İnklüziv təhsil: mövcud vəziyyət, gələcək perspektivlər

14:12 10.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə inklüziv təhsilin inkişaf etdirilməsi istiqamətində atılan addımlar bəzi  çətinliklərin aradan qaldırılmasına imkan yaradıb

Hər bir uşağın pulsuz təhsil almaq hüququ vardır. Sağlamlıq imkanları məhdud olanlar uzun illərdir ki, təhsil almaqla bağlı bir sıra çətinliklərlə üzləşirlər. Onların üzləşdiyi çətinliklərin obyektiv və subyektiv səbəbləri var. Bəzən valideynlər sağlamlıq imkanı məhdud olan uşaqlarından utanaraq onların sosiallaşmasına şərait yaratmaqdan çəkinirlər. Cəmiyyətin özü belə uşaqlara qarşı laqeydlik nümayiş etdirdiyindən sağlamlıq imkanları məhdud uşaqlar həyatlarını dörd divar arasında keçirmək məcburiyyətində qalırlar. Son illər istər məktəbəqədər, istərsə də orta təhsil sahəsində aparılan islahatlar sağlamlıq imkanı məhdud övladı olan valideynlər üçün yeni ümidlər yaradıb. Belə ki, ölkəmizdə inklüziv təhsilin inkişaf etdirilməsi istiqamətində atılan addımlar bu sahədəki mövcud çətinliklərin aradan qaldırılmasına imkan yaradıb.

Qeyd edək ki, inklüziv təhsil - təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan inkişaf prosesidir. Bu təhsil sistemi sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını təmin edir. İnklüziv təhsil istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud uşaqların bərabər təhsil alma hüquqlarını təmin edir. Təhsilin bu növü belə uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur. Müasir dövrdə inklüziv təhsil dedikdə uşaqların məktəbəqədər müəssisələrdə, orta təhsil məktəblərində dərs alması prosesi nəzərdə tutulur ki, bunun da xüsusi tələbləri var. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir. Onun əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaratmaqdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların tipik yaşıdları ilə təhsilə birgə hazırlanması üzrə məsuliyyət mahiyyət etibarı ilə daha çox psixoloq və tərbiyəçilərin üzərinə düşür. Ümumiyyətlə, korreksiyaedici xidmət dedikdə, öncə onların təhsilə daha tez uyğunlaşması, uşaqlarla effektiv ünsiyyət qura bilməsi nəzərdə tutulur. Məsələn, uşaq bağçalarında, yaxud məktəbəqədər hazırlıq müəssisələrində tərbiyəçilərin əsas rolu aşağıdakı funksiyaları həyata keçirməkdən ibarətdir: uşaqlarda kollektivçilik, əmək vərdişləri, davranış, etik və əxlaqi keyfiyyətlərin inkişaf etdirilməsi, dünya haqqında ilkin təsəvvürlərin yaradılması və s. Bir sözlə, məktəbə hazırlıq prosesində pedaqoq uşağı fiziki və mənəvi cəhətdən tərbiyə edir,cəmiyyət tərəfindən müəyyən edilmiş vəzifələrə uyğun şüurlu fəaliyyətə hazırlayır.

Bu təhsil forması ilə bağlı hansı işlər görülüb?

Təhsil Nazirliyinin  son illər həyata keçirdiyi ən uğurlu layihələrdən biri kimi məhz inklüziv təhsillə bağlı layihə hesab olunur. Belə ki, ölkəmizdə  “İnklüziv təhsil layihəsi”nin icrasına 2005-ci ildən start verilib. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)” təsdiq edilib. İnkişaf proqramı çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı 3 pilot layihənin icrasına başlanılıb. Layihələrin icrası gedişində 15 ümumi təhsil, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunub. 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsillə bağlı görülən işlər və bu sahədə beynəlxalq təcrübə təhlil edilib. Nəticə etibarilə əlilliyi olan şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçib. 2016-cı ildə  xüsusi təhsil sistemində  interaktiv proseslər həyata keçirilib və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaradıcılıq potensialının inkişafı sahəsində  inklüziv təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb. 2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. Bu  məqsədlə müəyyənləşdirilən pilot inklüziv məktəblərin (Bakıdakı 138, 220, 202 və 252 nömrəli məktəblər) hər birində iki sinif olmaqla, sağlamlıq imkanları məhdud olan 4 uşaq birinci sinfə qəbul edilib. Hazırda Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib.

