Xaricdə 51 min manatlıq təhsil – YETƏRLİDİRMİ?

11:01 08.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dövlət hesabına xaricdə təhsil alan tələbələrin illik xərcləri artırılıb. Qeyd edək ki, cari ildən maliyyələşdirilməsi nəzərdə tutulmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” üzrə xərclər növbəti ildən təqribən 2,1 dəfə artırılıb ki, bu da Dövlət Proqramı çərçivəsində növbəti il daha çox gəncin dövlət proqramının imkanlarından istifadə etməsinə şəraitin yaradılması ilə əlaqədardır. Bu barədə Hesablama Palatası Dövlət Neft Fondunun 2023-cü il büdcə layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” xərc maddəsi üzrə 2023-cü ildə 36,7 mln. manat proqnoz müəyyən edilib ki, bu da 2022-ci il proqnozundan 18,8 mln. manat və ya 105,0 faiz, gözlənilən icra göstəricisindən isə 19,1 mln. manat və ya 108,5 faiz çoxdur.

Cari ildə bu xərc istiqaməti üzrə 17,9 mln. manat vəsait ayrılsa da, 9 aylıq icra göstəricilərinə əsasən vəsait istifadə edilməyib. Azərbaycan Respublikası Prezidentinin 28.02.2022-ci il tarixli 3163 saylı Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib ki, həmin Sərəncamın 7-ci bəndi ilə Neft Fondu birinci maliyyə mənbəyi kimi müəyyən edilib. Sərəncamın 2.1.-ci bəndinə əsasən Proqramın əlaqələndirilməsini təmin edən Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü ildə bu proqramın maliyyləşdirilməsi üçün ümumilikdə 21,6 mln. ABŞ dolları və yaxud 36,7 mln. manat vəsaitin ayrılması sifariş edilib. Hər bir tələbə üzrə orta illik xərc 51,0 min manat proqnozlaşdırılıb.

Məlumat üçün xatırladaq ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na əsasən, Azərbaycan vətəndaşlarına dünyanın 30 ölkəsində yerləşən ən nüfuzlu universitetlərdə təhsil almaq imkanı yaradılır. Dövlət Proqramı ilə 15 prioritet ixtisas sahəsi (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) üzrə təhsil müəssisələrində bakalavriat və əsas etibarı ilə magistratura səviyyələrində Azərbaycan gənclərinin təhsili üçün imkan yaradılıb. Proqramın əhatə etdiyi dövrdə hər il üzrə 400 yer nəzərdə tutulub ki, həmin yerlərdən 320-si magistratura, 80-i isə bakalvr təhsili üçün ayrılıb.

Dünyadakı universitetlərin təhsil ödənişləri isə fərqlidir. Xarici ölkələrdən ən bahalı (38 min dollar) təhsil sistemi olan Amerika, ən ucuzu (4500 dollar) isə Qazaxıstandır. İllik təhsil haqqı, yaşayış xərcləri daxil olmaqla ali təhsilin illik 38 min dollar etdiyi Amerikadan sonra bu sıralamanı 34 min dollar ilə Kanada, 27 min dollar ilə İsveçrə və 25 500 dollar ilə Avstraliya davam etdirir.

Araşdırmalara görə, Amerikada dövlət hesabına olan universitetlərin illik təhsil ödənişi 23 min dollardan, bir tələbənin burada yaşayış xərcləri isə 15 min dollardan başlayır. Kanadada universitetdə təhsil almaq üçün ən az 20 min dollar, yaşayış üçün isə təxminən 14 min dollar xərclənir. İsveçrədə universitet ödənişləri üçün 7 min dollar, yaşayış  20 min dollar lazım olur. Avstraliyada ali təhsil almaq üçün isə təhsil haqqı 12 min dollar, orada yaşamaq isə 13 500 təşkil edir.

Norveçdə illik universitet ödənişi 200 dollardan başlayır. Amma bu ölkədə yaşam xərcləri bahadır. Aparılan araşdırmalara görə, sadəcə təhsili əsas götürsək ən bahalı ölkə Amerika, ən ucuz isə Norveç oldu. İllik təhsil ödənişi az olan Norveçdən sonra bir sıra Avropa ölkələri bu sıralamada yer alır. Təhsil haqqı Fransada 250 dollar, Almaniyada 550 dollar,İtaliyada isə 800 dollar olaraq hesablanıb. Yaşayış xərclərini vacib götürdükdə isə 20 min dollarla İsveçrə, 15 min dollarla Amerika, İngiltərə və Danimarka ən bahalı ölkələrdir. Ən ucuz ölkələr isə 4 min dollarla Qazaxıstan və Qırğızıstan, 5 min dollarla Gürcüstan, Ukrayna, Rusiya, Misirdir.

Qeyd edək ki, Asiya ölkələrindən Hindistanda universitet təhsilinin illik təhsil haqqı 16500 dollar, Yaponiyada 13500 dollar, Çində 12500 dollar, Tayvanda 10500 dollardan başlayır. Asiya ölkələrində yaşam xərcləri isə 15-20 min dollar civarındadır.

Mövzu ilə bağlı qəzetimizə danışan təhsil üzrə ekspert Elşən Qafarov deyib ki, yeni dövlət Proqramında bir tələbə üçün nəzərdə tutulan illik vəsaiti yetərli saymaq olar: “2022-2026-cı illəri əhatə edən proqram tam təqaüd verir və təhsil, viza və təhsil aldığı ölkədə qeydiyyat, aylıq yaşayış, tibbi sığorta xərcləri, beynəlxalq nəqliyyat, bank və plastik kart xərclərini qarşılayır. Hər bir tələbə üzrə orta illik xərcin 51 min manat nəzərdə tutulması yetərlidir. Bu vəsait tələbələrin bütün xərclərini qarşılayacaq. Yəni, həmin vəsaitlə dünyanın istənilən nüfuzlu ali məktəbində bir illik təhsil almaq mümkündür. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”da hər tələbə üçün illik 45 min manat nəzərdə tutulmuşdu. Təbii ki, xərclərin artırılması barədə qərar müvafiq təhlillər aparılandan sonra verilir. Çünki hər ölkədə yaşam və təhsil xərci eyni deyil. Qeyd olunan rəqəm orta rəqəmdir. Bu vəsait ölkədən və şəhərdən asılı olaraq hər il dəyişəcək”.

Oxunma sayı 1118