Qətərin Azərbaycandakı Səfirliyi bu ölkənin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib. Dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbirdə öncə hər iki ölkənin himni səsləndirilib.
Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah əl-Hinzab ölkəsinin keçdiyi tarixi inkişaf yolundan söz açıb.

Bildirib ki, Qətər qısa müddətdə regionda özünə layiqli yer tutub. "Qətər dövləti inanır ki, insan kapitalına yatırım onun sərvətidir. Buna görə də savadlı və bacarıqlı nəslin yetişməsinə önəm verilir", – deyən diplomat əlavə edib ki, bu bayram tədbiri ölkələrimiz arasında diplomatik əlaqələrin 25 illik yubileyinə təsadüf edir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Qətər təhsil, mədəniyyət və iqtisadi sahələrdə uğurlar qazanıb.
"Azərbaycanla Qətər arasında bütün sahələrdə yaxşı münasibətlər var. Qətər Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir", – deyən nazir ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərini xüsusi vurğulayıb. O deyib ki, ölkələrimiz arasında zəruri müqavilə-hüquq bazasının yaradılması, o cümlədən 2016-cı ildə dövlət başçılarımızın müvafiq qərarı ilə fəaliyyətə başlamış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya uğurlu əməkdaşlıq üçün mühüm platforma yaradıb.

Azərbaycan-Qətər münasibətlərinə indi də müəllifin nəzərləri ilə yanaşaq:
Azərbaycanla Qətər bütün sahələrdə sıx əməkdaşlıq edir. Ölkələrimiz arasında diplomatik əlaqələr 14 sentyabr 1994-cü ildə yaradılıb. 2007-ci ildə Azərbaycanın Dohada, Qətərin isə Bakıda səfirliyi fəaliyyətə başlayıb.
Yeri gəlmişkən, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunmaqdadır.
İkitərəfli əlaqələrin inkişafı 30 noyabr – 1 dekabr 2004-cü il tarixdə Prezident İlham Əliyevin Dohaya, Qətər Əmiri Şeyx Həməd bin Xəlifə əl-Taninin isə 2007-ci il avqustun 28-də Bakıya səfərlindən sonra daha da genişlənib.
Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələri inkişaf etdirmək üçün səylər göstərilməkdədir. Bu məqsədlə 2016-cı ilə Azərbaycan və Qətər hökumətləri arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradılıb. Komissiyanın birinci iclası 2017-ci il yanvarın 31-də Bakıda keçirilib. Komissiyaya Azərbaycan tərəfindən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Qətər tərəfindən isə Baş nazirin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani rəhbərlik edir.

Azərbaycanla Qətər arasında coğrafi yaxınlıq və əməkdaşlıqda böyük potensialın olmasına baxmayaraq, ticarətin həcmi çox aşağıdır. 2018-ci ildə, rəsmi məlumata görə, əlaqələrin həcmi 3,6 milyon dollar olub ki, onun da 90 faizi Azərbaycandan Qətərə ixracın payına düşüb. Ölkələrimiz arasında ticarət əlaqələrinin ən yüksək həcmi 2011-ci ildə qeydə alınıb.
2016-cı ildən etibarən Azərbaycan Qətər də daxil olmaqla, bir sıra Ərəb ölkələrindən gələn vətəndaşlar üçün viza prosedurlarını asanlaşdırıb. Nəticədə 2016-cı ildə 2015-ci illə müqayisədə Qətərdən 5,5 dəfə çox turist gəlib. Amma bu rəqəm Səudiyyə Ərəbistanından gələn turistlər üçün 10 dəfə çox olub.
Bu gün Qətərdə, təxminən 350 azərbaycanlı yaşayır. Hansı ki, ölkəmizin Dohadakı səfirliyinin konsulluq şöbəsində 81 azərbaycanlı qeydiyyatdan keçib. Qətərdə yaşayan həmvətənlərimiz, əsasən neft və qaz, tibb, turizm və digər biznes sahələrində fəaliyyət göstərirlər. Azərbaycanlılar əsasən paytaxt Dohada yaşayırlar.
Qədim tarixi, zəngin mədəniyyəti, füsünkar təbiəti olan Azərbaycan xarici turistlər, həmçinin qətərlilər üçün cəlbedici istiqamətdir. 2016-cı ildə Azərbaycan səfər etmiş qətərli turistlərin sayı əvvəlki illərlə müqayisədə 5,5 dəfə artıb. 2017-ci ildə ölkəmizə 7 min Qətər vətəndaşı səfər edib. 2018-ci ildə isə qətərli turistlərin sayı 12 mindən çox olub.
Doha ilə Bakı arasında Qətər Hava Yollarının açdığı birbaşa hava marşrutu üzrə həftədə 14 dəfə uçuşlar həyata keçirilir.
2017-ci ilin avqust ayında QətərAzərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib. Yeni qaydaya əsasən, hazırda 30 günədək səfər üçün viza tələb olunmur.

Qətərdə azərbaycanlıların diaspor təşkilatı fəaliyyət göstərmir, lakin həmvətənlərimiz il ərzində Səfirlik tərəfindən təşkil edilən bütün tədbirlərdə (Azərbaycanın Müstəqilliyi Günü, Xocalı soyqırımı, Dünya Azərbaycanlıların Həmrəylik Günü, Respublika Günü və s.) fəal iştirak edirlər.
Hazırda Azərbaycanın Qətərdə səfiri Rəşad İsmayılov, Qətərin ölkəmizdə səfiri isə Feysal bin Abdullah əl-Hinzabdır.
Ölkələrimizin parlamentləri arasında da sıx münasibətlər mövcuddur. Azərbaycan - Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 2005-ci ilin dekabrında yaradılan qrupa hazırda millət vəkili Tahir Rzayev rəhbərlik edir.
Son məlumata əsasən, Azərbaycanla Qətər arasında müxtəlif sahələri əhatə edən 33 sənəd imzalanıb.
P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Qətərin ölkəmizdəki səfirliyinin, başda səfir Feysal bin Abdullah əl-Hinzab olmaqla, bütün diplomatlarını təbrik edirik.