Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılı ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə həsr edilmiş Koreya Yemək Festivalı təşkil olunub.
Hafta.az-ın yazdığına görə, builki festivala Jecu şəhəri Amber Otelinin baş aşpazı Kim İnho və 3 nəfərlik komandası dəvət edilib, dok kalbi, ccimdak, kimbab, dokboki, çapçe və suconqkva çayının daxil olduğu Koreya mətbəxinin nümunələrini qonaqlara təqdim edilib. Həmçinin ramyon, Koreya məzələri, kimçi, qoçucanq kimi 40-a yaxın Koreya yeyinti məhsullarının sərgiləndiyi məlumat köşkü də təşkil edilərək iştirakçıların diqqətini cəlb etməyi bacarıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, diplomatik korpus təmsilçilərinin və sair iştirakı ilə keçirilmiş tədbirdə baş aşpaz Kim İnho "kimbab" hazırlanmasını canlı olaraq göstərməklə qonaqların böyük marağına səbəb olub.

Yeri gəlmişkən, baş aşpaz həmçinin telekanallardan birində qonaq olub, Bibimbab və Qotçori yeməklərinin hazırlanma qaydasını nümayiş etdirib. Həmin proqramın oktyabr ayının ortalarında yayımlanması nəzərdə tutulur.

Builki tədbir Koreya restoranının olmadığı Azərbaycanda insanların Koreya yeməkləri və digər qida məhsulları ilə tanış ola bildiyi gözəl bir fürsətə çevrilib.
Səfirlik bundan sonra da bu müstəvidə tədbirlər vasitəsilə Koreya yeməklərini Azərbaycan xalqı üçün əlçatan etməyi planlaşdırır.