8 Martın "od tutub yanan" qiymətləri: Koronavirus fonunda gül bazarı - FOTO

10:14 08.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Bu gün 8 Martdır və bütün dünyada güllərin - xanımların bayramıdır!
 
Paytaxt Bakıda da bəylər xanımlarını təbrik etmək üçün gül mağazalarının, suvenir, aksessuar və bujiteriya dükanlarının önündə var-gəl edir, hədiyyə seçirlər.
 
Hafta.az-ın obyektindən 8 Mart Günü hədiyyə, gül mağazalarında təklif olunan qiymətlərlə maraqlandıq. Satıcılardan əldə etdiyimiz məlumata görə, adi günlərlə müayisədə 4-5 manatlıq qızılgüllər 5-6, bəzi yerlərdə 7-8 manata təklif olunur.
 
Satıcılar etiraf etdilər ki, tələb təklifi üstələdiyi üçün qiymətlər bu qədər yüksəkdir. Bundan başqa, orta ölçülü qızılgül buketlərinin qiyməti 20-35 manat arasında dəyişir. Orta ölçülü gül buketlərində ancaq 3 ədəd qızılgül olur. Böyük ölçülü dəstə buketlər isə 35-40 manatdan başlayan qiymətlərlə alıcıya təklif edilir. Bu həcmli qızılgül buketlərində qızılgüllərin sayı 5-15 arasında dəyişməkdədir. Holland zambaqlarının qiymətlərində də bahalaşma müşahidə olunmaqdadır. Belə ki, adi günlərdə bir ədədi 3 manata boynubükülü müştəri gözləyən holland gülləri indi biri 5-6 manata alıcıya "naz edir". 3 ədədlik sadə dəstə 15-18 manata, zövqə görə buket sifarişi isə alıcıya 20-25 manata başa gəlir. Nərgizgüllərinin qiyməti isə o qədər də dəyişməyib. Adi günlərdə 1-2 manata alıcıya təklif olunan bu çiçəklər indi 2-3 manata satılır.
 
Satıcılar onu da deyirlər ki, son iki gündə dibçəklərdə alıcıya təklif olunan canlı güllərə, xüsusən də novruzgüllərinə təlabat xeyli artıb. Kiçik dibçəklərdəki novruzgülləri 3, böyük dibçəklərdəki adıçəkilən çiçəklər 7 manata alıcıya təklif olunur. Bəzi mağazalarda satıcılar iddia edir ki, koronavirus səbəbi ilə gül alan bəylərin sayında azalma müşahidə olunur. Onlar daha çox Çin və İran istehsalı olmayan məhsullara - hədiyyələrə üstünlük verirlər. Bu hədiyyələr isə adətən suvinirlər və qab-qacaqlardır.