İşgüzar qadınlar- qadın işləməlidirmi?

14:19 06.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər hesab edirlər ki, əgər biz qadın və kişilərin hüquqlarının bərabərliyindən danışırıqsa, bu məsələdə ayrı-seçkilik etməməliyik

Müasir qlobal tendensiyalar göstərir ki, cəmiyyətin hər sahəsinin uğurlu inkişafında digər faktorlarla yanaşı, gender elementinin nəzərə alınması olduqca önəmlidir. Bu isə qadınların və kişilərin bütün sahələrdə bərabərliyinin real surətdə təmin olunmasını ön plana çəkir. Təcrübə göstərir ki, demokratik inkişaf yolu seçən hər bir müasir cəmiyyətdə zamanın dinamikası yeni vərdişlər, bacarıqlar tələb edir. Bu da qadınları cəmiyyətin həyatında daha fəal iştirak etməyə sövq edir

. Qeyd edək ki, Azərbaycan qadını həmişə öz fədakarlığı, zəhmətsevərliyi, intellekti və ailəsinə bağlılığı ilə seçilib. Hazırda qadınlarımız həm ictimai-siyasi, həm də şəxsi həyatında zərif çiyinlərinə düşən ağır yükün öhdəsindən bacarıqla gəlirlər. Amma etiraf edək ki, qadınların iş həyatına atılmasına, karyera qurmasına cəmiyyətdə həmişə birmənalı münasibət olmur. Adətən, “qadın və karyera” fikri bir çox mühafizəkar ailələr tərəfindən qəbul olunmur, hətta elə ailələr var ki, qızların orta təhsil almasını da məqbul saymırlar. Düzdür, müasir dövrdə belə ailələrin sayı azalmaqda olsa da, həyat yoldaşının işləməsinə icazə verməyən kişilərin sayı kifayət qədərdir. Kişilərin bir çoxu belə düşünür ki, yalnız onlar karyera sahibi ola bilərlər. Qadınların vəzifəsi isə ev işləri görmək, övlad böyütmək, həyat yoldaşının qayğısına qalmaq və s. olmalıdır. Qeyd edək ki, bu kimi baxışları olan kişilər qadın işlərsə ev qayğısından azad olacaqlarından, övladlarının və özlərinin baxımsızlığından qorxurlar.

Mütəxəssislər isə hesab edirlər ki, bu davranışla kişilər ailəni əlavə gəlirdən məhrum edir və bu öz növbəsində uşaqlarının sağlamlığı,təhsilinə investisiya imkanlarını azaldır. Bunlardan əlavə, uşaq bağçada, məktəbəqədər qruplarda və dayə ilə birlikdə valideynlərin daimi nəzarəti altında olmaqdan daha çox sərbəst olur. Digər tərəfdən, bir qadının işləməkdən imtina etməyə məcbur olduğu vəziyyət, onun ərindən tamamilə asılı olmasına gətirib çıxarır. O, bütün şəxsi xərcləri onunla razılaşdırmalıdır. Hətta bir çox hallarda ailə münaqişələri qadınların öz maliyyə resurslarının olmaması və alış-veriş üçün daim icazə almasının lazım gəldiyi səbəbilə baş verir. Deməli, işləməyən qadının hər zaman iqtisadi zorakılığa məruz qalma ehtimalı var. Ekspertlər hesab edirlər ki, qadınların işləməsinin müsbət cəhətlərindən biri də, onların özlərini inkişaf etdirməklə bərabər böyütdükləri uşaqların da dünyagörüşünün yüksək olmasına təsir göstərməsidir. İşləyən qadınlar hüquqlarını yaxşı bildiklərindən onları aldatmaq çətin olur, bu hal isə kişiləri daha çox narahat edir.

