Bakıdakı "Şərq Bazarı"nda Hindistanın yüksək keyfiyyətli məhsul və xidmətlərinin, o cümlədən hədiyyə və əl işləri, ev dekorasiyaları, tekstil, geyim, zərgərlik və kosmetika əşyaları, hind yeməklərinin və sair nümayiş etdirildiyi “Böyük Hindistan” sərgisinin açılış mərasimi keçirilib.
Hafta.az-ın yazdığına görə, sərgini rəsmi açılışını Hindistanın ölkəmizdəki Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar edib. Diplomat açılış nitqində bildirib ki, Hindistanla Azərbaycan arasında tarixi və mədəni əlaqələrə əsaslanan sıx və dost münasibətlər mövcuddur. “COVİD-lə bağlı məhdudiyyətlərin tədricən yumşaldılmasından sonra işgüzar əlaqələrimizin səviyyəsi də sürətlə artır. 2022-ci ilin yanvar-oktyabr aylarında ikitərəfli ticarət dövriyyəmiz ötən ilin eyni dövrü ilə müqayisədə 184,3 faiz artaraq 1,767 milyard dollar səviyyəsinə çatıb. Bu dövrdə Hindistan İtaliya, Türkiyə və Rusiyadan sonra Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olub”, - V.Kumar bildirib.
Müvəqqəti işlər vəkili qeyd edib ki, Azərbaycan Hava Yolları tərəfindən Bakı və Dehli, eləcə də Bakı və Mumbay arasında birbaşa reyslərin açılması insanlar arasında əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verib.
“Azərbaycan tədricən hindistanlı turistlər üçün əsas turizm məkanına çevrilir. Daha da çox hindistanlı turistin Azərbaycana gəlməsi ilə Hindistan hazırda Rusiya, Türkiyə və İrandan sonra Azərbaycan üçün dördüncü ən böyük turist mənbəyinə çevrilib”, - V.Kumar əlavə edib.
Müvəqqəti işlər vəkili qeyd edib ki, Azərbaycanla müxtəlif sektorlarda əməkdaşlıq üçün geniş imkanlar var. Çünki Azərbaycan Hindistan məhsulları üçün yaxşı imkanlar təklif edir. O cümlədən 16-26 dekabr tarixlərində 10 gün davam edəcək sərgi Azərbaycan xalqını müxtəlif Hindistan məhsulları ilə tanış edəcək, Hindistan iqtisadiyyatı və mədəniyyəti haqqında daha çox məlumat almaq üçün böyük imkanlar yaradacaq.
Sərgiyə giriş pulsuzdur. Ziyarətçilər, həmçinin canlı mahnı və rəqs ifalarından həzz ala, eləcə də sərgi zalında xına (Mehindi) stendlərini ziyarət edə bilərlər.
Bu arada, qeyd edək ki, "Şərq Bazarı"nın 1 və 2-ci mərtəbələrində açılan sərgi indiyədək keçirilmiş eyni tədbirlərlə müqayisədə daha səmərəlidir. Çünki qlobal miqyasda qiymətlərin sürətlə yüksəlməsinə baxmayaraq, bu dəfə əəlki sərgilərdə məhsullar daha ucuz qiymətə alıcılara təklif edilir. Məsələn, əgər ötən dəfəki sərgidə 250 qram çayı 20 manat və daha yuxarı qiymətə təklif edirdilərsə, indi 15 və daha aşağı qiymətə almaq mümkündür. Bu dəfə sərgiyə çıxarılan dünyada məşhur "Taj Mahal" çay markasının 250 qramlıq paketləri 20 manata, eyni çəkidə "Assam" çay paketi isə 17 manata təklif edilsə də, sövdələşməklə hər ikisini 15 manata almaq mümkündür. Yüksək keyfiyyətli düyü çeşidlərinin kilosu 8-10 manata deyilir, təbii ki, aşağı qiymətə almaq mümkündür.
Sərgidə hər çeşiddə ədiyyatlar ar ki, hamısı da təbii və yüksək keyfiyyətli əsl Hindistan məhsullarıdır. Qiymətləri də Azərbaycan bazarlarındakından bir o qədər fərqlənmir.
Burada təbii şampunlar, sabun və krem çeşidləri, qadınların diqqəti çəkən təbii kosmetika vasitələri, üzə, dəriyə və saça qulluq üçün növbənöv təbii bitkilərdən hazırlanmış yağlar da sərgilənir. Tərkibində demək olar ki, heç bir kimyəvi qatqısı olmayan bu məhsulların qiyməti 5 -15 manat arasında dəyişir.
Sərgidə Dehli bölgəsindən gətirilmiş çox çeşiddə qadın çantaları 35-40 manata təklif edilir, təmiz dəridən, yaxud da içi dəridən, üstü isə su keçirməyən təbii parçadan hazırlanan ayaqqabıları 25-30 manata almaq mümkündür.
Həmişəki kimi, bu dəfə də qadın alıcıların marağı nəzərə alınıb. Sərgidə fərqli firmaların istehsalı olan, qiymətli təbii daşlarla süstlənmiş saysız-hesabsız bəzək və zinət əşyaları göz oxşayır.
Oynaq hind musiqisinin sehrindən ləzzət alaraq gəzilən sərgi salonunda bu gün diqqətimizi çəkməsə də, sabahdan qiymətli qırmızı ağacdan hazırlanmış mebelləri də almaq mümkün olacaq.
Bir nüansı da xatırladaq ki, sərgiyə çıxarılan mebellər, təmiz təbii parçadan tikilmiş pal-paltar, örtüklər və sairin hamısı zərif əl işləridir.