"Heç kimə ehtiyacımız yoxdur" - Ərəb milyarder

09:22 10.03.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Al Habtur Qrup-un sahibi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu iş adamlarından olan Xələf bin Əhməd əl-Habtur ABŞ-a iişarə edərək bildirib ki, Yaxın Şərqi xilas edəcəyini iddia edən heç kimə ehtiyacları yoxdur. Habtur əvvəllər X platformasında ABŞ-İsrail hücumlarını Körfəz ölkələri üçün nəticələrinə görə tənqid etmişdi. BƏƏ iş adamı qısa zamanda paylaşımı silib.

Hafta.az yazır ki, ABŞ-ın Respublikaçı senatoru Lindsi Qrehemin Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrini müharibəyə qoşulmağa çağırışına cavab olaraq Habtur deyib: "Niyə hücuma məruz qaldığımızı çox yaxşı bilirik və həmçinin bütün bölgəni bu təhlükəli eskalasiyaya kimin sürüklədiyini, bölgədəki "müttəfiqlər" adlandırdıqları şəxslərlə məsləhətləşmədən hərəkət etdiyini də bilirik". Habtur bildirib ki, BƏƏ və Körfəz Əməkdaşlıq Şurası ölkələri yaxşı işlər görür və başqalarına ehtiyac duymurlar. “Həqiqət budur ki, ABŞ-ın tələsik qərarları bölgəni xalqın qərar qəbuletmə prosesində iştirak etmədiyi və yerli müttəfiqlərlə məsləhətləşmədən əvvəl müharibəyə sürükləyib. İranın bölgəyə təhdidini inkar etmirik. Lakin bu, bir neçə gücün bölgəmizin hesabına təsir uğrunda mübarizə apardığı çirkli oyundur. Burada heç bir dürüstlük və ya şəffaflıq yoxdur. Bu vəziyyətdə İran, İsrail və ABŞ Yaxın Şərqdəki ərəb dövlətləri xalqlarının deyil, öz maraqlarını güdürlər. Biz bu müharibəyə başqalarının maraqlarına xidmət etmək üçün girməyəcəyik; diplomatiya və siyasi həllər yolu ilə qarşısını almaq mümkün olan bir münaqişədə uşaqlarımızı qurban verməyəcəyik. Biz uşaqlarımızın həyatına dəyər veririk və bəzilərinin etdiyi kimi onların həyatını "mülki itkilər" kimi görmürük", - o deyib.

Habtur, hər hansı ölkə ilə ittifaq qurmağın uşaqlarının həyatını təhlükəyə atmağa dəyməz olduğunu vurğulayaraq bildirib: "Əgər Prezident Donald Tramp və Senator Qrem İsrailin maraqları naminə ölkələrini və amerikalıların həyatını təhlükəyə atmağa hazırdırlarsa, bu, onların seçimidir. Biz eyni şeyi etməyəcəyik". Habtur həmçinin ABŞ-ın BƏƏ-yə silah satmasının "yaxşılıq" olmadığını bildirərək əlavə edib: "Biz təhlükəsizliyimizə sərmayə qoyuruq və bu silahlar üçün milyardlarla dollar ödəyirik. Bu, müqavilələr üzərində qurulmuş nəhəng ticarət və sənayedir. Hətta ABŞ belə indi Ukraynadan silah alır ki, digər müharibələrdə müttəfiqlərini təmin etsin. Bu, xeyriyyəçiliklə deyil, müharibə və silah satışı ilə inkişaf edən bir sənayedir".

Qremin neftlə bağlı açıqlamalarına toxunan Habtur deyib ki, senatorun “İran və Venesuela birlikdə dünya neft ehtiyatlarının 31 faizinə sahibdir və ABŞ bu qlobal neft faizini bölüşə bilər ki, bu da "Çin üçün kabus" olardı. Əgər İrandakı rejim dəyişsə, "yeni Yaxın Şərq" yaranacaq və ABŞ çoxlu pul qazanacaq” sözlərini sitat gətirib. Habtur deyib: "İndi mənzərə aydındır, indi başa düşürük ki, niyə bu müharibəni istəyirlər. İfadələrinizi dinləyən hər kəs sizin İsrail Knessetinin üzvü olduğunuzu düşünərdi".

Habtur sözlərini belə yekunlaşdırıb: "Bölgəmizin xalqları başqalarının müharibələrindən uzaq, sülh və sabitlik içində yaşamaq hüququna malikdirlər. Bundan əlavə, maraqlarımızı və təhlükəsizliyimizi necə qoruyacağımıza və bu bölgədə təsir uğrunda mübarizə aparan güclər arasında münaqişələr nəticəsində bizə tətbiq edilən böhranları - yaratmadığımız böhranları - necə aradan qaldıracağımıza qərar vermək hüququmuz var. Biz sülh və sabitlik istəyirik. Bizə tətbiq edilən müharibə yolunu qəbul etməyəcəyik və özümüzü başqalarının müharibələri üçün yanacaq olmağa da icazə verməyəcəyik".