"Ölkələrimiz rəngarəng mədəniyyət formalaşdıran zəngin tarixə malikdirlər" - Mərakeş səfiri

20:22 08.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Mərakeş Krallığı ilə Azərbaycan arasında diplomatik münasibələrin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Mərakeşin ölkəmizdəki Səfirliyi tərəfindən "Mərakeş Azərbaycan gənc rəssamlarının gözü ilə" adlı rəsm müsabiqəsinin qaliblərini mükafatlandırma mərasimi təşkil edib.
 
 
Hafta.az-ın yazdığına görə, çoxsaylı qonaqların iştirakı ilə keçirilən tədbirdə açılış çıxışı edən Mərakeşin ölkəmizdəki səfiri Adil Embarç öncə Mərakeş millisinin futbol üzrə Qətərdə keçirilən Dünya Çempionatında dörddə bir finala yüksəlməsindən fəxrlə söz açıb. Qeyd edib ki, Mərakeş millisi dörddə bir mərhələdə Portuqaliya yığması ilə üzləşəcək, "Ümid edirik ki, Mərakeş yığması 1986-cı ildə Meksikada keçirilmiş Dünya Çempionatında 3-1 hesabı ilə qalib gəldiyi kimi, Portuqaliya komandası üzərində bu dəfə də qələbəsini yeniləyəcək. Amma udsaq da, uduzsaq da, futbolun sehri bütün xalqlar arasında hormoniya və birlik hissi ilə bağlıdır", - deyən səfir Embarç söhbəti tədbirin məğzinə yönəldib. Bildirib ki, Mərakeşlə Azərbaycan arasında bir çox oxşarlıqları birləşdirən möhkəm dostluq əlaqələri möcuddur. Onun sözlərinə görə, iki ölkə tolerantlıq və sülh yaşama rəmzidir.
 
 
Cənab Embarç hər iki ölkənin unikal, rəngarəng özünəməxsusluğu və mədəniyyətini formalaşdıran zəngin tarixə malik olduğunu söyləyib. O, öz işləri ilə mübahisəsiz keyfiyyət və zəngin yaradıcılıq nümayiş etdirən bütün iştirakçılara təşəkkür edib.
 
"Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə gənc rəssamlar arasında rəsm müsabiqəsi elan etmişdik. Biz bununla xalqlarımız arasında körpü yaratmaq istəməklə yanaşı, həm də yeniyetmə və gənclərimizi rəsm sahəsinə həvəsləndirməyə çalışmışıq. Bu məqsədlə azərbaycanlı rəssam, "Nərgiz" studiyasının rəhbəri Nərgiz Quliyeva ilə əməkdaşlıq elədik. Belə qərara gəldik ki, iki nəfər Azərbaycandan, iki nəfər də Mərakeşdən olmaqla dörd münsif müsabiqə iştirakçılarının əsərlərini dəyərləndirsinlər" deyən A.Embarç əlaə edib ki, 2023-cü ildə müsabiqədə iştirak edən gənc rəssamların əsərlərindən ibarət ümumi rəsm sərgisinin keçirilməsi barədə də razılığa gəliblər. 
 
 
Səfir bildirib ki, üç yaş kateqoriyasının hər biri üzrə 3 nəfər olmaqla, 9 qalib çox çətinliklə seçilib. Amma müsabiqədə iştirak edən hər bir gənc rəssam səfirliyin böyük hörmətini qazanıb. O qeyd edib ki, əsərlər müxtəlif texnikaları (quaş, akvarel, şüşə üzərində rəsm və sair) ilə seçilir. Səfir münsiflər heyətinin üzvlərinə, beynəlxalq miqyasda tanınan sənətçilərə peşəkar iştiraklarına və bu müsabiqənin uğur qazanmasında verdikləri töhfəyə, həmçinin, Mərakeş vətəndaşı Xalid Samaka tərəfindən idarə olunan tərəfdaş şirkət "Holcim Azərbaycan"a təşəkkürünü bildirib.
 
 
Daha sonra çıxış edən "Nərgiz" studiyasının rəhbəri Nərgiz Quliyeva deyib ki, Azərbaycanda böyük maraqla qarşılanan sözügedən müsabiqəyə toplam 520 rəsm əsəri daxil olmuşdu. "Çox təəssüf edirəm ki, bəzi rəsmlər mözuya uyğun gəlmədiyi üçün müsabiqədən kənarlaşdırılıb. Buna baxmayaraq müsabiqədə çox maraqlı və göz oxşayan rəsm əsərləri də az deyildi. Ona görə də bu qədər rəsm arasından 9 qalib əsəri seçmək çox çətin oldu. Xüsusilə də ona görə ki, münsiflər heyətinin üzləri fərqli ölkələrdə yaşayırdılar - Azərbaycanda, Mərakeşdə və Fransada. Nəhayət, biz qalibləri seçdik və bu axşam onlar mükafatlandırılacaqlar. Bu müsaqibə sübut etdi ki, Azərbaycanda çox istedadlı gənc rəssamlar var", - deyib xanım N.Quliyeva. 
 
 
Çıxışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi başlayıb. Gənc xanəndə Yusif Cəfərbəylinin başçılıq etdiyi beş gənc musiqiçidən ibarət qrupun müşayiəti ilə diplom və hədiyyələr öz qalib sahiblərinə təqdim edilib. 
 
Bu arada, musiqiçilərin ifasında Mərakeş və Azərbaycan mahnıları səsləndirilib. Məşhur Azərbaycan mahnılarından "Sənə qurban", "Sizə salam gətirmişəm", Şüştər təsnifi, Mərakeş mahnılarından isə "Bent Bladi", "İnas İnas", "Raksat Al Atlas" tamaşaçıların alqışları altında ifa olunub.
 
 
Qeyd edək ki, səfirlik ikitərəfli diplomatik münasibatlarin qurulmasının 30-cu ildönümü ilə yanaşı, digər iki mühüm hadisə, o cümlədən, şanlı Yaşıl Yürüşün 47-ci ildönümünü, eləcə də Mərakeşin müstəqilliyoinin 67-ci ildönümünü qeyd etmə məsədilə 6-18 yaş arası gənc azəbaycanlı rəsamlar üçün müsabiqəyə bu ilin avqust ayında start vermişdi. Bu mədəni tədbirdə iştirakçılar üç yaş kateqoriyasına bölünüb: 6 yaşdan 10 yaşa qədər, 10 yaşdan 14 yaşadək və 14 yaşdan 18 yaşa qədər. Qalib gəlmiş rəssamlar tanınmiş Mərakeş və Azərbaycan rəssamları Mahi Binebine, Abderrahim Yamou, Əsmər Nərimanbəyova və Nərgiz Quliyevadan ibarət münsiflər heyəti tərəfindən seçilib. 
Oxunma sayı 2504
Mədəniyyət rubrikasından digər xəbərlər