“İranda mövcud hakimiyyət ABŞ-ın ehtimal olunan hərbi əməliyyatları fonunda Azərbaycanın atacağı addımlar və nümayiş etdirəcəyi mövqe barədə aydın təsəvvürə malik olmaq istəyir. Bu narahatlıq yalnız Azərbaycanla məhdudlaşmır, ümumilikdə region ölkələrinə – istər Cənubi Qafqaz dövlətlərinə, istərsə də Yaxın Şərqdə həmsərhəd olan müsəlman ölkələrinə şamil olunur”.
Bu fikirləri Hafta.az-a açıqlamasında politoloq Natiq Miri iranlı generalın Bakı səfərini, onun Prezident İlham Əliyevlə görüşünü və Azərbaycanın İran məsələsində tutduğu mövqeni şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt və İordaniya da daxil olmaqla bir sıra ərəb ölkələrinin ərazisində ABŞ-ın hərbi bazaları yerləşir. Bu səbəbdən İran rəsmilərinin, xüsusilə hərbi rəhbərliyin ABŞ-a ünvanladığı təhdid xarakterli bəyanatlarda həmin bazaların potensial hədəf ola biləcəyi xüsusi vurğulanır.
N.Miri qeyd edib ki, bu amil İranın əlində olan əsas çəkindirici vasitələrdən biri kimi qiymətləndirilə bilər. Belə bəyanatlar ABŞ-ın regiondakı müttəfiqlərində narahatlıq yaradır və onları mümkün hərbi əməliyyatların qarşısının alınması məqsədilə Vaşinqtonla diplomatik müstəvidə fəallaşmağa sövq edir. Onun sözlərinə görə, bəzi ərəb ölkələrinin diplomatik təşəbbüslərlə çıxış etməsi də məhz bu kontekstlə bağlıdır.
Politoloq əlavə edib ki, İran region ölkələrinin öz hava məkanlarını və ərazilərini ABŞ-ın istifadəsinə verməsini istisna etmək niyyətindədir. Onun fikrincə, ərazisində xarici hərbi baza yerləşən dövlətlərdə həmin bazalardan hərbi məqsədlərlə istifadə imkanları mövcuddur. Lakin Azərbaycan bu baxımdan fərqli mövqedədir.
“Azərbaycanın ərazisində nə ABŞ-ın, nə də digər dövlətlərin hərbi bazaları mövcuddur. Bu kontekstdə İran tərəfi Azərbaycan rəhbərliyindən birmənalı təminat almaq istəyirdi ki, ölkə ərazisi heç bir halda İrana qarşı istifadə olunmayacaq. Buraya pilotsuz uçuş aparatlarının mümkün fəaliyyəti, eləcə də hərbi əməliyyatlar zamanı hava məkanından və ərazidən istifadə ehtimalları daxildir”, – deyə politoloq bildirib.
N.Miri xatırladıb ki, ötən ilin iyun ayında baş vermiş 12 günlük İsrail–İran qarşıdurması zamanı da Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilmişdi. İddia olunurdu ki, Azərbaycanın hava məkanı və sərhədləri İsrailə məxsus pilotsuz uçuş aparatları tərəfindən istifadə edilib. Lakin bu iddiaları təsdiqləyən faktoloji sübutlar təqdim olunmayıb.
Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian da məsələ ilə bağlı konkret sübutların mövcud olmadığını bildirib və belə ittihamların əsaslandırılması üçün dəlillərin zəruri olduğunu vurğulayıb.
Bununla belə, politoloq qeyd edib ki, İranda Azərbaycana qarşı neqativ mövqe sərgiləyən müəyyən dairələr mövcuddur və onlar ittiham xarakterli bəyanatları davam etdirirlər. Bu isə psixoloji təzyiq vasitəsi kimi qiymətləndirilə bilər.
N.Mirinin fikrincə, iranlı generalın Azərbaycan Prezidenti səviyyəsində qəbul olunması təsadüfi xarakter daşımır. Görüş zamanı Azərbaycanın mövqeyi açıq və birmənalı şəkildə qarşı tərəfin diqqətinə çatdırılıb.
“Azərbaycan heç vaxt və heç bir halda öz ərazisinin İrana və ya digər qonşu dövlətlərə qarşı hərbi məqsədlərlə istifadəsinə imkan verməyib və bundan sonra da verməyəcək. Bu mövqe ölkənin dövlətçilik prinsiplərindən və balanslı qonşuluq siyasətindən irəli gəlir”, – deyə politoloq vurğulayıb.
O, həmçinin bildirib ki, bundan əvvəl Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında keçirilmiş telefon danışığında da eyni mövqe ifadə olunub və Azərbaycan ərazisinin İrana qarşı platforma kimi istifadə edilməsinin yolverilməz olduğu bir daha diqqətə çatdırılıb.
Politoloqun sözlərinə görə, Azərbaycan eyni zamanda İrana qarşı mümkün hərbi əməliyyatların əleyhinə olduğunu bəyan edib və gərginliyin azaldılması istiqamətində öz töhfəsini verməyə hazır olduğunu ifadə edib.
N.Miri əlavə edib ki, Azərbaycanın İsraillə strateji tərəfdaşlıq münasibətləri və ABŞ-la əlaqələrinin müsbət dinamika üzrə inkişafı fonunda rəsmi Bakı yanlış anlaşılmaların aradan qaldırılması və dialoqun təşviqi istiqamətində konstruktiv rol oynaya bilər.
Bununla yanaşı, o qeyd edib ki, İranın bəzi güc mərkəzlərində, xüsusilə SEPAH-a yaxın dairələrdə Azərbaycana qarşı ittihamlar və qərəzli yanaşmalar davam edir.
“Bütün bunlara baxmayaraq, Azərbaycan qonşu və dost İranın hərbi əməliyyatlara məruz qalmasını istəmir və öz siyasətini məhz bu prinsip əsasında qurduğunu açıq şəkildə bəyan edir”, – deyə Natiq Miri bildirib.
Tahirə Qafarlı