Bakının mərkəzində yerləşən Nizami kinoteatrında Hindistan məhsullarının növbəti satış-sərgisi təşkil olunub. Bakıda Hindistan Günləri adı altında martın 3-dən açılışı olan satış-sərgi tam 16 gün davam edəcək, ayın 19-da bağlanış mərasimi keçiriləcək.
Qeyd edək ki, sərginin təşkilatçısı Hindistanda tanınmış AVM Expo İndia şirkətinin prezidenti Aşok Şarmadır. Bu dəfəki sərgidə Hindistanın fərqli bölgələrindən - Racəstxan, Kəşmir, Munbay, Dehli, Caypur, Heydərabad və sairdən ümumilikdə 25 şirkət iştirak edir.
Sərginin məhz mart ayında keçirilməsi heç də təsadüfi deyil. Novruz bayramı ərəfəsində təşkil olunan sərgi həm də 8 Mart qadınlar bayramını hədəf seçib. Necə, bunun cavabını ancaq sərgidə iştirak etməklə tapmaq mümkündür. Burada ziyarətçilərə nələr təklif edilir - Hindistanın yüksək keyfiyyətli məhsul və xidmətləri, o cümlədən hədiyyə və əl işləri, ev dekorasiyaları, tekstil, geyim, zərgərlik və kosmetika əşyaları, çay, düyü və sair.
Sərgiyə giriş pulsuzdur. Bura gələn ziyarətçilər, həmçinin canlı hind mahnı və rəqs ifalarından həzz ala biləcəklər.
Bu arada, qeyd edək ki, Nizami kinoteatrının 4-cü mərtəbəsində açılan sərgi indiyədək keçirilmiş eyni mahiyyətli tədbirlərlə müqayisədə ən kiçiyidir. Yəni iştirakçı şirkət sayına və salonun ölçüsünə görə sərgi xeyli yığcam olsa da, əslində bu dəfə təklif olunan məhsullar alıcıların tam cibinə görədir. Şəxsən mən əvvəlki sərgilərin heç birində belə ucuzluq görməmişəm. Xüsusilə də indi, insanların gündən-günə yüksələn bazar qiymətləri fonunda həm Novruz süfrəsi açması, həm də 8 mart günü qadınları sevindirmək üçün bu sərgi əsl fürsətdir.
Novruz süfrəsini bəzəyəcək əla keyfiyyətli müxtəlif düyü çeşidləri, hər cür təbii tərkibli ədviyyatlar, ətri adamı bihuş edən Assam və digər bölgələrdən yığılmış yüksək keyfiyyətli əvəzsiz hind çayı çeşidlərini bu sərgidə görmək və almaq mümkündür. Qiymətləri də çox münasibdir. Məsələn, əgər cəmi üç ay öncə təşkil olunan sərgidə 250 qramlıq çay paketləri 20 manat və daha yuxarı qiymətə təklif edilirdisə, indi 15 manata və daha aşağı qiymətə satılır. Yüksək keyfiyyətli düyü çeşidlərinin kilosu 8-10 manata deyilir, təbii ki, daha aşağı qiymətə almaq mümkündür.
Bu arada, sərgidə olduğum müddətdə alış-veriş edən müştərilərə aldıqları hər məhsul üçün xeyli endirim edildiyinin də şahidi oldum.
Cəmi bir gün sonra 8 Mart qadınlar bayramı qeyd olunacaq. Öz sevgililərinə, həyat-gün yoldaşlarına, əzizləri olan qadınlara istənilən növ hədiyyə almaq istəyənlərin mütləq bu sərgiyə baş çəkməsi lazımdır. Səmimi deyirəm, bu nə reklamdır, nə yalançı tərif, burada hər cür ətirlər, xanımlar üçün əvəzedilməz kremlər, lasyon və şampunlar, saç və dəri qidalandırıcısı yağlar, makyaj vasitələri və sair təklif edilir, hamısı da tam təbii tərkibli. Qiymətləri də baha deyil, əl kremləri 5 manatdan başlayır, şampunlar 8-12 manat arasında, ətirlər də 15 manatdan maksimum 35 manatadək. Amma yenə təkrar edirəm: alınan hər bir məhsul üçün mütləq endirim yeri var.
