“Ana, mən müharibə istəmirəm!” uşaq rəsm sərgisinin açılışı olub - FOTO

14:10 19.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakıda Ukrayna müharibəsinə həsr olunmuş “Ana, mən müharibə istəmirəm” adlı uşaq rəsm sərgisi açılıb.

Polşa və Ukraynanın ölkəmizdəki səfirlikləri tərəfindən təşkil olunan, diplomatik korpusun, Azərbaycanın rəsmi şəxslərinin də qatıldığı sərginin açılış mərasimində öncə Ukraynadakı dağıntılarla bağlı qısa videoçarx nümayiş etdirilib.

Açılış nitqində Polşanın ölkəmizdəki səfiri Rafal Poborski bildirib ki, Ukraynada müharibə hələ bitməyib və bunun nəticəsində insanlar həyatlarını itirir: “Ukraynanın humanitar yardıma ehtiyacı var. Rusiyanın təcavüzünə qarşı birgə mübarizə aparmalıyıq. Azərbaycanın Ukraynaya fəal dəstək verən ölkələr sırasında olmasını yüksək qiymətləndiririk. Azərbaycan müharibənin nə olduğunu və onun nəticələrinin nə qədər dəhşətli olduğunu yaxşı bilir. Sərhəddə baş verən son hadisələr zamanı həlak olanların bütün yaxınlarına başsağlığı verirəm. Mən həm Azərbaycana, həm Ukraynaya sülh arzulayıram”.

Daha sonra çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iqeyd edib ki, son həftələr Ukrayna öz ərazilərinin bir hissəsini Rusiya işğalından azad edə bilib: “Bu dəhşəti dayandırmaq üçün daha çox dəstəyə ehtiyac var. Müharibə milyonlarla ukraynalını evlərini tərk etməyə məcbur edib. Uşaqların münaqişədən əziyyət çəkməsi və ölməsi xüsusilə kədərlidir”.

Ukraynalı diplomat həmçinin müharibə zamanı humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkür edib.

Bir az da sərgi haqda:

"Ana, mən müharibə istəmirəm!" sərgisi Polşa-Ukrayna birgə layihəsi “1939-45 Polland/2022 Ukrayna” çərçivəsində həyata keçirilir.

Sərgini unikal edən ekspozisiyada müxtəlif xalqların və nəsillərin övladlarının müharibə haqqında çəkdikləri rəsmlərdən ibarət olmasıdır. Eksponatların bəziləri “Ana, mən müharibə görürəm” saytında toplanmış balaca ukraynalıların müasir rəsmləri ilə təqdim olunur. Burada onlar Ukraynadakı rus təcavüzünün cəhənnəmi ilə bağlı öz görüşlərini ifadə edirlər. Sərgidə nümayiş etdirilən şəkillər sübut edir ki, məkan və zamandan asılı olmayaraq müharibə həmişə özü ilə böyük bəlalar gətirir, xüsusilə də fiziki və psixoloji cəhətdən daha çox uşaqlara zərər verir. Amma onlar ümidsiz deyillər və hər zaman yaratdıqları rəsm əsərlərində həm də gələcəyə inam və arzularını ifadə edirlər.

Müasir rəsmlərlə yanaşı, polşalı uşaqların İkinci Dünya Müharibəsi və 1939-1945-ci illərdə alman işğalı zamanı görüşlərini əks etdirən hərbi mövzulu arxiv əsərləri də təqdim olunur. Bu əsərlər, əsasən, müharibədən sonrakı ilk illərdə sosial-pedaqoji tədqiqatlar və 1946-cı ildə Przekrój həftəliyi tərəfindən elan edilmiş müsabiqə üçün çəkilib. Balaca Polşa müəlliflərinin rəsmləri Varşava arxivində (Archiwum Akt Nowych) saxlanılan Təhsil Nazirliyinin 1945-1966-cı illər kolleksiyasından seçilib.

Sərginin əsas məqsədi müharibə dramını bir uşağın gözü ilə göstərmək, onu daha geniş auditoriyaya çatdırmaq və bir daha dünya ictimaiyyətinin diqqətini hazırda Ukraynada baş verən dəhşətlərə, şahidlərə və qurbanlara, o cümlədən uşaqlara yönləndirməkdir. Uşaqlar öz əsərlərində sübut edirlər ki, İkinci Dünya Müharibəsinin dəhşətləri ilə Rusiya ordusunun Ukraynada törətdiyi vəhşiliklər arasında heç bir fərq yoxdur.

Azyaşlı ukraynalı və polşalı rəssamların əsərlərini müqayisə edəndə əmin olmaq olar ki, uşaqların gözündə istənilən müharibə həmişə eyni görünür: uşaqlar partlayışlar, yanğınlar, tanklar və bombalar atan təyyarələr çəkirlər. Onların rəsmlərinə həmçinin dağıdılmış evlər, qəbirlər, yaralılar və ya ölənlər, o cümlədən ailələri-yaxınları daxildir.

Təqdim olunan sənət nümunələrinin səmimiliyi və təsirliliyi hər kəsi özünə cəllb edir. Bu, yer üzündə sülh naminə Avropa və bütün dünyada nümayiş etdirilməli olan çoxmənalı və dərin mahiyyətli sərgidir.

Sərgi 29 sentyabr 2022-ci il tarixinədək Bakıda Landmark Rotundada açıq olacaq.

Giriş pulsuzdur.

Oxunma sayı 2530