində olub və bunu da yaratdı. Həmçinin Silahlı Qüvələrimiz Tyotkino qəsəbəsi və Seym kəndi yaxınlığında 3 körpünü partladaraq Xarkov və Sumı vilayətlərinin təhlükəsizliyini təmin etmək istəyiblər. Hazırda Rusiyanın çox böyük bir qruplaşması mühasirədə qalıb. Hələlik rus hərbçiləri yerli mağazaları, sakinlərin ev təsərrüfatlarını talayaraq birtəhər dolanırlar. Amma çox yaxın günlərin məsələsidir ki, onlar ya Ukrayna Silahlı Qüvvələrinə təslim olmalı, ya da məhv olmalıdırlar”, - deyə hərbi ekspert vurğulayıb.