Azərbaycanın daha çox tikinti materiallarına ehtiyacı var - Ekspert

10:41 23.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qarabağda yenidənqurma işlərinin aparılması üçün Azərbaycanın daha çox tikinti materiallarına ehtiyacı var.

Bu fikirləri hafta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib:

“Biz nəzərə almalıyıq ki, Azərbaycan 28 il düşmən işğalında olan torpaqlarını 2020-ci ildə azad edib və həmin torpaqlar Azərbaycan ərazisinn 20 faizdən artığını təşkil edir. Həmin ərazilərdə isə yaşayış, infrastruktur yenidən qurulmalıdır. Bu səbəbdən Azərbaycanın tikinti materiallarına daha çox ehtiyacı var. Çünki həmin ərazilər yenidən tikilməli, qurulmalıdır. Bu tikintilər başladıqdan sonra isə qiymət artımı tikintinin maya dəyərini artırmaqla bərabər, ölkənin büdcəsinə də mənfi təsir göstərəcək”.

E.Fərzəliyev Rusiya-Ukrayna müharibəsinin Azərbaycanda daşınmaz əmlak bazarına mənfi təsirlərindən də danışıb: “Müharibənin Azərbaycanın daşınmaz əmlak bazarına hər tərəfdən mənfi təsiri var. Bir tərəfdən, tikinti materiallarının qiyməti artır, digər tərəfdən, Rusiyada yaşayan soydaşlarımız artıq buradakı əmlaklarını satışa çıxarırlar ki, orada olan bizneslərini xilas edə bilsinlər. Eyni vaxtda 10 minlərlə əmlak satışa çıxarılır. Ona görə də müəyyən müddət üçün qiymətlərdə bir qədər azalmanı müşahidə edəcəyik. Orada iki milyona qədər soydaşımız yaşayır. Onlardan əmək qabiliyyəti olan, xüsusən də kişilərin 80-90 faizi hansısa kiçik, böyük, yaxud orta bizneslərdə çalışır. Oradakı mövcud vəziyyət Rusiya iqtisadiyyatına mənfi təsir göstərdiyi kimi, soydaşlarımızın da bizneslərini çökdürür. Yəni bu hal müvəqqətidir, ola bilər 20 gün, 1 ay və s. davam etsin. Daha sonra əmlak bazarında yenidən qiymət artımını görəcəyik”.

Yerli istehsala gəlincə, mütəxəssis hesab edir ki, yaxın gələcəkdə artıq Azərbaycan özünün tikinti materiallarının istehsalına başlaya biləcək: “Təkcə istehsal etməyəcək, həmçinin digər ölkələrə də ixrac edə biləcək. Biz azad olunmuş ərazilərimizə baxsaq, görərik ki, orada 140-a qədər təbii sərvət mövcuddur - qızıl, gümüş, filiz və s. Həmin sərvətlərin mövcud olduğu mədənlərin istifadəsinə başlanılsa, artıq gələcəkdə ölkəmiz bu sahədə digər ölkələrdən asılılığın bir çoxundan qurtula biləcək”.

Oxunma sayı 49