Bu gün Bakıda məşhur slovak rəssam Ştefan Koçkanın “Oddan doğulmuş” adlı sərgisi açılıb.

Hafta.az-ın yazdığına görə, tədbirdə diplomatik korpusun tənsilçiləri, jurnalistlər, eləcə də tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərginin açılış mərasimində çıxış edən Slovakiyanın ölkəmizdəki səfiri Milan Layciak bildirib ki, tanınmış slovak rəssam Stefan Kotkanın Bakıda sərgisinin açılmasından çox məmnundur. “Bu, Slovakiya səfirliyi olaraq bizim son bir ildə Bakıda təşkil etdiyimiz sayca üçüncü sərgidir. Bu gün biz slovak rəssam Stefan Koçkanın təsviri sənət kolleksiyasının nümunələrindən ibarət sərgini açırıq. “Oddan doğulan” sərgisinin adı rəssamın rəsmlərinin əsas mövzusunu əks etdirir. Dəmirxanada işıq oyunu.Dəmirxana cənab Stefan Kockanın uşaq vaxtı tez-tez gəldiyi yer olub. O hər dəfə dəmirxanaya gələrkən dəmirçilərin açıq odla işlədiyinə baxar, onların atları necə məharətlə nalladığına tamaşa edərdi. Bütün bunlar Stefan Koçkanın düşüncələrində silinməz xatirələr buraxdı. Hansı ki, bu xatirələr sonrakı illərdə sənətkarın rəsmlərində əksini tapıb” deyən slovakiyalı diplomat bildirib ki, Stefan Kocka həm də bədii bərpa sahəsində böyük mütəxəssisdir.

“O, ölkədə, eləcə də xaricdə bir çox muzey, qalereya, kitabxana və arxivlərlə əməkdaşlıq edir, konsaltinq yardımı göstərir və bərpa işləri aparır. Çoxsaylı bərpa layihələri, bərpa işlərinə ehtiras və fədakarlıq Stefan Koçkaya əhəmiyyətli şöhrət və mükafatlar gətirib”, - deyib səfir Milan Layciak.

Daha sonra çıxış edən sərginin müəllifi Stefan Kocka gecənin qonaqlarına qeyri-adi işlərindən danışıb: “Mən balaca uşaq ikən yaxınlıqdakı dəmirxananın ab-havası ilə çox maraqlanırdım. Ora tüstülü dəmirxanada dəmirçilərin at nallamağına baxmaq üçün gedirdim. Hər dəfə orda olarkən açıq odun rəngarəng şöləsinin atmosferi və dəmir metalın parıltısı məndə ömrümün sonuna qədər silinməz xatirələr yaratdı. Daha sonra həyatda dəmir və metal əritmə zavodlarını ziyarət edərkən orada dəmirçinin atmosferinə bənzər bir atmosfer kəşf etdim. Qırmızı-isti dəmir, onun əksi, qığılcımları və qırmızı-isti dəmirin parıltısı məni rəsmlər yaratmağa ruhlandırdı. Slovakiyada daha əvvəl oxşar mövzuda sənət əsərləri mənim üçün nümunə olan avropalı rəssam Dominik Skutezski tərəfindən yaradılıb”.

Sərgi iştirakçıları nümayiş etdirilən rəsm əsərlərini böyük maraqla izləyiblər.