Yaşıl enerjiyə ən çox investisiya edən ölkə

20:18 02.03.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda, təxminən, 9 ay sonra hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı” (COP) baş tutacaq. Belə ki, sözügedən tədbir bu il noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. Hazırda Azərbaycanda bu tədbirə ciddi hazırlıq prosesi gedir.

Qeyd edək ki, COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. Bu görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq üçün hüquqi cəhətdən məcburi öhdəliklər qoyan Kioto Protokolunu müzakirə etmək üçün UNFCCC tərəflərinin – Tərəflər Konfransının (COP) rəsmi görüşü kimi xidmət edir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da (Tərəflər Konfransı) toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində birgə səylər göstərir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ilk tədbiri 1995-ci ilin martında Berlində, sonuncusu - 28-ci sessiyası (COP28) isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ilə bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bakı iki həftə ərzində dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir. COP29-un Bakıda keçirilməsi həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyini ifadə edir. Buna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının Azərbaycanda 30 faizə çatdırılması gözlənilir. Statistik göstəricilərə görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Məsələ ilə bağlı AMEA-nın müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev bizimlə söhbətində deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir: “Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. Bu maraq, hörmət, etimad 2023-cü ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası çərçivəsində ilk dəfə öz pavilyonu ilə çıxış edən Azərbaycana göstərilən diqqətlə də özünü büruzə verdi. Mən həmin tədbirdə iştirak etmişdim və Azərbaycan pavilyonuna böyük marağın şahidi olmuşdum. İndi biz bu tədbirə ciddi şəkildə hazırlaşırıq. Bu tədbir Azərbaycana imkan yaradacaq ki, 30 illik işğal dövründə ermənilər tərəfindən törədilmiş ekoloji terroru dünya ictimaiyyətinə yaxından çatdıra bilsin. Azərbaycan ərazilərinin 30 illik işğal dövründə həmin torpaqlarımızda ekologiyamız, biomüxtəliflik, yaşıllıqlar vəhşicəsinə məhv edilib, yandırılıb, təbii sərvətlərimiz talanıb. Azərbaycan ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür”.

İ.Mustafayev, həmçinin qeyd edib ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Eyni zamanda, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz, 2050-ci ilə qədər 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin digər dünya ölkələrinə nəqli Azərbaycanın hədəf götürdüyü enerji siyasətinin prioritetidir”.

Mövzu ilə bağlı “Avrasiya miqrasiya təşəbbüsləri platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, COP29 bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur: “Xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin qatıldığı mötəbər tədbirdə hər bir dövlətin özünəməxsus formada pavilyonu olur. İqlim dəyişmələrinə həsr edilmiş sonuncu COP28 konfransı bizim üçün həm də ona görə əlamətdar oldu ki, orada növbəti tədbirin 2024-cü ildə məhz Azərbaycanda keçirilməsi ilə bağlı çox ciddi qərar qəbul olundu”.

Onun sözlərinə görə, konfrans həm siyasi, həm enerji sektorunun, həm də miqrasiya sahələrinin inkişafı nöqteyi-nəzərindən çox vacib tədbirdir: “İqlim dəyişmələri ilə bağlı konfransların, sessiyaların keçirildiyi dövlətlərdə sonrakı mərhələlərdə məhz həmin sahələrdə çox ciddi irəliləyişlərin olduğunu müşahidə edirik. BMT-nin böyük güclərini özündə ehtiva edən dövlətlərin təmsil olunduğu konfrans qərar verən tərəflərin həmin tədbirin keçiriləcəyi şəhərə və ya dövlətə göstərdiyi etimadın bariz nümunəsidir. Yəni, Azərbaycanla bağlı BMT səviyyəsində mövcud olan etibarlı tərəfdaş mövqeyi ölkəmizin kifayət qədər siyasi nüfuzundan irəli gələrək hörmət əsasında formalaşır. Azərbaycanın digər qurumlarda və ya təşkilatlarda təmsilçiliyini, xüsusilə də Qoşulmama Hərəkatını buna nümunə olaraq göstərə bilərik. Ölkəmizin bu təşkilata sədrliyi əvvəlcə üç il olmuşdu. Sonra Azərbaycanın rolunu nəzərə alaraq müddət bir il də artırılmışdı. BMT-nin say etibarilə ikinci nüfuz sahibi olan platformasında Azərbaycanın rəhbər orqanlarında təmsil olunması ölkəmizə olan rəğbətdən qaynaqlanan mövqedir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Həmin tədbirin respublikamızda keçirilməsinə qərar verilməsi böyük etimadın göstəricisi olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini təsdiqləyir”.

Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan A.Allahverənov bildirib ki, bu sənəddə Azərbaycanın energetika sahəsində, xüsusilə də sosial-iqtisadi inkişafın beş milli prioritetlərdən biri hesab olunan təmiz ətraf mühit və yaşıllıqların artırılmasına dair fəaliyyətlərə nəzər salınır: “Xüsusilə də həmin innovativ yanaşmalarla bağlı olan məsələlərə işğaldan azad olunmuş ərazilərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” və digər layihələr aiddir”.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov da hesab edir ki, COP29-un Azərbaycanda keçirilməsi kifayət qədər əlamətdar bir hadisədir: “Əvvəla COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyi dəstək olunub və təsdiqlənib. Nəzərə çatdırım ki, Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir”.

Oxunma sayı 133