Milli Xalça Muzeyində qapılarını iziyarətçilərin üzünə açacaq “İki Yulius” sərgisinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan ictimaiyyətinin tanınmış simaları, millət vəkilləri, hökumət və diplomatik korpus nümayəndələri iştirak edib.
Hafta.az-ın yazdığına görə, tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açılışı qeyd olunan sərginin tarixindən, əhəmiyyətindən söz açıb. Bildirib ki, sərginin “İki Yulius” adlandırılmasının mənası var – latviyalı görkəmli rəssamlar Yulius Maderniks və Yulius Straumenin yaradıcılığını özündə birləşdirir.

“2018-ci ildən başlayaraq hər il bu böyük rəssamların doğulduğu Gülbene şəhərində festival keçirilir və orada Straumenin irsi tədqiq olunur. Biz də Milli Xalça Muzeyi olaraq həmin festivalda iştirak edirik. Yulius Straumen bizim üçün çox vacib insan olub. Çünki o, 1903-cü ildən 1923-cü ilədək Qafqazda – Tiflis şəhərində yaşayıb və oradakı rəssamlar emalatxanasının müdiri olub” deyən Şirin Məlikova qeyd edib ki, cənab Straume Tiflisdə yaşadığı dövrdə Azərbaycanın ərazisini qarış-qarış gəzərək, qədim Azərbaycan xalçalarının bazasını yaradıb. Straume Qafqazda mütəmadi olaraq etnoqrafik ekspedisiyalar aparır, əksəriyyətini xalça ornamentləri təşkil edən milli əl işi nümunələrinin saysız-hesabsız eskizlərini və fotoşəkillərini toplayıb. Texniki tapşırıq kimi toxuculara paylamaq üçün eskizləri qrafik kağız üzərində çəkmək fikri də ona aiddir. Hansı ki, həmin arxiv indi də Gürcüstan muzeylərində qorunub-saxlanılmaqdadır.

Muzeyin rəhbəri qeyd edib ki, Straume 1923-cü ildən sonra Latviyaya qayıdıb və Qafqazda topladığı təcrübəni tətbiq edir. “Yəni orda da bizim qədim eksizlər əsasında xalçalar toxuyub və həmin sənət əsərlərindən bəzilərini sərgimizdə görmək mümkündür. O, xalçaları sintez edir - həm bizim milli xalça ornamentlərini, həm də yaşadığı dövrün müasir elementlərini və bədii xüsusiyyətlərini bir araya gətirir. Bu gün rəssamın əsərləri həm onun vaxtilə yaşadığı Gülbene şəhər Bələdiyyə Tarix və İncəsənət Muzeyində, həm də Latviya Dekorativ Sənət Muzeyində sərgilənməkdədir” deyən Şirin Məlikova onu da əlavə etdi ki, sərgidə eyni zamanda Gürcüstan muzeyində qorunan arxivin də bir hissəsi ziyarətçilərin diqqətinə təqdim olunacaq.

Çıxışçı onu da qeyd edib ki, sərgi çərçivəsində sabah Latviyadan gəlmiş sənətşünasın Maderniks haqqında mühazirəsi olacaq. Bundan əlavə, sərginin keçirildiyi dövrdə müxtəlif masterklasların təşkili də nəzərdə tutulub ki, bunların da forma və məzmununu, ideyasını Gülbene şəhərindəki xüsusi təmayüllü uşaq məktəbinin direktoru Sandra Dikane hazırlayıb. Masterklasları da elə o, keçirəcək.

Latviyanın ölkəmizdəki Səfirliyinin Müvəqqəti İşlər vəkili xanım Vija Busa çıxışında sərginin keçirilməsində məqsəddən söz açıb, Latviyanın klassik xalça rəssamları Yulius Maderniks və Yulius Straumenin gördüyü işlərdən, onların irsinin Latviya ilə Azərbaycan arasında mədəni əlaqələrə töhfəsindən danışıb.

Xanım diplomat sərginin üç aya yaxın müddətdə Milli Xalça Muzeyində ziyarətçiləri qəbul edəcəyini və bunun insanların yaddaşında gözəl xatirə olaraq qalacağına əminliyini ifadə edib. Bildirib ki, səfirlik olaraq bu cür birgə mədəni tədbirlərin keçirilməsinə önəm verirlər.

Mədəniyyət Nazirliyinin Muzey, Qaleriya və Sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva da çıxış edərək Latviya səfirliyini, Milli Xalça Muzeyini, eləcə də bu layihədə əməyi keçən Gürcüstan və Latviya muzeylərini təbrik edib, onlara bu şərəfli işdə uğurlar arzulayıb. Nazirliyin rəsmisi bildirib ki, son zamanlar muzeylər arasında beynəlxalq səviyyədə əməkdaşlıq xeyli genişlənib və muzeylərdə təşkil olunan tədbirlər buna bariz nümunədir. Sərginin işinə uğrlar arzulayan Nərgiz Abdullayeva bu cür mədəni layihələrə əllərindən gələn dəstəyi verəcəklərini bildirib.

Xatırladaq ki, sərgi AMXM, Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Latviya Milli İncəsənət Muzeyi, Gülbene İncəsənət Məktəbi, Gürcüstan İncəsənət Muzeyi – Mədəniyyət Tarixi Muzeyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Latviyanın Azərbaycandakı Səfirliyi, Latviya Dövlət Mədəniyyət Kapitalı Fondunun dəstəyi ilə keçirilir.

Sabahdan ziyarətçilərə açıq olacaq sərgidə Yulius Straumenin Qafqaz və Şərq incəsənətinin, həmçinin art-deko üslubunun, milli romantizmin təsirini özündə əks etdirən eskizlərinin reproduksiyaları nümayiş olunacaq. Eskizlərin orijinalları Köhnə Druvyena Məktəb-Muzeyi (Latviya), Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi (Latviya), Latviya Milli İncəsənət Muzeyi (Latviya) və Gürcüstan İncəsənət Muzeyi – Mədəniyyət Tarixi Muzeyində (Gürcüstan) qorunur.

Ekspozisiyanın əsas hissəsini Straume və Maderniksin eskizləri əsasında hazırlanmış müasir tekstil və çini əsərləri təşkil edəcək. Bunlar “Saxsa” Xalq Tətbiqi Sənəti Studiyasının (Latviya) üzvləri və onun direktoru Biruta Akmentina tərəfindən yaradılmış şərflər, dəsmallar, corablar və əlcəklər, rəssam İnes Brantsın (Latviya) naxışlarla bəzədiyi çini qablar, eləcə də Təbriz İslam İncəsənət Universitetinin professoru Kərim Mirzəyi və onun tələbələri tərəfindən yaradılmış xalça, balış və süfrələrdir.

Sərgidə Dekorativ İncəsənət və Dizayn Muzeyinin Latviya toxuculuq kolleksiyasının kuratoru Ruta Rinkanın Latviya tekstilinə dair mühazirəsi keçiriləcək, həmçinin Gülbene İncəsənət Məktəbinin və Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssislərinin xüsusi olaraq bu sərgi üçün hazırladığı uşaqlar üçün proqramlar yer alacaq.
Oktyabrın 20-dən ziyarətçiləri qəbul edən sərgi 2023-cü il yanvarın 6-dək davam edəcək.