Yeri gəlmişkən, bu gün Azərbaycanda əhalinin 50.1 faizini qadınlar təşkil edir. Sonuncu açıqlanan məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin 48.6, məşğul əhalinin isə 48.1 faizi qadınlardan ibarətdir. Burada maraqlı məqam ondan ibarətdir ki, əməkqabiliyyətli yaşda hər 100 kişidən 78 nəfəri, hər 100 qadından isə 63 nəfəri iqtisadi cəhətdən fəaldır. İqtisadi cəhətdən qeyri-fəal, heç bir rəsmi fəaliyyətə cəlb edilməyən qadınların 632 min nəfəri ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər, yəni, “evdar” statusu olanlardır. Bu kateqoriyadan olan kişilərin sayı isə 33 min nəfərdir. Rəsmi göstəricilərə görə qadın işsizlərin sayı da kişilərə nisbətən 40 faiz çoxdur. İşləyən qadınların sayı isə 3 fəaliyyət növündə kişilərdən daha çoxdur. Statistikaya əsasən, qadınların sayı kişilərdən səhiyyə və sosial xidmətlərin göstərilməsində 54,8 faiz, təhsildə 47,6 faiz və istirahət, əyləncə və incəsənət fəaliyyətdə 23,3 faiz çoxdur. Məşğul qadınların 82faizi iqtisadiyyatın 5 sahəsində çalışır. Bütün məşğul qadınların 42,1 faizi kənd təsərrüfatında, 18,2 faizi ticarət sektorunda, 11,7 faizi təhsildə, 6,1 faizi səhiyyə və sosial xidmətlərdə, 3,5 faizi isə emal sənayesində işləyir. Statistikanın mövcud təsnifatına görə 19 iqtisadi fəaliyyət sferası və həmin fəaliyyət sektorlarından 8-də qadınlar, 11-də isə kişilər üstün xüsusi çəkiyə malikdir.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən sosioloq Elçin Əfəndi deyib ki, qadına işləməklə bağlı qadağa qoyulması zorakılığının bir formasıdır: “Azərbaycanda gender bərabərliyinin təmin edilməsi daima dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu gün ölkəmizdə gender bərabərliyinin təmin olunması üçün bütün resurslardan istifadə olunur. Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak edirlər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ verilib. Ümumiyyətlə, “qadın işləməlidirmi” sualının özündə gender bərabərliyi pozulur. Əgər biz qadın və kişilərin hüquqlarının bərabərliyindən danışırıqsa, ayrı-seçkilik etməməliyik. Qadının işləməsinə, karyera qurmasına şərait yaratmalıyıq. Düşünürəm ki, bu seçimi qadınlar özləri etməlidirlər, kişilər onlara hansısa məhdudiyyət qoymamalıdırlar. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyəti olaraq bir az mental düşüncəmizdə yanlışlıqlar var. Bəzən deyirlər ki, “qadın hara iş hara”, “qadın hara təhsil hara”. Bu absurd bir düşüncədir. Əksinə biz nə qədər təhsilli, intellektli qadın yetişdirsək, bir o qədər sağlam cəmiyyət qura bilərik. Bu cür cəmiyyətin bəhrəsini hər birimiz görəcəyik. Yəni, bu məsələdə qadın seçim qarşısında qoyulmamalıdır. Ola bilər ki, hansısa qadın işləmək istəməsin, ailəsinə, uşaqlarına baxmaqla, övladlarını tərbiyə etməklə kifayətlənsin. Bir sözlə, özünü iş həyatında görməsin. Biz bu qadınlara da normal yanaşmalıyıq, cünki bu onların öz seçimidir, seçimlərinə hörmət etməliyik. Amma ümumi götürsək, elə sahələr var ki, bizdə həmin sahələrdə işləyən qadınların sayı kişilərdən daha çoxdur, Məsələn, təhsil, səhiyyə, media sahəsində çalışan xanımların sayı kişilərin sayını üstələyir. Lakin bir daha təəssüflə vurğulayım ki, bəzi bölgələrdə ailələr nəinki qadının işləməsinə, hətta onların təhsil almasına da məhdudiyyət qoyurlar. Qızlar məktəbdən yayındırılaraq erkən yaşda evləndirilir. Düşünürəm ki, bu məsələdə müvafiq dövlət qurumları, eləcə də aidiyyəti QHT-lər cəmiyyərin maarifləndirilməsi üçün əllərindən gələni etməlidirlər”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Müasir Psixologiya Mərkəzinin uzman, ailə və uşaq psixoloqu Nəsibə Tağıyeva deyib ki, ailədə qadının işləməsinin bir sıra müsbət tərəfləri var: “İlk növbədə işgüzar xanımlar özgüvənli olurlar. Bu da ailədə olan uşaqların özgüvənli bir mühitdə yetişməsinə əlverişli imkan yaradır. Belə ki, valideyn özü oxumağının, aldığı ali təhsilin önəmini gördüyü zaman övladlarının da bu istiqamətdə düzgün şəkildə irəliləməsinə nail ola bilir. Eyni zamanda, belə ailə mühitində uşaqlar öz fikirlərini sərbəst səsləndirə bilirlər. Əgər təhsilli bir xanım işləmək istədiyini bildirərkən həyat yoldaşından qadağa, sərhəd görürsə, bu ailəyə də yansıyır və qadın təhsillə bağlı məsələlərdə övladlarına düzgün istiqamət verə bilmir. Təbii ki, bu o demək deyil ki, ailədə hər zaman iş mövzusu ilə bağlı çaxnaşmalar olmalıdır. Amma kişilər unutmamalıdırlar ki, bu qadağanı həyat yoldaşından görən qadınlar bəzən özlərini aşağılanmış hiss edə, verilən qərarı sevgisizliklə əlaqələndirə bilərlər”.  

Məsələyə münasibət bildirən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deyib ki, Azərbaycanda hüquqi baxımdan qadın-kişi bərabərliyi ilə bağlı ciddi problemlər olmasa da, faktiki cəhətdən qadınların imkanları daha azdır: "Ailədə olan zorakılıq, cəmiyyətdə bir çox stereotiplərin mövcudluğu, qadının üzərinə ailə yükünün düşməsi, qadında özünü qiymətləndirmə amilinin aşağılığı və digər amillər burda mühüm rol oynayır. Məsələn, qadının iqtisadi müstəqilliyi ilk növbədə təhsilidir, peşəsidir, özünün gəlirlərinin olmasıdır. Ola bilər ki, qadın işləmir, lakin kişi onun üçün müəyyən bir büdcə ayırır, həmin vəsaitlə özünün  və uşaqlarının problemlərini həll edir. Bir də var ki, kişi ailədə bütün iqtisadi məsələləri öz əlində saxlayır, qadın ondan bəhrələnə bilmir. Bu da insan haqlarının, qadın hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxaran bir haldır ki, qadın sərbəst şəkildə nə özü, nə də övladları ilə bağlı heç bir qərar verə bilmir".

Oxunma sayı 819