2 metrlik məsafə, tibbi maskasızlar və avtobuslardakı boş spirt qabları... - REPORTAJ

10:48 31.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Paytaxtdakı dayanacaqlara baş çəkdik. İnsanların - sərnişinlərin tibbi maskadan, digər qoruyucu vasitələrdən istifadə edib-etmədiyi ilə yerindəcə tanış olmaq istədik. Əslində bu istəyimizə səbəb son günlər ölkəmizdə koronavirus pandemiyasına yoluxanların sayındakı artımlarla bağlıdır. Hər şeyə Hafta.az-ın obyektivindən baxaq.

Gördüklərimizdən gəldiyimiz nəticə ondan ibarətdir ki, sərnişinlər bir sıra dayanacaqlarda 2 metrlik ara məsafəsinə diqqət yetirmirlər. Ara məsafəsi saxlamırlar. Səbəbini soruşduqda onlar bunu yolunu gözlədikləri marşrutların gec gəlmələri ilə izah etdilər.

Yəni, dayanacaqlarda sıxlıq yaranır və mənzil başına tələsən sakinlər ara məsafəsinə fikir vermirlər.

Gələk tibbi maskadan istifadəyə; bir çox dayanacaqlarda tibbi maskadan istifadə edilmir. Şəhərin mərkəzində - xüsusən də metronun "28 May" metrostansiyasına yaxın ərazilərdə tibbi maskadan daha çox istifadə edildiyini görürük.

Hətta bəzi valideynlər azyaşlı uşaqları üçün də tibbi maska alıb avtobuslara minirlər. Şəhərin mərkəzi hissələrində hətta ara məsadəsinə də diqqət edilir. Həssaslıqla yanaşılır. Bir çox dayanacaqlarda sərnişinlərin avtobusdan düşdükdən sonra əllərini spirtlədiklərinin də şahidi oluruq. Hətta avtobuslarda sıxlıq olanda marşruta minməyənləri də görürük.

Təbii ki, bu qəbildən olan və virusa həssaslıqla yanaşanlar azlıq təşkil edirlər.

"20 Yanvar" metrostansiyası istiqamətində isə demək olar ki, qəbul edilmiş qaydalara məhəl qoyulmur. Əməl edilmir. Diqqətçəkən məqamlardan biri də bir sıra avtobuslarda insanların asğırarkən və öskürərkən əllərini ağızlarına tutmaması ilə bağlıdır. Necə gəldi öskürürlər. Sürücülərlə söhbətləşirik. Deyirlər ki, hər səhər işə çıxanda və iş saatı bitib qaraja dönəndə avtobuslar dezinfeksiya edilir. Yuyulur.

Özləri də hər səhər tezdən həkim müayinəsindən keçirlər. Hərarətləri ölçülür, hər şey yolunda olduqdan sonra marşrut xəttə buraxılır. Hətta bəzi avtobuslarda spirt və dezinfeksiyaedici məhlul qablarını da gördük. Amma bir çoxlarının içi boş idi.

Oxunma sayı 3125