İnadkar satıcılar, cibiboş alıcılar - REPORTAJ

17:35 14.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İş günü, üstəlik, az qala 40 dərəcə istidə, şəhər ətrafındakı “Sədərək” adlanan bazarda xeyli adam vardı. Baxmayaraq ki, səhər saat 10-11 arasıydı, bu qədər adamı görüb təəccübləndim. İşin-gücün bu saatında bunlar niyə işdə yox, alış-verişdədirlər deyə. Özü də virusun delta variantının yayıldığı bir vaxtda.

Virusdan söz düşmüşkən, tam səmimi deyirəm: bazarda olduğum saatlar ərzində məndən başqa kimsə maska taxmamışdı. Yenə əvvəllər maskanı çənəyə endirmiş, yaxud dirsəyə keçirmiş olsalar da, hər halda koronavirus təhlükəsini xatırladırdılar. İndi isə...

Piştaxtaların arası ilə gəzdikcə bürküdən bağrım çatlayırdı. Yerdən qalxan toz-mikrob, elə gözlə görmədiyimiz və iki ildir həyatımızı əsirə çevirib, neçə-neçə yaxınımızı bizdən alan koronavirus bu bürküdə çiyinlərimizdə gəzdiyi halda, insanların özlərinə niyə bu qədər azadlıq verməsini başa düşmədim. Heç nəzarət edən də yox idi, kimin nəyinə gərək, türklər demiş: canları cəhənnəm, təki mal satılsın, bazarın rüsumu ödənilsin, qalanı boş şeydir...

Boş şeydir demiş, qadın satıcılardan birinə, satdığı uşaq geyimlərindən birini göstərib qiymətini soruşdum. Eşitmədi deyəsən. Bir az mənə sarı əyildi, ikinci dəfə təkrarladım.  Satıcı xanımın reaksiyası:

- Bir yandan isti nəfəsimizi kəsib, siz də maskanı keçirmisiz ağzınıza...

- Düzdür, istidir, amma maskasız olmur axı, min cür adam var, nə bilim hansı xəstədir, hansı sağlam.

- Nə virus-zad, boş verin, indiyədək ölməmişiksə, bundan sonra da heç nə olmaz, - etiraz elədi.

- Birdən gəlib yoxlayan olar, ən azından durduğumuz yerdə cərimələnməyək!

- Ölmüşdü yerin yiyəsi, bu qədər adamı kim cərimələyəcək! 

Düz sözə nə deyim, kirimişcə piştaxtadakı rəngbərəng, üzərini nağıl qəhrəmanları bəzəmiş, allı-güllü uşaq geyimlərinə baxdım. Qardaş Türkiyənin mallarıydı - “Baycan”, “Tosan”, “Memocan”, nə bilim hansı firmaların... Qiymətləri də şokedici: dəstin biri 3-5 manat. Ayrı vaxt “kitayski” sintetik geyimləri bunun iki-üçqatına satırdılar...

Satıcı deyir ürəklə alın, təmiz maldır, sadəcə iki ildir pandemiya ilə bağlı sata bilməyiblər, yığılıb qalıb. İndi yeni məhsullar gəlib, odur ki, heç qazanmamaqdansa, az qazanmağı üstün tutublar. Camaat da ki pandemiyanın yasaqlarını yavaş-yavaş aradan qaldırıb, özlərini veriblər bazara, karantinin acığını çıxırlar. Malı da ucuz görən kimi, özlərinə də olmasa, qohum-əqrəba uşaqlarına paltar alıb, xeyirxah görünmək istəyirlər.

Karantindən söz düşmüşkən, toylar başlayıb, oğlan evləndirib, qız köçürənlər fürsəti itirmək istəmirlər. Bu, özünü “Sədərək”də də göstərir. İynə atsan yerə düşməz, kimi mitilüzü alır, kimi yastıqüzü, yorğanüzü, nə bilim mələfə. Burada mələfə 6-12 manat, yastıqüzləri əsasən 1-2 manata satılır. Hamısı da təmiz pambıq materialdan, hər rəngdə, hər bəzəkdə.

Bu qədər alıcı olduğu halda məhsulu niyə belə ucuz satmalarının səbəbini soruşdum.

- İlyarımdır alış-veriş yoxdur, alıcını çəkmək lazımdır, – gənc satıcı xanım peşəkarcasına cavab verdi. – Əlimizdə mal çoxdur, mayasından aşağı “əridirik” ki, yeni partiya məhsul gətirə bilək.

- Onsuz da alıcınız boldur, ilyarımdır gəlin köçəcəyi günü gözləyən qızların ailələri, budur, qarşınızdadırlar, - əlimlə ətrafı saran qadınlara işarə etdim.

