İngiltərəli məşhur musiqiçidən KRAL III ÇARLZA 10 TÖVSİYYƏ

12:40 26.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İslamı qəbul etdikdən sonra Yusif İslam adından istifadə edən ingilis musiqiçi Kat Stevens Kral III Çarlz üçün tövsiyyəsini yazıb.

Hafta.az-ın "Guardian"a istinadən yazdığına görə, bu qəzetdə dərc olunan tövsiyyədə Yusif İslam Kralın idarəçiliyində diqqət yetirməsini istədiyi şeyləri sadalayıb. 74 yaşlı sənətçinin 10 bəndlik tövsiyyəsi belədir:

1. Kral olsan da, yenə də Allahın qulusan.

2. Təhsil vasitəsilə nifrəti aradan qaldırın və hər yerə sülh gətirin.

3. Aclara yemək verin.

4. Hamımız insanıq, səhv edirik, bağışlayan olun.

5. Xəstə və evsizlərə dəstək olun.

6. Ətrafınızdakı mənfi insanlara diqqət yetirin.

7. Hər kəsin bir rolu var, birlikdə işləməyi öyrədin.

8. Ədalətli olun, tərəf tutmayın. 

9. Konstruktiv tənqidə qulaq asın. 

10. Bütün inancları və hamımızın paylaşdığı bu qiymətli dünyanı qoruyun.

Məşhur musiqiçi tövsiyyə ilə bu mesajı paylaşıb: "Sənətkar olmağın imtiyazlarından biri də ağlasığmaz görünənləri ifadə etmək və sonra insanların düşünməsi üçün paylaşmaqdır. Başqalarının bilmədiyi şeyləri deyə bilərik. Əlbəttə, mən çox yaxşı bilirəm ki, musiqi dünyanın problemlərini həll edə bilməz, lakin o hekayəni istiqamətləndirməyə kömək edə bilər".

Yusif İslam öz tövsiyyəsindən və mesajından əlavə Twitter hesabında yeni bir parça da yayımlayıb.
1966-cı ildə karyerasına başlayan və 1977-ci ildə İslamı qəbul edən musiqiçi tezliklə işıq üzü görəcək "King of a Land" albomundan eyniadlı mahnının 27 saniyəlik hissəsini paylaşıb. Belə ki, o, 2017-ci ildən bəri ilk dəfə yeni kompozisiya dərc edib. 2020-ci ildə çıxan "Tea for the Tillerman 2" isə 1970-ci il albomunun yenidən yazılmış versiyası idi.

Qeyd edək ki, Kral III Çarlzın rəsmi tacqoyma mərasimi mayın 6-da keçiriləcək. Paytaxt Londondakı Vestminsterdəki Müqəddəs Pyotr kilsəsində baş tutacaq mərasimdə Bukingem sarayından kilsəyədək yürüş də olacaq.