Ana Harayı abidəsini ziyarət edənlər - REPORTAJ

12:25 24.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

XXI əsrin ən dəhşətli facisəsinin – Xocalı soyqırımının 30-cu ildönümünə sayılı günlər qalıb. Azərbaycan xalqı onillər keçməsinə baxmayaraq, bu ağrı-acını unutmur, hər il dərin hüznlə yad edir.

Qanlı 26 fevral gecəsi hər şeydən xəbərsiz, əliyalın xalqa tutulan amansız divan saysız-hesabsız dəhşətləri özündə gizlədir. Bildiyimiz hadisələr ağlasığmaz vəhşiliklərlə və tükürpərdən detallarla doludur. Həmin gecə vətəndaşlarımızın başına gətirilən ən amansız olaylar isə bəlkə yüzillər ərzində belə sirr olaraq qalacaqdır.  O gündən sonra hər bir azərbaycanlı hansı bölgədən, rayondan, hətta milliyyətindən asılı olmayaraq, bir az da Xocalıdan idi...

Hafta.az-ın əməkdaşı paytaxtda yerləşən və Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırımı hadisəsi qurbanlarının xatirəsinə ucaldılan Ana Harayı abidəsini ziyarət etdi.

Nəzərinizə çatdıraq ki, Ana Harayı abidəsinin arxasında yerləşən və üzü abidəyə sarı olan binalardan birinə “Xocalı 30”, “Xocalıya ədalət” yazıları vurulurdu. Hələ ki, binada bununla bağlı müvafiq işlər gedirdi.

İldönümünə günlər qalmasına baxmayaraq, artıq əliqərənfilli vətəndaşlarımız abidəni ziyarətə gəlməyə başlayıblar. Gələnlər arasında üstünlüyü məktəblilər təşkil edirlər. Balaca həmvətənlərimiz burada abidə önünə çiçəklər düzür, Xocalı hadisələrinə həsr edilmiş şeirlər söyləyirlər. Yaxınlaşıb balacalarla bir qədər həmsöhbət olduq. Ziyarətlərinin səbəbi soruşulanda hərə birağızdan Xocalı hadisələri haqqında danışmağa başladı. Aydındır ki, balacalar bu haqda  məlumatlıdır.

Bakı şəhəri 164 nömrəli məktəbin birinciləri abidəni ziyarət edənlər arasında idilər. Uşaqlara başçılıq edən Əməkdar müəllim Afət Allahverdiyeva deyir ki, uşaqlara mütəmadi olaraq vətənpərvərlik ruhunun aşılanması, tarixən xalqımızın başına gətirilən oyunlar haqqında həm dərslərdə, həm də dərslərdənkənar məlumatlar verilir:

“Şagirdlərimiz Ana Harayı abidəsini ziyarət edib, şeirlər söyləyəcəklər. Balaca olduqlarını nəzərə alaraq onlara Xocalı həqiqətləri haqqında çox şeyi deyə bilmirik. İndi onların psixologiyaları belə şeyləri dərk etmək üçün çox həssasdır. Buna baxmayaraq, hər gün məktəblilərə xalqımızın tarixi, düşmənlərimizin mənfur əməlləri haqqında məlumatlar veririk. Bu yaxınlarda məktəbdə Xocalı soyqırımı ilə əlaqədar şəkil müsabiqəsi keçirdik. Uşaqlar Xocalıda baş verənləri, şamlar, tank rəsimləri, silahlar, alovlarla əks etdirdilər. Bu yöndə məktəbdənkənar işlər daha mühümdür. Bizim şagirdlərimiz Hərbi Qənimətlər Parkı ilə tanış olublar. Çalışırıq ki balacalara düşmənə nifrətdən çox, onu tanımağı, əcdadlarımızın və bizlərin başına açdıqları oyunları tanıdaq. Düşmənlə rəftarı öyrədək. Balacalar bilməlidilər ki, xalqımızın düşməni kimdir”.

Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Hazırda Xocalı soyqırımını dünyada 13 ölkə və ABŞ-ın 20-dən çox ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb.

Bu gün minlərlə Xocalı sakini öz doğma yurd-yuvasına qayıdacağı günü səbirsizliklə gözləyir.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Oxunma sayı 106