- Elə bilirsiniz onlarda pul var, - satıcı üz-gözünü turşutdu, - onlar da bizim kimi, pandemiya başlayandan işsiz-gücsüzdürlər, - dedi.

Əhsən sənə, satıcı qız! Ömrümdə ilk dəfədir ki, əlinə düşən fürsəti dəyərləndirməli olan satıcıdan belə bir etiraf eşitdim.

“Sədərək”in günbatan hissəsinə - el arasında “Şirniyyat” adlandırılan yerə gəldim. Burada nə yoxdur, dünyanın hər yerində istehsal olunan qabqacaqlar - ən bahalı büllurlar, soyuducudan televizora, çilçıraqdan xalça-palaz – hər şey. Alıcı da az deyildi, biri baxıb keçir, o biri qiyməti salmaq üçün çənə-boğaza çıxır, biri də ki dinməz-söyləməz almaq istədiyinin pulunu verib, götürüb gedir. 

Hə, pal-paltarın ucuz olması sizi aldatmasın, vay o günə ki, “Şirniyyat”dan bir az sanballı nəyinsə qiymətini soruşasan, bahalıqdan hər şey od tutub yanır. Əvvəllər qutuda satılan çəngəl-qaşıq dəstini 120-150 manata almaq olardısa, indi 250 manatdan bir qəpik enmirlər. Hətta bir yerdə satıcı oğlan alıcının endirim istəyi qarşısında keçi inadından tutub dayanmışdı ki, nə endirim, maya qiyməti elə 250-dir, xalis alman firmasının məhsuludur və sair. Əlacı kəsilənlər alırdılar, imkanı olmayanlar isə satıcının yola gəlmədiyini görüb daha üzüyola satıcı axtarmağa gedirdilər.

Bahalı antikvarların bənzərlərinin satıldığı dükanda maraqlı bir söhbət oldu. Deməli, satıcı kişidən işinin necə getdiyini, səhərdən bir şey sata bilib-bilmədiyini soruşdum. Kaş  soruşmayaydım, ürəyini boşaltmağa adam axtarırmış deyəsən.

- Saat neçədir – 11, indiyədək siz qarışıq dörd adam gəlib qapıma, sadəcə baxıb gediblər, heç nə almayıblar, – dedi. – Qınamıram, burada satılan bütün mallar bahalıdır, klassik-antikvar dəblidirlər. Materialları ya bürüncdür, ya da farfor.

- Hara istehsalıdır?

- Burada nə görürsünüzsə, hamısı İrandan gətirilir.

- Bunlar, – qarşımdakı yanyana, eyni boyda və görünüşdə, sadəcə funksiyası nisbətən fərqli vazalara işarə etdim, – neçəyədir? – soruşdum.

- Bir ədədi 200 manatadır. Birinə meyvə, o birinə şirniyyat yığmaq olar, amma əslində bunlar dekorativ məqsədlidir, otağı bəzəmək üçündür. Adətən, imkanlı alıcılar gəlir bizə, ya da hədiyyə vermək istəyənlər. Şəxsi fikrimdir: qıza bir maşın qab-qacaq alınca tək bu vazanı vermək daha məqbuldur, bir evin cehizinə dəyər. Görürsünüz, bahalı olsalar da, mənzərə rəsmlərimiz, şamdanlarımız, adi bakaldan tutmuş boşqablara, güldanlardan konfetqablarınadək nə desəniz var, klassik otaq istəyənlərin arzuladığı hər şeyi burda tapmaq mümkündür.

Qonşuluqdakı dükana keçdim – qazan-tava dəstləri, ümumiyyətlə, mətbəx əşyaları satılırdı. İçəridə 7-8 adam da vardı. Rəfi bəzəyən 5 hissədən ibarət tava dəstini müzakirə edən biri gənc, ikisi orta yaşda qadınlara yaxınlaşdım. Qararəngli, qızılı qulpları olan tavalar doğrudan da heyranedici görünürdü. Qız iki ayağını bir başmağa dirəyib həmin qabları aldırmaq istəyirdi. Digər qadınlar isə – biri anası, digəri qohumu – çox baha olduğunu deyib, qıza ayağını yorğanına görə uzatmağı təklif edirdilər.

-  Neçəyə verirlər? – Qadınlardan soruşdum və cavab gözləmədən, qəşəngdirlər, – dedim.

