Başqa ölkə vətəndaşlarına uşaq övladlığa verilmir - Ekspert

10:57 16.02.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi zəlzələ nəticəsində ailəsi vəfat etmiş və ya ailəsi hələ tapılmamış uşaqlar üçün müvəqqəti qoruyucu ailələrə ehtiyac olduğunu açıqlayıb. Qeyd olunub ki, müraciət edən namizəd ailələr “e-Devlet” portalı vasitəsilə və ya zəlzələ zonasından kənarda yaşadıqları ərazi üzrə nazirliyin rayon şöbələrinə müraciət edə bilər. Nazirlik indiyədək zəlzələ zonasında ailələri tapılmayan, yetkinlik yaşına çatmayanlar üçün yeganə səlahiyyətli qurumdur. Sözügedən nazirliyin açıqlamasına Azərbaycanda yaşayan insanlar da biganə yanaşmayıblar. Belə ki, sosial şəbəkələrin Azərbaycan seqmentində qardaş Türkiyədə zəlzələ dağıntıları altından sağ çıxarılan valideynlərini itirmiş körpələrə Azərbaycanın da qucaq açmağa hazır olduğu dilə gətirilib. Bununla bağlı xeyli sayda Azərbaycan vətəndaşları sosial şəbəkələr üzərindən öz istəklərini ictimailəşdiriblər.

Lakin Türkiyənin Azərbaycandakı səfirliyindən  məsələ ilə bağlı bildirilib ki, zəlzələdə valideynlərini itirən uşaqların ölkə xaricinə övladlıq verilməsi mümkün deyil: “Ölkəmizdə baş verən zəlzələlərlə bağlı Azərbaycan mətbuatında uşaqlarımız üçün “Azərbaycan vətəndaşları himayədar ailə ola bilər” xəbərləri dərc olunur. Türkiyə Cümhuriyyəti Ailə və Sosial Xidmətlər Nazirliyinin aşağıdakı elanı yalnız Türkiyədə yaşayan vətəndaşlarımız üçündür. Uşaqlarımızın ölkə xaricinə himayədar ailəyə verilməsindən və ya övladlığa götürülməsindən söhbət gedə bilməz”.

Maraqlıdır, bu kimi məsələlər Azərbaycan qanunvericiliyində necə tənzimlənir?  Bu məsələ ilə bağlı iki ölkə qanunvericiliyi arasında hansı fərqlər var?

Məsələni qəzetimizə şərh edən hüquqşünas Ələsgər Məmmədli deyib ki, hər ölkənin sosial müdafiə sahəsində normaları mövcuddur: “Türkiyədəki zəlzələ əlbəttə Azərbaycan insanını da ciddi üzüntüyə salıb və hər kəs necə yardım edə biləcəyi haqqında düşünür. Mümkün yardımları edir. Mən də şəxsən orada valideyinlərini itirənlərin övladlıq götürmək istəyənlərə rast gəlmişəm. Amma bir şeyi unutmaq olmaz. Hər ölkənin vətəndaşlıq qanunları mövcuddur və ayrıca sosial müdafiə sahəsində normalar mövcuddur. Kimsəsiz uşaqlara dövlət qurumları və xüsusi uşaq evləri sahib çıxır, bütün məsrəfləri dövlət qarşılayır. Övladlığa verilmə ilə bağlı spesfik hallar istisna olmaqla başqa ölkə vətəndaşlarına uşaq övladlığa verilmir. Yalnız ölkə vətəndaşlarına verilir. Türkiyənin qanunvericiliyi bunu aydın şəkildə nəzərdə tutub. Türk vətəndaşı uşağın başqa ölkə vətəndaşına övlad verilməsi beynəlxalq və ikili hüquqlarla tənzimlənir. Azərbaycan qanunvericiliyində tək vətəndaşlığa icazə olduğuna görə praktik olaraq bu mümkün olmayacaq. Çünki Türkiyə qanunları Türk vətəndaşlığını itirmə ilə yekunlaşan bir prosedurda Türk vətəndaşının uşağını başqa ölkə vətəndaşlığına vermir. Ana və ata türk vətəndaşı olduğundan uşaq Türk vətəndaşı qalmalıdır. Yalnız verilən ölkə Türk vətəndaşlığını itirməyi tələb etməzsə bu halda mümkün olur. Bizim qanunvericilik də buna imkan vermir”.