II Dünya Müharibəsində ABŞ əsgərinin oğurladığı 300 illik rəsm tapıldı

09:05 23.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

II Dünya Müharibəsi zamanı Amerika əsgəri tərəfindən oğurlanmış 300 illik rəsm əsəri Almaniyaya qaytarılıb.

Hafta.az-ın “Times of Israel”ə istinadən yazdığına görə, avstriyalı rəssam İohan Frans Nepomuk Lautererin 18-ci əsrə aid “İtalyan mənzərəsi” adlı tablosu dünən FTB tərəfindən Almaniyanın Çikaqodakı konsulluğuna aparılıb.

Ötən il Çikaqoda yaşayan və şəxsiyyəti açıqlanmayan bir şəxs oğurlanmış sənət əsərlərini izləyən Art Recovery International şirkəti ilə əlaqə saxlayıb və 1945-ci ildən bəri tapılmayan tablonun əlində olduğunu bildirib.

Şirkətin qurucusu Kristofer Marinello sözügedən şəxsin rəsm qarşılığında pul istədiyini, lakin şirkətin siyasətinə uyğun gəlmədiyini əsas gətirərək bunu rədd etdiklərini bildirib.

Marinellonun sözlərinə görə, onlarla əlaqə saxlayan şəxs bildirib ki, II Dünya Müharibəsində iştirak edən əmisi evə qayıdarkən tablonu özü ilə gətirib.

Şirkət sahibi bildirib ki, sonradan FTB və vəkillərin iştirakı ilə rəsm heç bir pul ödəmədən geri alınıb. Bildirilir ki, iki rəsm əsərinin bir hissəsini təşkil edən tablo tezliklə Almaniyanın Münhen şəhərindəki Alte Pinakothek muzeyində sərgilənəcək.