“Türk Hava Yollarının Tacikistana uçuşlarının qiymətini endirmək üçün respublikanın özündə aviasiya yanacağının qiymətini aşağı salmaq lazımdır”.
Hafta.az-ın yazdığına görə, bunu Türkiyənin Tacikistandakı səfiri Umut Acar sosial şəbəkə istifadəçilərinin türk aviadaşıyıcısının biletlərinin baha olması ilə bağlı şərhlərinə cavab olaraq Facebook səhifəsində yazıb.
“Hazırda dünyanın ən bahalı yanacağı Düşənbədə satılır və bu, aviabiletlərin qiymətinə təsir göstərir”, - diplomat qeyd edib.
Onun sözlərinə görə, Türk Hava Yolları Düşənbədə yanacağın hər tonuna görə 1780 dollar, Somon Air isə İstanbulda eyni həcmə cəmi 930 dollar ödəyir.
“Əgər aviasiya yanacağının qiyməti aşağı düşərsə, o zaman aviabiletlər də ucuzlaşacaq”, - deyə Umut Acar əlavə edib.
O, həmçinin bildirib ki, Türk Hava Yolları avqust ayından etibarən İstanbulla Düşənbə arasında uçuşların sayını həftədə beşə qaldırıb.
Eyni zamanda, Acar vurğulayıb ki, Tacikistan hökuməti Düşənbə hava limanında müxtəlif xidmətlərin qiymətlərini artıq endirib və bu, aviabiletləri bir qədər ucuzlaşdırıb. Lakin onların dəyərinin daha nəzərəçarpacaq dərəcədə azalması üçün “Düşənbə hava limanında yanacağın ucuzlaşması tələb olunur”.
Tacikistanda təyyarə yanacağı uzun illərdir ki, dünya ölkələri arasında ən bahalısı olaraq qalır. Hələ 2020-ci ilin əvvəlində Somon Air özəl aviaşirkətinin o vaxtkı baş direktoru Tomas Hallam jurnalistlərə demişdi ki, “Düşənbə hava limanı dünyada ən yüksək yanacaqdoldurma dərəcəsinə malikdir”.
Eyni zamanda, Tacikistan Hökuməti yanında Mülki Aviasiya Agentliyinin bildirdiyi kimi, aviabiletin qiymətinin 45 faizə qədəri məhz yanacağın dəyəri hesabına formalaşır.