- Qəşəngdir, amma bahadır – 250 manatdan bir qəpik düşmürlər. Zərdabdan bura maşın sürdürmüşük, amma hər şey bahadır, bu qiymətlərə cehiz alıb qız köçürmək olmaz, – qadınlardan biri incik şəkildə deyindi. – Lap bu tavaları götürdük, bir siyahı şey almalıyıq ee, o biriləri nəylə alacağıq?!

Qadınlar deyinə-deyinə dükandan çıxdılar. Ola bilər, yaxın günlərdə gəlin köçəcək qarayanız kənd qızının gözü də, könlü də tavalarda qalmışdı. Yazıq bir gözü arxada, bir gözü qabaqda ayaqlarını sürüyürdü...

İrəlidəki iri lay şüşə qapılı dükanda rəfləri çini mallar bəzəyirdi. Cürbəcür çay, nahar, kofe dəstləri vardı, hamısı da bir-birindən gözəl. Barmağımı birinə uzadıb, sualdolu nəzərlərlə satıcıya zilləndim.

- Yeni maldır, Çexiya istehsalıdır, - satıcı əsas məsələdən yayınıb məhsulu tərifləməyə başladı.

Nəhayət, deyəsən dediklərinin mənə maraqlı olmadığını hiss etdi:

- 1400 manata verərik, - dedi. – Tam dəstdir, içində nahar, çay, kofe... Bundan da bahalıları var, - əli ilə arxadakı rəfdə düzülmüş ağlı-qaralı qablara işarə etdi. – Yox, əgər ucuzvari istəyirsinizsə, bunlar var: 350-dən başlayır, 400-600 manatadək.

İçəridə alıcı gözə dəymirdi, səbəbini soruşdum. Dedi ki, gələn olur. Gün ərzində  2-3 dəst sata bilirlər, əlavə tək məhsullar da satılır. Məhsullar bahalı olduğu üçün gündə 2-3 dəst satanda, ayda filan qədər alver olur.

Hə, satıcı oğlan onu da dedi ki, toylara icazə veriləndən sonra dükanda canlanma yaranıb, ona görə də son ilyarımın əvəzini çıxırlar.

“Şirniyyat”ı başdan-başa gəzib-dolaşdım. Yalnız diqqətçəkən məhsullar bahalaşmayıb, adi xırdavat mallarında da artım var. Hətta bəzi məhsullar şəhər dükanlarında satılandan da bahadır - ən azı 15-20 faiz.

“Sədərək”dən ayrılanda yolumu gəlin köçən qızların vazkeçilməzi olan xalçalara baş çəkmək üçün xalça bazarına yol aldım. O boyda bazarda satıcılardan başqa demək olar ki, kimsə gözə dəymirdi. Ucuzvari nazik Türkiyə xalçalarının, kavrolitlərin bəzi çeşidlərində endirimlər vardı. Bəzi məhsulların üzərində endirimi göstərən qiymətlər fərqi ilə yazılmışdı. Məsələn, 3-2 ölçülü nazik türk xalçası əvvəl guya 120 manata olub, indi isə 90 manata təklif edilirdi. Adi kavrolitlərdə də həmçinin 30 faizlik endirim vardı. Əlbəttə, bu məhsulların heç biri cehizlik deyil. Cehizə yararlı normal keyfiyyətli xalçalar isə 350 manatdan başlayır, bir neçə min manatadək yüksəlir.

Satıcı ilə söhbətləşdim. Dedi, alıcı qıtlığı var, həmişə həftəsonuna ümid edirdilər, indi pandemiya vəziyyəti ilə əlaqədar həftəsonları avtobuslar işləmir deyə gələn də az olur. Əsasən rayonlardan gələn alıcılar isə xalçaların baha olmasından gileylənir. Amma nə etsinlər, məhsulun maya dəyəri artıb, yoxsa ki, özlərindən qiymət qaldırmayıblar.

Satıcı onu da dedi ki, bütün günü burada alıcı yolunu gözləsələr də, nə yaxşı ki, sosial şəbəkələr var, facebook-da, instaqramda-filanda səhifə yaradıb, məhsullarını onlayn formada satmağa çalışırlar. Əlbəttə, onlayn formada satış buradakından daha yaxşıdır...

Hə, belə-belə işlər. Pandemiya əhaliyə bütövlükdə ziyan vurub: satıcısına da, alıcısına da. Satıcı ziyanda, alıcının da pulu yoxdur ki, öz təlabatını ödəmək üçün bazara gəlib, nəsə alsın. Pandemiyanın yeganə zərər vurmadığı şey sosial şəraitindən asılı olmayaraq hər kəsi yaşadan ümiddir. Satıcı da, alıcı da düşünür ki, vəziyyət belə qalmayacaq: hər şey yaxşı olacaq...

Oxunma sayı 4720