Basqalın 1000 illik tarixinə səyahət - REPORTAJ

10:00 26.06.2021 Müəllif:Tünzalə İsmayılova
Yazını böyüt
Yazını kiçilt

Basqal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bu qədim yaşayış məskəni isti yay günlərində turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Şəm qədim tarixi, həm də təbiəti ilə məşhur olan Basqalda biz də bir gün keçirtmək qərarına gəldik. 

Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. 2018-ci ilin 3 oktyabr tarixində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərəncam imzalayıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Basqal arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev hafta.az-a müsahibəsində bildirib ki, tədqiqat nəticəsində məscid daxilində minillik bir dövrü əhatə edən zəngin mədəni təbəqə olduğu müəyyənləşib.

SUAL:  Basqalın Şeyx Məhəmməd məscidində aparılan arxeoloji tədqiqatlarla tanış olduq. Bizə məlumat verdilər ki, burda minillik bir dövrü əhatə edən zəngin mədəni təbəqə var.  Maraqlıdır, Basqal yaşayış yerinin mədəni təbəqəsi 6 tikinti qatından ibarətdir. Bəzi nöqtələrdə isə tikinti qatlarının sayı hətta 7-8-ə çatır.

CAVAB: Bəli, bu  o deməkdir ki, Basqalda X əsrdən başlayaraq 1000 il ərzində, təqribən, hər 120-150 ildən bir mövcud tikililər dövriyyədən çıxıb və onların üzərində yeni tikililər meydana gəlib. Diqqətçəkən məqamlardan birisi də odur ki, arxeoloji cəhətdən öyrənilən ərazi bütün dövrlərdə sıx yaşayış sahəsi olub.

SUAL: Bizdə olan məlumata görə,  tikinti qatlarının davamlı olaraq biri-digərini əvəzləməsi və hər bir tikinti qatının əsas və yardımçı tikililərlə sıx örtülməsi amili ərazinin arxeoloji cəhətdən öyrənilməsini xeyli çətinləşdirib.

CAVAB: Bəli, bu səbəbdən də Şeyx Məhəmməd məscidi daxilində heç də bütün nöqtələrdə qazıntını qruntadək davam etdirmək mümkün olmayıb. Yalnız bəzi hissələrdə tədqiqatlar qrunta, yəni xam torpaq qatına qədər davam etdirilib. Hansı ki, həmin nöqtələrdə qazıntının dərinliyi, başqa sözlə, mədəni təbəqənin qalınlığı 2,5 metr təşkil edib. Birinci, yəni ən altdakı tikinti qatında X-XI əsrlərə aid keramika qalıqları qeydə alınıb. Həmin tikinti qatında aşkar olunan tapıntılar içərisində daha çox diqqəti cəlb edən orada qeydə alınan möhtəşəm divar qalıqlarıdır. Əfsusular olsun ki, sonrakı dövrlərə aid tikintilər inşa edilərkən alt tikinti qatlarındakı erkən dövrə aid tikililər demək olar ki, tam dağıdılıb. Bu səbəbdən Basqalın erkən dövr tikililərinin dəqiq ölçülərini, memarlıq quruluşu və xüsusiyyətlərini öyrənmək xeyli çətinləşib.

SUAL: Basqalın Orta əsrlərə aid əksər tikililəri yonulmuş çay və qaya daşlarından, palçıq məhlulundan istifadə edilməklə inşa olunub. Yalnız bəzi yerlərdə, özü də nisbətən son dövrə aid tikintilərdə az miqdarda bişmiş kərpicdən istifadə olunub. Bu da maraqlı faktdır.

