Zəfər seçkisində müşahidə etdiklərimiz - FOTO-REPORTAJ

18:19 07.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün fevralın 7-də, növbədənkənar prezident seçkiləri günündə Azərbaycan xalqı, ictimaiyyəti bambaşqa bir tarix yaşayır.

Biz də “Həftə içi” qəzeti olaraq, bir neçə məntəqədə olduq, seçki prosesini izlədik, seçicilərlə görüşdük, seçki ilə bağlı fikirləri öyrəndik.

Bu seçki ağsaqqal, ağbirçəklərin, gənclərin, qazilərin, əlil və körpələrin sevinclə qarşıladığı, qatıldığı bir seçki prosesi olaraq diqqətimizi çəkdi. Biz bir gerçəkliyin şahidi olduq. İndi siz də gördüklərimizlə tanış edəcəyik.

Əsası ilə aramla seçki məntəqəsinə daxil olan ağsaqqala yaxınlaşdıq. 1939-cu il təvəllüdlü Rüstəmov Vilayət Əşrəf oğlunun seçki təəssüratları, seçkiyə münasibəti çox maraqlı və ibrətamizdir:

“Mən çox sevinirəm ki, bu gün gəlib belə bir gündə Prezidentimə səs verirəm. O, bizim kimi qocaların yaşının üstünə yaş qoydu. Hamınıza əmin-amanlıq arzu edirəm. Vətənimiz belə gözəl olmamışdı. İlham Əliyev bizim ölkəyə, Azərbaycana böyük yenilik gətirdi, böyük tarix  yazdı. Mən Qarabağın çox yerində olmuşam, cənnət guşəsidir. Kəlbəcəri heç nəyə dəyişə blmərəm. Özüm Kəlbəcərdən deyiləm, Gədəbəydənəm. Mənim nəvəm də Milli Qəhrəmandır – Məzahir Rüstəmov. Onun da bir körpəsi qaldı. Gədəbəyin Şınıx kəndində şəhid oldu”.

Ağsaqqalın sözlərini dinləyən hər kəsin üzündə bir təbəssüm, qürur hissi yaşanırdı.

Seçici, ehtiyatda olan kapitan Dilqəm Abbaszadə:

– Bu gün böyük fəxarət, sevinc hissi ilə səs verməyə gəlmişəm. Torpaqlarımız işğaldan azad edilib. Azad olunmuş ərazilərimizdə böyük işlər gedir. Bunu bizə Ordumuzun Ali Baş Komandanı, Prezidentimiz yaşadıb. II Qarabağ döyüşlərinin iştirakçısı olmuşam. Bu gün azad, sülh şəraitində seçkidə iştirak etməkdən böyük qürur, fəxarət hissi keçirirəm".

Binəqədi-Qaradağ 11 saylı seçki dairəsinin 15 saylı seçki məntəqəsinin sədri Zamir müəlim prosesin çox yüksək səviyyədə keçdiyini bildirdi:

“Kimə səs verməyindən asılı olmayaraq, hamı fəallıq göstərir. Saat 12-yə qədər qısa vaxt ərzində 300-dən çox insan səs verib. Neqativ hallar yoxdur. Seçicilər hüquqlarını bilir, bilməyənlərə də biz yardım edirik". 

Abşeron rayon 35 saylı seçki məntəqəsində səsvermədə iştirak edən seçicilər, Vüqar və Nailə Həsənovlar iki azyaşlı övladları ilə gəlib. Onlarla 35 saylı seçki məntəqəsinin qarşısında rastlaşdıq. Səsverməyə böyük həvəslə qatılıblar. Bir sadə ailənin seçki sevincini, onların sualsız-sorğusuz “Biz Prezidentimizə səs verdik. Buna görə də qürurluyuq”, – demələrində açıq şəkildə hiss etmək olar:

– Kimə səs verdiyimizi gizlətmirik. Heç bu barədə düşünüb, seçim də etmədik. Təbii ki, son bir neçə ildə Azərbaycana sevinc yaşadan şəxsə səs verdik. Bizim seçdiyimiz namizəd, artıq hər yerdə öz sözünü deyib, böyük əməlini ortaya qoyub. Xalqı sevindirib.  Başqa kimə səs verə bilərik? Bizim seçdiyimiz ən layiqli namizəd odur!