8 mart alış-verişi burada sadəcə ətriyyatla yekunlaşmır, xanımlar üçün lazım olan başqa hədiyyəliklər də almaq mümkündür. Məsələn, sərgidə çoxlu çeşiddə və təbii materialdan hazırlanmış qadın çantaları 30-35 manata təklif edilir, təmiz dəridən, yaxud da içi dəri, üstü su keçirməyən təbii parçadan hazırlanan ayaqqabıları 25-30 manata almaq mümkündür.
Həmişəki kimi, bu dəfə də qadın alıcıların marağı nəzərə alınıb. Sərgidə fərqli firmaların istehsalı olan, qiymətli təbii daşlarla süstlənmiş saysız-hesabsız bəzək və zinət əşyaları göz oxşayır. Xalis ağ mirvaridən bəzək dəstləri, eləcə də yaqut, əqiq, kəhrəba, firuzə və digər qiymətli daşlarla süstlənmiş üzüklər, boyunbağıları, qolbağlar, sırğalar və sair mövcuddur. Bu zinət əşyalarını həm tək halda, həm də dəst şəklində almaq olar ki, məncə qadın və qızlarımız üçün bunlardan gözəl 8 mart hədiyyəsi tapmaq mümkün deyil. Qiymətinə gəlincə, 10-15 manatdan 20-30 manata, təmiz təbii daşlarla süstlənmiş dəstlərin ən bahası isə 130 manata təklif edilir. Hansı ki, bunu da alanda daha aşağı ödəniş etmək imkanları var.
Hə, burada qadınlar üçün şalvarlar, koftalar, donlar, müxtəlif çeşidlərdə yataq geyimləri, hətta hind ənənəvi qadın geyiminin simvolu olan sarilər də sərgilənməkdədir ki, ziyarətçilər istədiklərini ciblərinə uyğun ala bilərlər.
Diqqətimi çəkən guşələrdən birində təbii mərmərdən yonulmuş suvenirlər sərgilənir. Müxtəlif ölçüdə fil, tısbağa fiqurları, meyvələr, alma görünüşündə saatlar, mərmər həvəngdəstələr, qırmızı ağacdan hazırlanmış ev əşyaları – mücrülər, solfetqabları, bürüncdən tökülmüş heyvan fiqurları və sair göz oxşayır. Burada mərmərdən natürmort formada yonulmuş boşqab, içində də üzüm salxımı, alma və armuddan ibarət dəst 30 manata təklif olunur, amma alana mütləq ən azı 5 manat güzəşt edilir. Ağ mərmərdən yonularaq cilalanmış iri üzüm salxımını tək almaq istəsəniz 15 manata, hətta 2-3 manat daha aşağı alıb evinizə zövq apara bilərsiniz.
Sonda bir nüansı da xatırladım ki, sərgiyə çıxarılan təmiz təbii parçadan tikilmiş pal-paltar, örtüklər, suvenirlər, zinət əşyalarının əksəriyyəti zərif əl işləri, xüsusilə də qadın əməyinin məhsullarıdır.
P.S. Sərgidə olarkən Azərbaycanda yaşayan və ya çalışan hindistanlıları birləşdirən Hindistan Assosiasiyasının sədri Dipak Fulvanidən maraqlı bir faktı öyrəndim. Cənab Fulvani dedi ki, sərgiyə çıxarılan əl işi olan məhsulların əksəriyyəti qadınlara aid olduğu kimi, onlar həm də məhz qadın əlinin bəhrəsidirlər. Çünki Hindistanda evdar qadınları maddi rifahlarını yaxşılaşdırmaq məqsədilə ev şəraitində əməyə cəlb etmə layihələri icra olunur. Onlar evlərindəcə gördüyümüz bu zərif məhsulları istehsal edirlər və təbii ki, əvəzində zəhmətlərinə uyğun qazanc əldə edirlər...