2023-cü ildə kimləri itirdik?

15:22 28.12.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ömrün daha bir ilini başa vururuq. 2023-cü il öz yerini 2024-ə təhvil verib tarixə əlidolu yollanmağa hazırlaşır. Qeyd edə ki, bu il kimlər üçünsə yeni başlanğıclar, kimlər üçünsə ömür yolunun son dayanağı oldu. Bir çox tanınmışlar ömrünü başa vurub, əbədiyyət yolçuluğuna çıxdılar.

2023-cü ildə itirdiyimiz tanınmışları yada salaq.

İlin əvvəllində Əməkdar artist, Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra vəfat etdi. Uzun illər tamaşaçıların qəlbində taxt quran aktrisa 22 yanvar 2023-cü ildə dünyasını dəyişib. Xərçəng xəstəliyinə məğlub olan 49 yaşlı aktrisa “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Uzun müddət mədə xərçəngi xəstəliyindən əziyyət çəkən Xalq artisi Ramiz Novruz isə 2023 –cü ilin fevralın 20-də vəfat edib. O, da “Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

“Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev 19 fevral tarixində Moskvada ürəktutmadan dünyasını dəyişib.

Tanınmış ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim, Məşədi Dadaş Məscidinin sabiq imamı Hacı Şahin Həsənli martın 2-də 48 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi.

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev mart ayının 22-də yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov 9 aprel 2023-cü ildə 75 yaşında vəfat edib. O, İkinci Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov aprel ayının 29-da dünyadan köçüb. Onun böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilib.

“Şofer Əhməd” rolu ilə tamaşaçıların qəlbinə və yaddaşına həkk olunan Əməkdar artist Elxan Qasımov may ayının 29-da dünyasını dəyişib. Aktyorun ölüm səbəbi aorta anevrizmasının partlaması olub. O, Xırdalan qəbiristanlığında dəfn edilib.

İyulun 14-də Milli Məclisin deputatı Madər Musayev 75 yaşında  ürəktutmasından vəfat edib.

Uzun illər keçmiş ANS-də çalışan jurnalist, aparıcı Natəvan Babayeva da həyatla 2023-cü ildə vidalaşdı. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən N.Babayeva iyulun 20-də vəfat edib və Salyanın Parça Xələc kəndində dəfn olunub.

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov 31 iyul 2023-cü ildə 64 yaşında İstanbulda vəfat edib.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Əməkdar artist Aliyə Ramazanova 1 sentyabr 2023-cü ildə 82 yaşında vəfat edib. Əməkdar artist Yasamal qəbiristanlığında dəfn edilib.

2023-cü ilin 24 sentyabrında siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmiş, 28 sentyabrda isə müalicə olunduğu reanimasiya şöbəsində vəfat etmişdir. 48 yaşlı Qənirə Paşayeva 29 sentyabr 2023-cü ildə “İkinci Fəxri Xiyaban”da son mənzilə yola salınıb.

Heydər Əliyev Sarayının sabiq direktoru, "Şöhrət" ordenli Əməkdar mədəniyyət işçisi Fərhad Babayev də bu il dünyasını dəyişib.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 3 oktyabr 2023-cü ildə vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayev 10 noyabr 2023-cü ildə 77 yaşında vəfat edib. Bəstəkar Yasamal qəbiristanlığında dəfn olunub.

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev 8 dekabrda dünyasını dəyişib. Tanınmış diplomat Azərbaycanın Çin, Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı səfiri vəzifələrini yerinə yetirib. Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, o, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.

Bir neçə gün bundan öncə Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də ömrünün 80-ci payızında vəfat edib.