II Qarabağ döyüşlərinin iştirakçısı, qazi Hüseynov Cavid seçki prosesini izlədiyini və seçkilərin çox rəvan, yaxşı keçdiyini bildirdi. Dedi ki, bu seçki Zəfərin bizi yönəltdiyi bir seçkidir. Burada, əslində, əsas sözü torpaqlarımızın işğaldan azad olunduğu tarix deyib.  

Müstəqil müşahidəçi Fərəcova Zülfiyyə səhər saat 8:00-dan seçkiləri izlədiklərini və xalqın bu seçkiyə bambaşqa ruhla qatıldığını qeyd edir. Hamı aktivdir, zəfər çalmış xalq, sanki bu tarixə özünün imzasını atmaq üçün tələsir.

Səs verməyə hazırlaşan Əhmədova Aygündən də seçki təəssüratını soruşuruq. Deyir, heç bir müdaxilə, təsir olmadan sərbəst şəkildə səsini verəcək. 

Jurnalist Arzu Zeynallı bildirdi ki, ilk dəfədir, tamamilə könülrahatlığı və qürurla, qərarlı şəkildə seçkiyə qatılıb səs verir:

“Qürurluyam ona görə ki, Vətənim Laçın və digər işğaldan azad edilən ərazilərimizdə 30 ildən sonra seçki keçirilir. Zəfər seçkisi kimi dəyərləndirilən bu ilin Prezident seçkisi tarixə elə bu adla da düşdü. Çox şadam ki, belə bir tarixi yaşamaq mənə də qismət oldu. Səsverməyə gələn insanlarımızın baxışları, seçki hissləri də əvvəlki seçkilərdən olduqca fərqlidir. Qalib və əraziləri bütöv olan bir ölkənin azad seçicisi olmaqdan gözəl hiss yoxdur. İnşAllah, bu seçki dövlətimiz və xalqımız üçün düşərli, uğurlu olsun”.

Səsverməyə qatılan Abdullayeva Qızbəst 6 aylıq oğlunu –Fuadı da özü ilə götürüb.

Fuadın anası deyir ki, o, oğlunun azad, müstəqil bir ölkədə yaşamasını, gələcəyinə xoşbəxtlik vəd etdiyinə inandığı, güvəndiyi namizədə səs verəcək. Qızbəst xanım deyir ki, oğlunu bu seçkiyə aparmasının da xüsusi mənası var. O, oğlunun torpaqlarını işğaldan azad edən, ölkəyə sülh gətirən bir namizədə səs verərkən tarixi səsvermədə iştirak etməsini istəyib. Gənc seçici ana düşünür ki, bu tarix körpə oğlunun gələcək həyatına uğur gətirəcək…

Xırdalan şəhər 20 saylı məntəqədə səs verən müəllim Cəsarət Pənahəliyev deyir ki, çox seçkidə müşahidəçi, məntəqə üzvü kimi iştirak edib, amma bu seçkidə yaşanan sevinc hissini heç birində müşahidə etməyib:

"Bu sevinci təkcə kənardan müşahidə etmədim, özüm də yaşadım. Belə də olmalı idi. Torpaqlarımız 30 il işğal altında qaldı. Həmin dövrlərdə keçirilən seçkilərdə iştirak edib, sözümüzü, səsimizi verirdik. Amma ürəyimizdə bir narahatlıq var idi. Torpaqlarımız azad deyildi, Şəhidlərimizin tökülən qanının qisasını almamışdıq. İndi tamamilə başqa bir tarixi prosesin iştirakçısıyıq. Torpaqları azad edilmiş, suveren, sərhədləri bütöv, mübariz bir dövlətin vətəndaşı olaraq öz demokratik hüquqlarımızdan sərbəst şəkildə istifadə edirik. Qürurluyuq".

Zəfər seçimin mübarək, Azərbaycan! Layiq olan həmin səsi mütləq qazanacaq!