Şimali Koreya Yaponiyanın Quru Özünümüdafiə Qüvvələri ilə ABŞ Dəniz Piyadaları Korpusunun keçirdiyi birgə hərbi təlimi qınayaraq, onu "müharibə məşqi" adlandırıb.
Hafta.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) dərc etdiyi redaksiya məqaləsində Yaponiyanın "Qətiyyətli əjdaha 2026" təlimində iştirakı tənqid olunub və ölkə "işğal qabiliyyətini" gücləndirməkdə ittiham edilib.
Məqalədə fevral ayında keçirilmiş ABŞ–Yaponiya birgə təliminə də istinad olunaraq, Yaponiyanın ABŞ ilə hərbi əməkdaşlığı dərinləşdirməklə regionda gərginliyi artırdığı bildirilib.
KCNA iddia edib ki, Yaponiya aprel və may aylarında Asiya-Sakit okean regionunda ABŞ-nin rəhbərliyi ilə keçirilən çoxmillətli təlimdə ilk dəfə iştirak edərkən qonşu ölkələrə qarşı istifadə olunması nəzərdə tutulan uzun mənzilli raketləri "qabaqlayıcı zərbə" məqsədilə sınaqdan keçirib.
Nəşr Yaponiyanı mövcud mürəkkəb beynəlxalq vəziyyətdən "müharibə ölkəsinə çevrilməsini haqq qazandırmaq" üçün istifadə etməkdə ittiham edib və Tokionu ehtiyatsız hərbi siyasəti davam etdirəcəyi təqdirdə, "faciəvi sonluq"la üzləşə biləcəyi barədə xəbərdar edib.
Məqalədə ABŞ-ni birbaşa hədəf alan fikirlərə yer verilməyib.
Qeyd edək ki, iyunun 20-də Yaponiyanın cənub-qərbində yerləşən Okinava və Kyuşu adalarında başlayan "Qətiyyətli əjdaha 2026" komandanlıq, idarəetmə və çoxsahəli manevr imkanlarının təkmilləşdirilməsi məqsədilə hər il keçirilən ABŞ–Yaponiya birgə səhra təlimidir. Təlimin iyulun 1-də başa çatması gözlənilir.