İdman mallarına təlabat - sərt karantin rejimi zamanı və indi

11:48 17.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

“İdman sağlamlığın rəmzidir” deyib atalarımız. Həm sağlam həyat tərzi sürmək, həm də formada qalmaq üçün hər gün idmanla məşğul olmaq faydalıdır. İdman insana gözəl görünüş deyil, həm də pozitiv mühit, gümrah ruh bəxş edir. Bəziləri idman etmək üçün mütəmadi olaraq zallara üz tutsa da, bir qisim insan bu prosesi ev şəraitində həyata keçirir. Xüsusilə pandemiya dövründə idman zallarının bağlanması ora gedənlərə də evdə idmanla məşğul olmağı öyrətdi. Qeyd edək ki, uzun müddət aktiv olmayan həyat tərzi eyni zamanda artıq çəkiyə də səbəb olurdu. Məhz bu səbəbdən, sərt karantin rejimi tətbiq olunan ərəfələrdə idmanla məşğul olmaq bir çoxu üçün əsas şərtə çevrilmişdi. Elə buna görədir ki, əksər insanlar evlərinin bir hissəsində kiçik idman guşəsi yaratdı. Bu halda ən çox tələbat isə  idman alətləri satılan mağazalara idi.

Hafta.az-ın əməkdaşı paytaxtda yerləşən bir neçə idman alətləri satılan obyektlərə baş çəkib, burada pandemiya müddətində yaranmış canlanma və hazırkı vəziyyətlə tanış oldu.

Öncə deyək ki, pandemiya ilə bağlı fəaliyyətinə məhdudiyyətlər tətbiq edilən idman zalları həmin dövrdə,  idman alətlər satılan mağazaların qazancını  xeyli artırıb. Bunu biz yox, satıcılar özləri təsdiqləyirlər.

Baş çəkdiyimiz ilk ünvan Nərimanov rayonu ərazisində yerləşən idman ləvazimatlarının satıldığı geniş mağaza oldu. Burada qadın, kişi və uşaqlar üçün müxtəlif markalara məxsus idman geyimləri, fərqli ölçülərdə qaçış lentləri, güc trenajorları, pilates üçün alətlər – toplar, lentlər, hər çəkidə və ölçüdə qantellər, ev üçün turniklər, velotrenajor aləti, bir sözlə, idman üçün lazım olan  nə varsa tapmaq mümkündür.

Mağazada suallarımızı bu sahədə 3 ildən artıq təcrübəyə malik olan Elçin cavablandırdı. Ayaqüstü söhbət zamanı məlum oldu ki indi satışlarda bir qədər durğunluq var. Bütün hallarda idman ləvazimatlarına hər zaman tələbat var. Sərt qapanmaların tətbiq edildiyi günlərdə isə idman alətlərinə maraq hazırkından qat-qat yüksək imiş:


“Zallar bağlı olan vaxtlarda satış təxminən 2 dəfəyə qədər artmışdı. İnsanlar daha çox qantel, turnik və jqutlar, həmçinin idman ayaqqabıları və geyimlər almaq üçün bizə müraciət edirlər. Hər zaman, istər sərt karantin dövründə, istərsə də indi ən çox satılan məhsullar qiyməti nisbətən ucuz olanlardır”.

Elə qiymət demişkən, mağaza rəsmisinin sözlərinə görə, burada satılan  bahalı və nisbətən azalınan məhsulların qiyməti 1000 manatdan başlayır, bu hədd 2000-2900 manata qədər artır.

Müştərilərinin yüksək əksəriyyətini gənclər təşkil edən digər idman alətləri satılan mağazanın əməkdaşı hazırda satışlarda durğunluq olduğunu söyləyir. Satıcı bildirir ki, əvvəllər idman dedikdə daha çox kişilər yada düşürdüsə, indi bu tamamilə dəıyişib:

“Hazırda daimi müştərilərimizin əksəriyyəti xanımlardır. Bəylərdən fərqli olaraq gənc xanımlar pilates üçün lazım olan əşyalara daha çox maraq göstərirlər. Mağazada ən çox satılan məhsulların sıralaması isə belədir: idman geyimləri, qantellər, jqut və ev turnikləri”.

Müsahibimiz deyir ki, sərt karantin rejimi tətbiq olunan ərəfədə əvvəllər, ancaq zallar üçün alınan qaçış lentlərinə marağın artması onları da bir xeyli təəccübləndirib:

“Bir ara hamı qaçış lenti ilə maraqlanırdı. Xüsusən də SMS-icazə tətbiq edilən vaxtlar buna tələbat xeyli çoxaldı. Bu da təbii ki, daha çox artıq çəkidən əziyyət çəkən şəxslərə lazım idi. Normalda bahalı və ağır alətləri daha çox idman zalı sahibləri alırlar. İndi hər kəs evdə idman edə bilmək üçün pilates topu, lenti və qantellərə maraq göstərir”.

Qeyd edək ki, həftədə, orta hesabla, 3-4 gün idmanla məşğul olmaq vərdişin formalaşması deməkdir. Mütəxəssislər mütəmadi olaraq idmana vaxt ayırmağı tövsiyə edirlər. Əlbəttə ki, bu tövsiyələr sağlamlıqla əsaslandırılır.

Oxunma sayı 237