Ölkə başçısı İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da məhz  sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməsində və onların təhsili üçün maneəsiz mühit yaradılmasında geniş imkanlar yaradır.

İnklüziv təhsil dünyada

Məlumat uçün onu da bildirək ki, inkluziya ingilis dilindən tərcümədə “daxil olma”, “qoşulma” deməkdir.  İnklüziya sağlamlıq imkanları məhdud olan təhsil alanların öz güclərinə inamlarını artırmağa, həmçinin onları digər uşaqlarla birgə məktəbdə təhsil almağa stimullaşdıran cəhddir. İnklüziya yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqların cəhdlərini həyata keçirməyə kömək etmir. Belə uşaqlar sırasına həmçinin müxtəlif mədəniyyətlərə malik, həyat tərzlərinə görə bir-birindən fərqlənən, başqa dillərdən olan, təhsilə müxtəlif maraqları və imkanları olan uşaqları da aid etmək olar. Belə uşaqlara informasiyanın ötürülməsi üsullarında müxtəlif modifikasiya və variantlar lazımdır.
Hazırda inklüziv təhsil bir çox Avropa ölkəsində geniş yayılıb. Xüsusilə də İngiltərədə bu təhsil sistemi geniş yayılıb və bu cür uşaqlara əlverişli təhsil imkanları yaradılır. Bu ölkədə hazırlanan İndividual Təhsil Planına (IEP) əsaslanaraq sağlamlığı məhdud uşaqların 90 faizi təhsilə cəlb olunub. Bu təhsil planı imkan verir ki, uşaqların hərtərəfli inkişafı təmin edilsin. Eyni zamanda siniflərdə uşaqların dərsliklərlə təmin olunmasına şərait yaradır.

Türkiyədə isə belə uşaqlar üçün xüsusi təhsil və təlim verən məktəblər, mərkəzlər fəaliyyət göstərir və dərsliklərlə təmin olunur. Ümumiyyətlə, inklüziv təhsilin təməli ilk dəfə Parisdə görmə məhdudiyyətli usaqlar üçün məktəbin açılması ilə qoyulub. Daha sonra Avropanın bir çox ölkəsində və Rusiyada, 1830-cu illərdə isə ABŞ-da açılıb. Hazırda bu ölkələrdə inklüziv təhsil və təhsilə dair dərsliklər yüksək səviyyədədir.

Səsli dərsliklər - inklüziv təhsilə dəstək vasitəsi

Azərbaycanda inklüziv təhsillə bağlı nəzərdə tutulan innovativ layihələrə dəstək də artırılıb.  Məsələn, bir neçə il öncə Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olan “Səsli dərslik” layihəsi bu gün də uğurla davam etdirilir.  Kəlbəcər rayon 19 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nofəl Şirinov innovativ bir layihə olan "Səsli dərslik" ideyasının dövlətimizin başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan qaynaqlandığını deyib. Bununla bağlı hafta.az-a danışan l müəllif bildirib ki, bu layihə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması təhsil siyasətinin tərkib hissəsidir: “VI sinfin ədəbiyyat dərsliyindəki bədii mətnlər perspektiv planlaşdırmanın tələblərinə uyğun ardıcıllıqla professional diktor və qiraətçilər tərəfindən studiya şəraitində səsləndirilib və www.sesliderslik.az saytına yerləşdirilib. Səsləndirilən bədii mətnləri şagirdlər saytdan dinləyərək öyrənə bilirlər. Eyni zamanda, layihə ilə bağlı mobil tətbiq də mövcuddur. Valideynlər həmin kitabı telefonlarına da yükləyə bilərlər. Demək olar ki, bu layihəyə böyük maraq var və yüklədiyimiz videolara baxış sayı 300 mini ötüb. Bu yaxınlarda isə inklüziv təhsilə dəstək məqsədilə Heydər Əliyev Fondunun dəstəyi əsasında daha bir layihəyə başlamışıq. “1001 səsli hekayə” adı altında olan layihəmizdə həm orta məktəb dəsliklərindən, həm də klassik və dünya ədəbiyyatından 5-16 yaşlı uşaqlar üçün yeni resurslar hazırlayırıq. Bununla bağlı bir neçə video hazırdır və uşaqların ixtiyarına verilib”.

Oxunma sayı 2193