"Qarşıdakı illərdə media sahəsində daha böyük uğurların şahidi olacağıq" - MÜNASİBƏT

15:37 20.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Son illərdə Azərbaycan mətbuatını əvvəlki illərdən fərqləndirən ən başlıca amil bizim artıq qalib ölkənin mətbuatı olaraq fəaliyyət götərməyimizdir". Bunu “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindəki tarixi zəfər Azərbaycan mediasının da fəaliyyət istiqamətlərində, məzmununda ciddi dəyişikliklərə yol açdı:

"Artıq media olaraq bizim də qarşımızda bölgədə ölkəmizin yaratdığı reallıqlara uyğun olaraq tamamilə yeni çağırışlar, yeni istiqamətlər dayanır. İndi başlıca məsələ bu çağırışlarla vaxtında ayaqlaşmaq, media fəaliyyətinin qarşımızda açdığı imkanlardan daha səmərəli və faydalı yararlanmağı bacarmaqdır.

Əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycan dövlətinin mediaya diqqət və qayğısı davam etdirilib. MEDİA agentliyi vasitəsi ilə istər çap, istərsə də onlayn mediaya göstərilən yardımlar mətbuatın inkişafında, jurnalistlərin sosial-iqtisadi durumlarının yaxşılaşdırılmasında mühüm rol oynayır. Peşəkar ekspertlər vasitəsi ilə təşkil edilən çoxsaylı təlimlər, seminarlar isə bu sahəyə üz tutan gənc kadrların jurnalist biliklərinin, təcrübələrinin artırılmasına ciddi təsir edir.

Təbii ki, mətbuatla bağlı durumu dəyərləndirərkən, «Media haqqında» yeni qanunun qəbulunu da xüsüusi vurğulamalıyıq. Bu qanunun tələblərindən irəli gələrək illərdir media sahəsində müşahidə etdiyimiz pərakəndəlik tədricən aradan qalxır.

Hüquqi qeydiyyat sahəsində təmərküzləşmə aparılır. Təsadüfi insanların media cameəsindən tədricən uzaqlaşdığı, peşəkarlıq amilinin ön plana çıxdığını müşahidə edirik. Jurnalistlərin sosial-iqtisadi çətinliklərinin aradan qaldırılması istiqamətində dövlət tərəfindən onların güzəştli ipoteka alanların kateqoriyasına daxil edilməsi, vergilərlə bağlı güzəştlər də medianın iqtisadi dayanıqlığının təminində müsbət təsirini göstərir.

İnanıram ki, qarşıdakı illərdə media sahəsində daha böyük uğurların şahidi olacağıq. Bütün həmkarlarımı bir daha Mətbuat Günü münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram".