Bakıda Özbəkistan Kinosu Günlərinin açılış mərasimi keçirilib

20:36 07.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, Özbəkistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Özbəkistan Kinosu Günlərinin açılışı olub.

Hafta.az-ın yazdığına görə, açılış mərasimində çıxış edən kinoşünas və ssenarist Ayaz Salayev Özbəkistan kinosuna marağının hələ uşaq vaxtalından başladığını qeyd edib. “Mən uşaq olanda atam mənə Uluqbəy haqqında danışırdı. O axtlar məni daha çox Avropa və Amerika maraqlandırsa da, atamın danışdıqları ürəyimdə Şərqə, xüsusilə də Özbəkistana qeyri-adi maraq oyatdı. Biz sovet dönəmində bir bayraq altında yaşadıq. Amma sonradan SSRİ dağılsa da, özbək və Azərbaycan xalqları bir-birindən ayrılmadı, əlaqələrimiz davam etdi. Biz əvvəllər bir-birimizin daha çox filmlərdə görürdüksə, şükürlər olsun ki, bu gün birlikdəyik, üz-üzə dayanmışıq”, - deyib cənab Salayev.

O əlavə edib ki, özbək filmləri xüsusi cəlbetmə qabiliyyətinə malik olub və hər bir azərbaycanlı onları sevə-sevə seyr edib.

Daha sonra səhnəyə çıxan Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev ölkəmizdə Özbəkistan Kinosu Günlərinin təşkil olunmasının əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Azərbaycan və Özbəkistan kinoları arasında hər zaman bağlılıq, birlik və müştərək əməkdaşlıq olub: "Azərbaycanla Özbəkistan arasında nəinki sənət mübadiləsi, həmçinin tarixən dostluq və qardaşlıq münasibətləri olub. Biz mədəniyyət, kino sahəsində birlik, əməkdaşlıq baxımından çox gözəl zamanda yaşayırıq. Hələ qarşıda bizi yeni layihələr gözləyir və bunun da sayəsində iki yaxın, dost dövlət olaraq bir-birimizi daha da kəşf etmək imkanımız olacaq. Özbək kinematoqrafiyası Şərq kinosunda, ümumiyyətlə, keçmiş postsovet məkanında müstəsna xidmətləri olan kinematoqrafiyadır. Sovet dövründə SSRİ-nin xalq artisti adına ən çox məhz özbək aktyorlar layiq görülüb. Onlardan ən məşhuru kimi Kamil Yarmatovun yaradıcılığını xüsusi qeyd etmək istərdim. Nəbi Qəniyevin “Tahir və Zöhrə” fklmi özbək kinosuna hər zaman işıq salmaqdadır. “Yeddinci güllə”, “Fövqəladə komissar” filmlərini, Əli Xamrayevin yaratdığı ekran əsərlərini, Şöhrət Abbasovun yaradıcılığını, xüsusən də “Sən yetim deyilsən”filmini maraqla izləmişəm. Bir sözlə, özbək filmləri unikaldır, əvəzedilməzdir. Onillər ərzində Azərbaycan kinematoqrafçıları özbək həmkarları ilə birlikdə çalışıblar. Azərbaycan filmlərində özbək aktyorlar çəkilib. Məsələn, “Görüş”, “Qızıl qaz” və sair filmlərdə özbək aktyorlar çəkilib. Bütün bunlar kino tariximizin qızıl səhifələrində qalır və inanırıq ki, gələcəkdə də iki qardaş xalqın kinematoqrafçıları film istehsalında yaxından əməkdaşlıq edəcəklər” deyən C.Quliyev əlaə edib ki, bu gün Dövlət Film Fondunda 50 özbək filmi və 3 mindən artıq özbək kinosuna dair fotoşəkil qorunub saxlanılır.

Daha sonra çıxış edən Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycanda kino ilə bağlı bu cür görüşlərin, tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, son iki il ərzində keçirilən Daşkənd Beynəlxalq Film Festivalında Azərbaycan kinematoqrafçıları da böyük şövqlə iştirak ediblər. Diqqətə çatdırılıb ki, builki festivalda Azərbaycan Kino Günləri çərçivəsində bir neçə film də nümayiş olunub.

Özbəkistanda yaşayan azərbaycanlı rejisor Eldar Məmmədov çıxışı zamanı qeyd edib ki, 40 ildir Özbəkistanda yaşayır. “Özbəkistan mənim vətənimdir, orada Azərbaycana böyük sevgi və hörmət var. Bu bizim mədəniyyət və incəsənətimizdə də açıq görünür. Bu müstəvidə indi nümayiş etdiriləcək sənədli film Özbəkistanla Azərbaycan arasında dostluğa və qardaşlığa həsr olunub. Özbəkistanda çoxlu azərbaycanlı yaşayır və bilin ki, xalqlarımız bir-birinə mənəvi tellərlə bağlanıblar. Bu gün Türkiyə ilə Azərbaycanı mənən birləşdirən “Bir millət, iki dövlət” sözü Özbəkistan və Azərbaycan xalqları üçün də keçərlidir”, - cənab Məmmədov deyib.

Tədbirin davamında Özbəkistandan ölkəmizə gələn incəsənət xadimləri və kinematoqrafçılar səhnəyə dəət ediliblər. Onlar bu tədbir çərçivəsində Azərbaycanda olduqlarından məmnunluqlarını ifadə ediblər və iki dost ölkə arasında olan sənət mübadiləsindən söz açıblar.

Sonda “Əbədi dostluq və qardaşlıq” filmi nümayiş etdirilib.

Qeyd edək ki, dekabrın 8-də “Maksud Şeyxzoda” və “Reys 101” filmlərinin, dekabrın 9-da isə “Baron 2” və “Qadın taleyi” adlı ekran əsərlərinin nümayişi gözlənilir.

Oxunma sayı 2191