Almaniya əhalisinin 23 faizi miqrantlar və onların övladlarıdır

09:45 03.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniya Federal Statistika İdarəsinin məlumatına əsasən ölkə əhalisinin 19 milyon nəfəri 1950-ci ildən bəri ölkəyə gələn mühacirlər və ya onların övladlarıdır. Bu rəqəm ölkə əhalisinin 23 faizinə uyğundur.

Hafta.az-ın "Euronews"a istinadən yazdığına görə, başqa sözlə, Almaniya əhalisinin təxminən 72 faizinin immiqrasiya ilə əlaqəsi olmadığı məlum olub. Almaniya Statistika İdarəsi bu araşdırma ilə ölkə əhalisini ilk dəfə təkcə vətəndaşlıq deyil, həm də immiqrasiya rəqəmləri ilə təhlil edib.

Federal Hökumətin 2021-ci ildə İnteqrasiya üçün Çərçivə Şərtləri üzrə Ekspert Komissiyasının təklif etdiyi araşdırmada birinci və ikinci nəsil immiqrantlar, yəni 1950-ci illərdə Almaniyaya köçənlər və onların övladları immiqrant kimi müəyyən edilib.

Mikro siyahıyaalma kimi müəyyən edilən araşdırma, statistika idarəsi tərəfindən ildə bir dəfə ölkə əhalisinin təxminən 1 faizinə uyğun gələn seçmə qrup üzrə aparılır.

Statistika idarəsinin apardığı mikro hesablamaya görə, Almaniyada yaşayan 14,2 milyon insan və ya əhalinin 17,3 faizi 1950-ci ildə ölkəyə “qonaq işçilər” qəbul edildikdən sonra gələn birinci nəsil mühacirlərdir. Əhalinin 4,5 milyonunu immiqrantların uşaqları təşkil edir. 5,7 faizə uyğun gələn qrup Almaniyada doğulmuş, lakin valideynləri 1950-ci ildən başlayaraq Almaniyaya gəlmiş mühacirlərin uşaqları olaraq ifadə edilir. Bundan əlavə, 3,7 milyon nəfər və ya əhalinin 4,5 faizi bir valideyni mühacirət etmiş, digər valideyn isə etnik alman olan insanlardan ibarətdir.

Digər tərəfdən bu rəqəmlər Almaniyadakı mühacirlərin sayının Avropa ortalamasından daha yüksək olduğuna diqqət çəkib. Hansı ki, Avropada orta göstərici 10,6 faizdir.

Yeni təqdim olunan rəqəmlərin 2021-ci il üçün olduğunu qeyd edən ofis, Rusiyanın ötən il Ukrayna torpaqlarını işğal etməsindən sonra Almaniyaya sığınan bir milyondan çox ukraynalının bura daxil olmadığını vurğulayıb.