Ankarada fotosərgi təşkil olunub

13:39 30.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Anadolu Agentliyi Ankarada “Istanbul Photo Awards 2022” (İstanbul Foto Mükafatları-2022) mövzusunda növbəti fotosərgi təşkil edib.

Hafta.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin salonunda keçirilən sərginin açılış mərasimində rəsmi şəxslər, səfirlər, media nümayəndələri, fotosevərlər iştirak ediblər.

Əvvəlcə “Istanbul Photo Awards” layihəsi barədə müfəssəl məlumat verilib.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz çıxışında Anadolunun keçirdiyi fotomüsabiqələrin böyük əhəmiyyət daşıdığına diqqətə çəkərək deyib: “Anadolu Agentliyini hər zaman ölkəmizin arxivi və yaddaşı olaraq tanıyıram. Bütün dünyada yüksək keyfiyyətli işlər görürlər”.

Anadolu Agentliyinin Baş direktoru Serdar Karagöz çıxışında bildirib ki, bu il keçiriləcək üçüncü sərgi dekabrın 8-də Nyu-Yorkda BMT-nin Baş Qərargahında təşkil olunacaq.

Bildirilib ki, agentliyin təşkil etdiyi müsabiqələrdə iştirak etmək üçün ötən səkkiz ildə dünya şöhrətli 14 min fotoqraf müraciət edib.