CAVAB: Bəli, tədqiqatlar zamanı ayrı-ayrı nöqtədə kərpic döşəməyə də təsadüf olunub. Diqqəti cəlb edən digər bir cəhət nisbətən qədim olan tikintilərdə daha irihəcmli daşlardan istifadə edilməsidir. Basqal tikintilərini səciyyələndirən məqamlardan biri də divarlarda ocaq və taxça – şkaf yerlərinin olmasıdır. Basqal məscidi ərazisində tədqiqatlar davam etdirilərkən ayrı-ayrı tikinti qatları arasında sarı-boz zolaqlar qeydə alınıb. Bunlar da müxtəlif dövrlərə aid binaların döşəmə hissəsinə vurulan suvaq izləridir. Mənzillərin və yardımçı tikililərin döşəməsinin sarı torpaq məhlulu ilə suvanması Şirvan tikinti mədəniyyətinin özünəməxsus xüsusiyyətlərindəndir. Hansı ki, bu, Basqalın Orta əsr tikililərində çox aydın hiss olunmaqdadır.

SUAL:  Şeyx Məhəmməd məscidi daxilində tədqiqatlar zamanı orada daha nələrə rast gəlinib?

CAVAB: Müxtəlif dövrlərə aid və bir-birini kəsən çoxsaylı bina qalıqları ilə yanaşı, dəmirçi emalatxanası, hovuz, saxsı borulardan və daş kürəbəndlərdən ibarət su və kanalizasiya xətlərinin qalıqları da aşkar olunub. Hovuzun yanındakı ətrafı və içərisi daşla səliqəli şəkildə döşənmiş yerin ibadət edən insanların dəstəmaz aldığı yer olduğu ehtimal edilir. Məscidin yan otağında və həyətində tədqiqatlar davam etdirilərkən bir neçə yerdə həm əsaslı, həm də yardımçı bina qalıqları aşkarlanıb. Həmin tikintilərin XVI əsrə aid Şeyx Məhəmməd məscidi ilə əlaqəli olduğu daha inandırıcıdır. Məscidlə məscid həyətindəki daş döşənmiş meydan arasında aşkar olunan bina qalıqlarının isə daha çox məhz ehsan mərasimlərinin icra edildiyi yer olduğu ehtimal olunur.

SUAL: Burada çalışanlarla həmsöhbət olarkən onu da öyrəndik ki, aparılan tədqiqatlar zamanı tikinti və sanitar qurğulara aid qalıqlarla yanaşı, digər çoxsaylı maddi mədəniyyət qalıqlarına da rast gəlinib.

CAVAB:  Həmin tapıntılar içərisində bir neçə daş kitabə xüsusi maraq doğurur. Əfsuslar olsun, onlar sındırılmış vəziyyətdə olduğundan, mətnlərini hələlik tam olaraq oxumaq mümkün olmayıb. Tapıntılar içərisində ayrı-ayrı dövrlərə aid rəngarəng çeşidli keramika nümunələrini xüsusi olaraq qeyd etmək lazımdır. Bunlar şirsiz, şirli və inşaat keramikası nümunələridir. Həmin tapıntıların əsasən yerli istehsala aid olduğu əsla şübhə doğurmur. Bu isə o deməkdir ki, daha çox ipək istehsalı ilə şöhrət qazanan Basqalda dulusçuluq sənəti də yetərincə inkişaf edib.

Qeyd edək ki, bu gün Basqalda ölkə Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq geniş miqyaslı tikinti, abadlıq və konservasiya işləri görülür.  Bütün bunlar isə ondan xəbər verir ki, sovet dönəmində müxtəlif səbəblər ucbatından həyatın və istehsalatın sönmüş olduğu Basqalın lap yaxın gələcəkdə yenidən özünün orta əsrlərdə olduğu kimi izdihamlı və şöhrətli günlərinə qovuşacaq. Elə bu günün özündə də turistlərin həvəslə üz tutduğu Basqal o zaman daha artıq qonaq-qaralı və izdihamlı olacaq. Həm də əminliklə onu da deyə bilərəm ki, o zaman Basqala gələnlərin daha çox maraq göstərəcəkləri ünvanlardan biri hazırda Basqal arxeoloji ekspedisiyası tərəfindən öyrənilən XVI əsrə aid Şeyx Məhəmməd Məscidinin ərazisi olacaq. İnsanlar məhz ora ilə tanış olmaqla Basqalın 1000 illik tarixinə səyahət etmiş olacaqlar.   

Tünzalə İsmayılova

Oxunma sayı 2150