Azərbaycanda 35 min 97 nəfər narkotik istifadəçisidir

16:16 15.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Narkotik vasitəni qəbul edən şəxslər ilkin mərhələdə bunu gizlətsələr də, bir müddət keçdikdən sonra yuxusuzluq, əsəbilik, sürətli arıqlama, davranışda lənglik kimi əlamətlərlə bu, özünü göstərməyə başlayır. Ötən ilin hesabatına görə ölkə üzrə 35 min 97 nəfər narkotik vasitə istifadəçisidir. Onlardan 572 nəfər qadın, 11 nəfəri 15-17 yaş arası yeniyetmə, 271 şəxs isə 65 yaşdan yuxarı insanlardır.

Hafta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov nazirliyin rəsmi instaqram səhifəsində canlı yayım zamanı deyib.

Narkotik vasitələrdən psixoloji asılılıq ilkin, fiziki asılılıq isə 2-3 həftə istifadədən sonra özünü göstərdiyini qeyd edən O.Cəfərov: “Valideynlər övladlarını müşahidə etməlidir. Narkotik vasitələrin qəbulu zamanı ünsiyyət problemləri dərhal hiss edilir. Stress, əsəbilik, ünsiyyət qurmamaq, yuxusuzluq ilkin simptomlardır. Bəzi hallarda, əsasən narkotik vasitənin növü ilə əlaqədar şəxslərdə normadan artıq danışmaq, yersiz hərəkətlər, sayıqlamaq, hallüsinasiya, tez-tez qıcıqlanmaq halları müşahidə edilir. Yeniyetmələrdə davranış problemləri daha tez aşkarlanır. Onların məktəbə davamiyyəti pozulur və gözlərində qızarmalar yaranır. Valideynlər onların müəllimləri ilə davamlı ünsiyyətdə olmalı, uşaqlara nəzarəti gücləndirməlidir. Hər hansı bir narkotik vəsaitinin istifadə olunduğu test üsulu ilə aşkarlanır”,- deyə bildirib.