Əfqanıstan İslam Əmirliyinin sözçüsü Zəbihullah Mücahid ölkənin İslam şəriət qanunları ilə idarə edildiyini, son 4 ildə təhlükəsizlik və iqtisadi sabitliyin əldə olunduğunu bildirib.
Hafta.az-ın yazdığına görə, Mücahid vurğulayıb ki, məhkəmələr İslam fiqhinə əsasən hökm verirlər.
Mücahid Əfqanıstanın son 4 ildə tam təhlükəsizliyə nail olduğunu bildirərək, "Biz valyutanın sabitliyini qoruyub saxladıq, ticarət və ixracı genişləndirdik, böyük iqtisadi layihələrə başladıq, nizami ordu və təhlükəsizlik xidmətləri yaratdıq, korrupsiyanı aradan qaldırdıq" deyib. O, bu hadisələrin ölkənin yenidən qurulması və beynəlxalq aləmdə tanınması üçün vacib olduğunu vurğulayıb.
Mücahid əlavə edib ki, Əfqanıstanın iqtisadi inkişaf hədəflərinə uyğun olaraq beynəlxalq investorları ölkəyə dəvət ediblər. O, xüsusilə kənd təsərrüfatı və mədənçıxarma sahələrində mühüm potensialın olduğunu qeyd edərək, “Məqsədimiz xalqımızın rifahını yüksəltmək və milli iqtisadiyyatımızı gücləndirməkdir” deyib.