Astronavtlar Marsa uçmağa Ermənistanda hazırlanacaq?

20:33 06.03.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Marsa ilk insanları göndərməzdən əvvəl alimlər avadanlıq və texniki sistemlərin hərtərəfli sınaqlarını keçirməlidirlər - və təbii ki, astronavtları özləri hazırlamalıdırlar. Bu hazırlıq işlərinin bir hissəsinin Ermənistanda həyata keçirilməsi planlaşdırılır.

Hafta.az xəbər verir ki, bu haqda "Futurezone" nəşri məlumat yayıb.

Avstriya Kosmik Forumu (Osterreichisches Weltraum Forumu, OeWF) yer üzündəki insanların digər planetlərə uçuşlara hazırlaşa biləcəyi analoji tədqiqat və simulyasiyalar aparan təşkilatdır. 2024-cü ilin mart ayında təşkilat Ermənistanda "AMADEE-24" adlı simulyasiya keçirməyi planlaşdırır.

Məlumata görə, simulyasiya çərçivəsində 2 qadın və 4 kişidən ibarət ekipaj bir ay ərzində Qırmızı Planetə real səfər zamanı edilən eyni şeyi edəcək. Mütəxəssislər həmçinin avadanlıqda istifadə olunan materialları sınaqdan keçirəcək, analizlər aparacaq və sistemlərdə qüsurları axtaracaqlar. Bu simulyasiyalarda aşkar edilən və düzəldilmiş hər bir səhv real kosmik missiyalarda astronavtların həyatını xilas edə bilər.

"OeWF" direktoru Qernot Qrömer “Bir ay ərzində Ermənistan Marsın tədqiqatı mərkəzinə çevriləcək” deyə bildirib.

"Mənim bildiyimə görə, bu, ilin ən böyük və ən mürəkkəb Mars simulyasiyası olacaq."

Landşaftlarının Marsla geoloji və topoqrafik oxşarlığına görə bu missiya üçün yer kimi Ermənistan seçilib. Astronavtlar Marsda onları gözləyənlərə bir çox cəhətdən bənzəyən yüksək qayalı yaylada məşq edəcəklər. Qrömerin qeyd etdiyi kimi, Ermənistan, onun fikrincə, Qırmızı Planetin bir növ geoloji əkizidir.

Bu, "OeWF" tərəfindən həyata keçirilən 14-cü simulyasiya olacaq və Qrömer 250-dən çox beynəlxalq tədqiqatçının missiyaya elmi dəstək verməsini gözləyir.

Bundan əlavə, ilk dəfə belə missiyaya qadın - almaniyalı Anika Mehlis rəhbərlik edəcək. Komandir rolunu avstriyalı fizik Robert Uayld yerinə yetirəcək. Əsas ekipajdan birinin çətinliyə düşəcəyi təqdirdə 2 ehtiyat astronavt da olacaq.