Real gəlirlərin azalması, turların, xüsusən də təyyarə qiymətlərinin baha olması, iqtisadi və siyasi qeyri-müəyyənliklər 2023-cü ilin yayını ruslar üçün xarici turizmdə “dumanlı” edib.
Hafta.az-ın "Superjob"a istinadən yazdığına görə, Rusiyada aparılan araşdırma göstərib ki, ölkə vətəndaşlarının yalnız 4 faizi növbəti yay tətilini xaricdə keçirməyi planlaşdırır. Buna baxmayaraq, 24 yaşa qədər olan gənclərin 10 faizi bu il yay tətili üçün xaricə gedəcəklərini bildirib.
Bu il rusiyalı turistlər arasında ən populyar istiqamətlər Tunis, Türkiyə, Abxaziya, Yunanıstan və Kubadır.
Avropa indi “müstəsna məkandır”: Aİ üzvləri Litva, Estoniya, Polşa, Çexiya, Slovakiya, Danimarka, Rumıniya, Belçika və Hollandiya Rusiya vətəndaşlarına viza verilməsini yasaqlayıb. Eləcə də, Serbiyadan başqa bütün Avropa ölkələri, həmçinin Dominikan Respublikası, Meksika və ABŞ Rusiyaya və əks istiqamətə uçuşları dayandırıb.
Rusiyada isə hökumət daxili turizmin inkişafı üçün bu il 12 milyard rubl xərcləməyi planlaşdırır. Daxili turizmdə tur agentlikləri üçün bəzi vergi güzəştləri də gündəmdədir.